Deputat avtobusda qəzaya düşdü - GÜNÜN TƏZADLARI

18:47 30.10.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Böyük Millət Məclisinin müxalif Cümhuriyyət Xalq Partiyasından olan deputatı Mahir Polat avtomobil qəzasına düşdü. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, hadisə oktyabrın 30-da İzmir əyalətinin Bayandır rayonunda baş verib. Qəza nəticəsində millət vəkili yaralanıb. M.Polad Torbalı rayonundakı dövlət xəstəxanasına yerləşdirilib. Onun səhhətinin normal olduğu bildirilib. M.Polat tədbirə gedirmiş.

 

İsrailin bütün ölkələrdəki səfirlikləri bağlandı

İsrailin dünyadakı bütün səfirlik və konsulluqları İsrail vaxtı ilə 30 oktyabr saat 1:00-dan etibarən qeyri-müəyyən müddətə bağlandı. Hafta.az Musavat.com-a istinadla xəbər verir ki, “The Times of Israel” qəzetinin yazdığına görə, buna uzun müddət davam edən maliyyə mübahisəsi səbəb olub. Bağlanmasına dair mesajlar sosial şəbəkələrdə diplomatik nümayəndəliklərin səhifələrində də yayımlanıb: “Ziyarətçilərə xidmətlər göstərilməyəcək. Səfirliyə giriş bağlanıb”. Qəzetin yazdığına görə, səbəb ölkənin Maliyyə Nazirliyi ilə Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi arasında olan mübahisədən ibarətdir. Diplomatlar və hərbi attaşelər Maliyyə Nazirliyinin xərclərini azaltmaq cəhdlərinə görə tətilə başlayıblar. Agentlik xaricdəki işçilərin əvvəlki köçürülmüş pulları geri qaytarmalı olduqlarını açıqlayıb. Mübahisəli pulların həm səfirlik iqamətgahlarında qəbul üçün, həm də nəqliyyat xərcləri üçün nəzərdə tutulduğu qeyd olunur.

 

İraqda çobanlar “İŞİD”in xəzinəsini tapdı

İraq çobanları ölkənin qərbindəki səhrada “İŞİD” terror qruplaşmasının başçıları tərəfindən gizlədilmiş milyonlarla dollar məbləğində xəzinəsini tapdılar. Hafta.az Bizimyol.info-ya istinadla xəbər verir ki, bu barədə "Al-Arabiya" telekanalı bildirib. Məlumata görə, terror qruplaşmasının silahlıları Anbar əyalətindəki səhrada dollarları, qızılları və gümüşləri gizlədiblər. Bunların ümumi məbləği 25 milyon dollardır.

 

 Səudiyyə Ərəbistanına ovuc boyda dolu yağdı

Səudiyyə Ərəbistanı gözlənilməz təbii fəlakətlə qarşılaşdı.  Hafta.az Rusiya  mediasına istinadla verdiyi xəbərdə deyilir ki, krallığın şərqindəki bölgələrin birində insan tələfatına səbəb olan iri buz parçaları  yağıb. Hafr əl-Baten şəhərində ovuc boyda dolu yağması nəticəsində, azı, 7 nəfər ölüb, 11 nəfər yaralanıb. Dağıntılar ilə əlaqədar ölkənin təcili yardım xidmətlərinə vətəndaşlardan 1200-ə yaxın zəng daxil olub. Foto-şəkilləri sosial şəbəkələrdə dolaşan qeyri-adi ölçülü doludan onlarla maşın və ev zərər çəkib.

 

Sumqayıtda kişi su əvəzinə kimyəvi maddə içərək öldü

Sumqayıtda 79 yaşlı kişi səhvən kimyəvi maddə içərək dünyasını dəyişdi. Hafta.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 4-cü mikrorayonunda baş verib. Sumqayıt şəhər sakini, 1940-cı il təvəllüdlü Rəcəbov Sovet Müstəcəb oğlu öz evində səhvən su əvəzinə kimyəvi maddə içib. Yaşlı kişini dərhal xəstəxanaya çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır.

 

Bakı-Sumqayıt yolunda evakuator qəza törətdi

Bakı-Sumqayıt yolunda evakuator ilə avtomobil toqquşdu. Hafta.az-ın yazdığına görə, "Report" xəbər verir ki, 50-DA-813 dövlət nömrə nişanlı "VAZ 2106" avtomobil yolun ortasında idarəetməni itirib. Bu anda qarşı tərəfdən gələn 99-JP-098 dövlət nömrə nişanlı "Mercedes-Benz" markalı evakuator maşını ona dəyib. Qəza nəticəsində xəsarət alan olmasa da hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. Hadisə nəticəsində Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb. Əraziyə DYP əməkdaşları gəlib. Qeyd edək ki, evakuator maşını daha çox "156" kimi tanınan “Evakuasiya.Az” MMC-yə aiddir.