Dəniz su samurları dişlərini necə qoruyurlar?

10:48 22.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Dəniz su samurlarının xərçəngkimiləri yeyərkən dişlərinə zərər verməmək üçün fərqli vasitələrdən istifadə etdikləri müəyyən edilib. Bundan əlavə, su samurunun dişiləri vasitələrdən daha çox istifadə edirlər.

Hafta.az-ın “Popular Science”a istinadən yazdığına görə, şimpanze və delfin kimi heyvanların alətlərdən istifadə etdiyi bilindiyi halda, Kaliforniya dəniz su samurlarını (Enhydra lutris nereis) araşdıran elm adamları bu növlərin də qidalanmaq üçün müxtəlif vasitələrdən yararlandığını görüblər.

Nəsli kəsilmək təhlükəsi ilə üzləşən Kaliforniya dəniz su samuru populyasiyası hazırda 3 minə yaxındır. Tədqiqatçılar qidalanma vərdişləri və ağız sağlamlığını öyrənmək üçün Amerika əyalətinin sahillərində yaşayan bu heyvanlardan 196-nı izləyiblər.

Elmi jurnalda dərc edilən araşdırmada dəniz su samurlarının zibildən tapdıqları şüşələr, həmçinin daş və qabıqlar kimi alətlərdən istifadə etdikləri qeyd olunub. Xərçəng, midyə, dəniz ilbizləri kimi sərt qabıqlı canlıların bu alətlərlə qabıqlarını açdıqları müşahidə edilib. Tədqiqatçılar Kaliforniya dəniz su samurunun daşdan istifadə edərək dəniz canlısının qabığını açması görüntülərini də qeydə alıblar.

Alimlər dişi dəniz su samurlarının daha çox alət işlətdiyini və dişlərinə daha az zərər verdiyini müşahidə ediblər. Tədqiqata rəhbərlik edən təkamülçü bioloq Kris Lav deyir ki, "Dəniz su samurları dişləri olmadan yemək yeyə bilməz və ölərlər. Dişilər daha çox alət istifadə etdikləri üçün ümumi olaraq dişlərinə bir qədər az ziyan vururlar".

Tədqiqatçılar hesab edirlər ki, balaları dünyaya gətirən və böyüdən dişilər alətlərdən istifadə edərək daha çox kalori qəbul etməyi bacarırlar. Erkəklərdən kiçik olan dişilər sərt qabıqlı heyvanları yeməyi bacarırlar. "Biz aşkar etdik ki, alətdən istifadə edən dişilər, alətdən istifadə edən və etməyən erkəklərə nisbətən 21-35 faiz daha sərt olan ovlarını yeyir, baxmayaraq ki, onların başları erkəklərinkindən kiçikdir və onlar o qədər sərt yeyəcəyi dişləyə bilmirlər" deyə Lav qeyd edir.

Məlumdur ki, dişi bonobolar, şimpanzelər və delfinlər erkəklərdən daha çox alətdən istifadə edirlər.

Lav bundan sonra alətdən istifadə edən dəniz su samurlarının reproduktiv uğurunun daha yüksək olub olmadığını araşdırmağı planlaşdırır.

Oxunma sayı 126