Daşaltı əməliyyatındakı uğursuzluğun səbəbləri... – HƏQİQƏTLƏRİ POLKOVNİK AÇIQLAYIR

19:23 26.01.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Həmin uğursuzluğun ilkin səbəbi Şuşa türməsinə yığılmış erməni terrorçularının cəzasız şəkildə buraxılaraq separatçı-terrorçu rejimə qaytarılması oldu…

“1989-1990-cı illərdə keçmiş Dağlıq Qarabağın yalnız ermənilər yaşayan əsasən 3 kəndinə Ermənistandan hay terrorçuları  göndərilirdi. Onlar xaricdə və sovet ordusunda xüsusi təlim keçmişdi. Belə kəndlərdən ikisi Xocalı rayonunun Ballıca və Həsənabad kəndləri, digəri isə Şuşa rayonunun Daşaltı kəndi idi.  Həmin kəndlərin yerləşdiyi ərazi relyef baxımından artilleriya üçün əlçatmaz olduğundan erməni yaraqlıları üçün təhlükəsiz sayılırdı. Xüsusi təyinatlı erməni  terrorçularının məhz həmin kəndlərə yerləşdirlilməsinin əsas səbəblərindən biri bu idi. O yaraqlıların arasında atıcı silahlar, partlayıcılar, terror aktları, diversiya, kəşfiyyat və s. üzrə sağlam, iri gövdəli, idmançı mütəxəssislər var idi”.  

Bunu hafta.az-a açıqlamasında 30 il öncə Daşaltı əməliyyatının uğursuzluğa düçar olaraq onlarla döyüşçümüzün həlak olması ilə nəticələnməsinin əsas səbəblərindən danışan tanınmış Qarabağ qazisi, peşəkar kəşfiyyatçı polkovnik Azay Kərimiv söyləyib.

“Daşaltını da  Şuşadan topla, “Alazan”la, “Qrad”la vurmaq mümkün deyildi. Həmin kənddə yerləşmiş hay terrorçularının əsas vəzifəsi yaxınlıqdakı Şuşa-Laçın yolu ilə hərəkət edən azərbaycanlı avtomobillərinə, xüsusən günün qaranlıq vaxtlarında  atəş açaraq soydaşlarımızı qətlə yetirməklə əhalidə kütləvi xof yaratmaq idi. Eləcə də onlar Şuşa-Laçın arasındakı elektrik xətlərinin dirəklərini partladaraq rayon mərkəzləri və ətraf azərbaycanlı kəndlərinin günlərlə işıqsız qalmağına səbəb olurdular…

Bunu birinci dəfədir ki,mediaya açıqlayıram…Yadımdadır ki, 1991-ci ilin yayında  Şuşa rayon polis şöbəsinin rəis müavini Eldəniz Quliyevin rəhbərliyi ilə rayon polisi Daşaltıda ciddi şəkildə pasport-qeydiyyat yoxlaması apardı.  Mən də həmin əməliyyatda  post-patrul xidmətinin qərargah rəisi kimi iştirak edirdim. O vaxt biz Ermənistandan gəlmiş, Azərbaycanda, Daşaltı kəndində qeydiyyatı olmayan, eləcə də müxtəlif təxribat və terror aktlarında şübhəli bilinən bütün erməni kişiləri həbs edib Şuşa türməsinə topladıq. Öncəki söhbətlərimizdən birində dediyim kimi, Qarabağın digər şəhər və kəndlərində həbs edilmiş terrorçular da olduğu üçün Şuşa türməsi doldu və biz qalan terrorçuları, səhv etmirəmsə, musiqi texnikumunun zirzəmisində düzəltdiyimiz məkana yerləşdirdik. Təəssüf ki, cəmi bir neçə ay sonra, yəni 1991-ci ilin sonunadək həmin hay terrorçuları Moskvanın təzyiqi və Azərbaycan rəhbərliyinin qətiyyətsizliyi səbəbindən hissə-hissə Xankəndinə qaytarıldı. Həmin terrorçular arasında hətta Xocavənd rayonunun Qaradağlı kəndinin kənarındakı fermada bütöv bir azərbaycanlı ailəsini güllələyərək yandırmış ermənilər də var idi. O vaxt hadisə yerində olduğum üçün o dəhşətli mənzərə gözümün qarşısındadır.  O teraktı törədənlərin cəzasız şəkildə buraxıldığını hər yadıma salanda sarsılıram… Halbuki, Respublika Prokurorluğundan gəlmiş istintaq qrupu şəhid Baş Prokuror İsmət Qayıbovun da bilavasitə iştirakıyla digər erməni cinayətləri kimi, bunu edənlərin də günahını təsdiqləmişdi. Qalırdı onların məhkəmədə mühakimə olunaraq həbsə, yaxud o dövrün qanunlarına uyğun olaraq güllələnməyə məhkum edilməsi…  Və deyərdim ki, Xocalı, Qaradağlı, Meşəli və s. soyqırımları kimi, Daşaltı əməliyyatının faciəvi uğursuzluğunun da əsas səbəblərindən biri və ilkin səbəbi məhz Şuşa türməsinə və digər həbsxanalarımıza yığılmış erməni terrorçularının cəzasız şəkildə buraxılaraq Xankəndindəki separatçı-terrorçu rejimə qaytarılması oldu. Çünki nəticədə həmin hay terrorçuları daha qisasçı duyğularla yenidən silahlanıb bizə qarşı terakt və döyüşlər təşkil etməyə başladılar…    

Daşaltı əməliyyatının uğursuzluğa düçar olmasının ikinci əsas səbəbi həmin əməliyyatı o dövrdəki komandanlıq tərəfindən səriştəsiz, qeyri-peşəkar şəkildə hazırlanması oldu ki, bu haqda da çox danışılıb. Amma onu da deməliyəm ki, 1992-ci ildəki uğursuz Daşaltı əməliyyatınadək  ermənilər bizdən çox qorxurdu. Artıq Xankəndindən də Moskvaya kütləvi teleqramlar gedirdi ki, ya bizim müdafiəmizi təşkil edin, ya da şərait yaradın, biz buradan Ermənistana köçək…

Amma Allaha çox şükürlər olsun ki, 28 il sonra olsa da, nəhayət, ordumuz 44 günlük savaşda şəhid və qazilərimizin canı-qanı hesabına Daşaltı kəndini azad etdi və orada şəhid edilmiş onlarla döyüşçümüzün qisası alındı. Və bununla da terrorçu və işğalçı hayların Azərbaycan oğullarından qorxusu yenidən vicdansız ürəklərinə doldu… Allah həm son 30-33 ildəki bütün Qarabağ savaşlarımızdakı şəhdilərimizə rəhmət eləsin”- peşəkar döyüşçü polkovnik belə deyib.

Oxunma sayı 448
Gündəm rubrikasından digər xəbərlər