“Danışıqlarda biz yox, qarşı tərəf pozucu rolundadır” – Fuad Çıraqov

16:52 14.02.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dünyamız 2020-ci ilə fərqli, həm də heç ürəkaçan olmayan hadisələrin müşayiəti ilə qədəm basdıq. Eyni zamanda, təəssüf ki, bir çox problemlərimizi də özümüzlə bərabər 2020-ci ilə daşıdıq. Qarabağ münaqişəsi həllini tapmadı, Xocalı faciəsi beynəlxalq müstəvidə siyasi qiymətini ala bilmədi və sair. Maraqlıdır, bu il problemlərin həlli istiqamətində uğurlar qazana biləcəyikmi, ümumiyyətlə, 2020-ci ildə daxili siyasi-iqtisadi müstəvidə hansı yeniliklərin şahidi olacağıq? Bütün bu suallara Beynəlxalq Münasibətlərin Təhlüli Mərkəzinin eksperti Fuad Çıraqovla söhbətimdə cavab tapmağa çalışdım.

- 2020-ci ildə ötən illərdən başlanan və xüsusilə keçən ildən vüsət alan siyasi dinamizimin daha da sürətlənəcəyini deyə bilərik. Bunu dövlət başçısının ötən müddət ərzində çıxışlarından, bəyanatlarından və qətiyyətli addımları deməyə əsas verir. Artıq 2019-cu ilin əvvəllindəki və sonundakı Azərbaycan eyni ölkə deyil, yeni reallıqlar yaranıb və onun konturlarını üzümüzə gələn ildə daha aydın görə biləcəyik. Dövlət başçısı ölkənin gələcək inkişafı, regionda lider mövqelərinin daha möhkəmləndirilməsi və rəqabət qabiliyyətinin artırılması istiqamətində böyük və strateji hədəflər qoyub.

- Təxminən 2 həftə sonra qanlı Xocalı soyqırımını növbəti dəfə anacağıq. Dünyanın bir qism ölkələri, hətta ABŞ-ın bəzi ştatları bu faciəyə siyasi qiymət versə də, ümumilikdə dünya birliyi susur. Sizcə nə etməliyik ki, faciəyə soyqırım deyən ölkələrin sayı artsın? Bir ekspert kimi deyin lütfən, bu soyqırımın baiskarlarının ədalət məkəməsinə cəlb olunması üçün hansı addımlar atılmalıdır?  

- Bizim işimiz əvvəldən çətin olub. Ermənilər onilliklərlə fəaliyyət nəticəsində 1990-cı illərin əvvəlindəki hadisələrə həm ölkənin xaricində, həm də beynəlxalq aləmdə bizdən daha yaxşı hazırlaşıblar. Biz daha doğrusu, heç nəyə hazır deyildik. Amma buna baxmayaraq, Azərbaycan xalqı və dövləti bütün təzyiqlərə və hücumlara sinə gələrək, özünü təsdiq edə bildi. Bu çox vacib məqamdır. Unutmayaq ki, biz hərfən dünyanın ən güclü lobbisi ilə üz-üzəyik. Mərhum Z.Bjezinski erməni lobbisinin gücünün ABŞ-dakı silah lobbisinin gücündən geri qalmadığını deyirdi. Ona görə, Xocalı soyqırımının tanıdılmasının belə çətinliklərlə üzləşir. Amma bütün maneələri nəzərə alsaq, əslində indiyə qədər aparılan fəaliyyəti çox uğurlu hesab etmək olar. Əsas fəaliyyətdə ardıcıllıq və davamlılıqdır. Davamlı fəaliyyət nəticəsində kiçik-kiçik uğurlarla və qələbələrlə nəticədə bir gün hamı bu faicənin baiskarlarını yaxşı tanıyacaq və heç kim özünü görməməzliyə vura bilməyəcək.

- Qarabağ münaqişəsinin həlli yönümündə ötən il nəticəyə vaılmasa da, Azərbaycan və Ermənistan nümayəndələrinin sonuncu dəfə keçirdiyi görüş hər kəsdə ümid yaradıb, amma şübhələr də qalmaqdadır. Çünki xeyli vaxt alan danışıqların mahiyyəti barədə bir kəlmə də olsun açıqlana verilmir. Necə bilirsiniz, bu danışıqlardan, Azərbaycan xalqı olaraq, müsbət nəsə gözləyə bilərik?

