Daşqın tikinti sahəsini də vurdu: “Materialın qiyməti qalxacaq”

10:20 19.04.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın bəzi regionlarına təsir edən sel və daşqınlar səbəbindən tikinti sənayesində material qiymətlərinin artması gözlənilir.

Hafta.az-ın “Novıe İzvestiya”ya istinadən yazdığına görə, bir sıra regionlarda, xüsusən də Orenburqda vətəndaşlara məxsus çoxlu iqamətgah və digər əmlaka ziyan dəyib.

Portal təbii fəlakət nəticəsində zədələnmiş evlərin yenidən qurulması zamanı bazarda maddi tələbatın artması ilə əlaqədar 17-32 faiz artımın gözlənildiyini bildirib. Qiymətlərinin ən çox artacağı gözlənilən materiallardan biri də sementdir. Hazırda tonu 4-6 min rubl arasında satılan məhsulun qiymətinin 10 min rubla çata biləcəyi bildirilib.

Tikinti naziri İrek Fayzullinin də məsələ ilə bağlı Vladimir Putinə məlumat verdiyi də öyrənilib.

“Novıe İzvestiya” Rusiyada bu il də tikinti materiallarının qiymətinin qalxdığını, sel fəlakətinin vəziyyəti daha da pisləşdirəcəyini yazıb. Məsələn, portal Tatarıstanda ilin əvvəlindən polivinilxloridin qiymətinin 60 faiz, ağır beton növünün isə 12 faiz bahalaşdığına diqqət çəkib.

Oxunma sayı 50