- Sonuncu görüşün nəticələrinə dair ATƏT-in Minsk qrupunun və Xarici işlər nazirlərinin bəyanatının mətnində çox vacib və diqqət çəkən bir ifadə vardı – “principle of confidentiality”. Məhz bu ifadə digər görüşlərdən fərqli olaraq orada hansı məsələlərin müzakirə edilməsi ilə bağlı mətbuata məlumat verilməməsinin səbəbidir. Hərfi tərcümədə bu məxfiçilik və ya danışıqların məxfi saxlanılması kimi başa düşülsə də, siyasi lüğətdə bu bir qədər daha geniş mənanı ifadə edir. Yəni, danışıqlar prosesi və detallar barəsində tərəflərdən hansısa biri açıqlama və bəyanat verməmişdən əvvəl qarşı tərəflə razılaşdırmalı və bu cür açıqlamalar ancaq ümumi prosesə tövhə verəcəksə tövsiyyə olunur. Tərəflər zərurət olmadıqda danışıqlarda müzakirə edilən konkret məsələlər haqqında bir tərəfin interpretasiyasına uyğun olan və hansısa konkret məlumatı daşıyan açıqlamalardan yayınmalıdırlar. Bu ifadədən o nəticəni çıxarmaq olar ki, bu ifadə konkret olaraq Ermənistan tərəfinə, onun danışıqlardan sonra özbaşına və danışıqlar prosesinə zərbə vura biləcək açıqlamalar verməsinin qarşısını almaq üçün üzərinə öhdəlik kimi qoyulub. Belə ki, əvvəllər dəfələrlə Ermənistan danışıqlardan sonra hər dəfə müzakirələri öz istədiyi və maraqlarına uyğun şərhlər verməklə dağıdıcı rol oynamışdı. Bütün bunların fonunda deyə bilərik ki, danışıqlarda təşəbbüs bizim tərəfdədi, danışıqlarda biz yox, qarşı tərəf pozucu rolundadır, verilən bəyanatın mətnindən də bu görünməkdədir. Həmin bəyanatın mətni və Paşinyanın xarici işlər nazirlərinin Qafandakı keçmiş hakimiyyətin danışıqlardakı mövqeyinə dair bəyanatı onu deməyə əsas verir ki, məsələ ilə bağlı İrəvana təzyiqlər də var.

- Yeri gəlmişkən, bu il Qarabağ münaqişəsinin həllinə nail ola və dolayısıyla işğal altındakı bölgələrimizi azad edə biləcəyikmi? Paşinyanın timsalında, Ermənistan hökuməti Azərbaycanla razılığa gələcəkmi? Axı Azərbaycan ərazi bütövlüyünü şərt qoyur, ermənilərin də öz tələbləri var...

- Məhz bu il torpaqlarımızı işğaldan azad edə biləcəyikmi sualına əminliklə müsbət cavab vermək çox çətindir. Bu hamımızın arzusudur. Məsələ burasındadır ki, Paşinyan hökuməti ölkə daxilində və xaricindən təzyiqlər altındadır. Onu daima Azərbaycana güzəştə getməyə hazır olmaqda və xəyanatda ittiham edirlər. Ona görə də Paşinyan daima radikal bəyanatlar verməklə əksini sübut etməyə çalışır. Bu vəziyyətdə onun fəaliyyət imkanları getdikcə daha da daralmaqdadır. Bütün proseslər yaxın gələcəkdə Ermənistanda müxtəlif siyasi qruplar arasında ziddiyyətlərin daha açıq formada qarşıdurma səviyyəsinə gəlib çıxacağını qaçılmaz edir və həm də Azərbaycan üçün imkanlar açır.

- Şəxsən ara-sıra səfər etdiyim xarici ölkələrdə söhbətlər zamanı ölkəmiz haqda ən çox eşitdiyim bir məqam var: Sizə əhsən ki, region qaynar qazana çevrilib, amma Azərbaycan sabit inkişaf edən, rahat, insanların təhlükəsiz yaşadığı ölkə olaraq hamını heyran edir. Buna görə Azərbaycan hökumətini təqdir edən sözlər eşidirəm. Bu sabitliyi qoruyub saxlamaq üçün nə etməliyik? Axı müharibə vəziyyətindəyik, qonşularımızın da heç birində siyasi-hərbi dinclik yoxdur. İran və Rusiya çox geniş sanksiyalar altında, Gürcüstan torpaqlarının bir hissəsi işğalda, Türkiyənin başında Suriya, Liviya, Aralıq dənizi dərdi var...

- Bu mürəkkəb coğrafiyada sabitliyimizin təminatı aparılan balanslı xarici siyasət strategiyasıdır. Bu xarici siyasət strategiyası özünü doğruldaraq zamanın sınağından keçib. Ona görə də bu sabitliyi saxlamaq üçün, həmin xarici siyasət strategiyasının təməl prinsiplərinə sadiq qalaraq, onu davam etdirmək lazımdır. Azərbaycan bir neçə ziddiyyələrin kəsişmə nöqtəsindədir. Bunlar ABŞ/Qərb - Rusiya, ABŞ - İran, İran - İsrail, İran - Səudiyyə Ərəbistanıdır. Azərbaycan özünün xarici siyasətində o unikal ölkələrdəndir ki, həmin ziddiyyətlərdən kənar durmaqla bu güc mərkəzləri ilə eyni zamanda öz milli maraqlarına uyğun olaraq əməkdaşlıq etməkdədir.

Oxunma sayı