Dərdlərə dərmandı tut... - Menyu

14:39 10.06.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

 Ləzzətli və sevilən yay meyvəsi olan tut aprel və may aylarında çiçək açan ağacların bəhrəsidir. O, həmçinin ölkəmizin yerli iqlim şəraitinə uyğun olub, protein, mineral və dəmir tərkibi ilə xeyli zəngindir. Yarpaqları, meyvəsi və ağacı ilə faydalana biləcəyimiz bu meyvə olduqca möcüzəvi bitki hesab olunur. Qurusu da təzə tut qədər şəfalı olduğundan, o, başqa mövsümlərdə də əlçatandır. Quruluş etibarilə qabıqsız formadadır və bu səbəbdən həssasdır, çox yuyulduqda, yaxud isti havalarda qaldıqda tez xarab olur. Xüsusilə də ağacdan toplandıqdan sonra soyuducuda saxlanılmalıdır.  Ən çox rast gəlinən növləri isə ağ və qara tutdur.

Paytaxt küçələrində yolboyu tut ağaclarına addımbaşı rast gəlmək mümkündür. Tut, həmçinin qızdırmadüşürücü xüsusiyyətə də malikdir. Tərkibi “A” və “C” vitaminləri ilə zəngin olduğundan, immun sistemini yüksəltməyə xidmət edir.

Hafta.az-ın əməkdaşı mövsümün sevilən meyvəsi – tut haqqında yerli satış obyektlərində araşdırma apardı.

Qiymətlər

Hazırda bazarlarda və pərakəndə satış yerlərində daha çox satılan Maştağa tutudur. Ağ və qararəngli, iki çeşidi ilə piştaxtaları bəzəyən meyvənin 1 kiloqramı 2-3 manatdan başlayan qiymətlərlə müştərilərə təklif edilir. Xartutun isə qiyməti baha – 1 kiloqramı 6 manatadır. Əgər bir qədər israr etsəniz, satıcılar qiymətlərdə güzəştə getməyə də hazırdır. Satıcıların əksəriyyəti günboyu gələn bütün tutların axşama qalmadan satılıb-qurtardığını söylədi.

“8-ci Kilometr” bazarında satıcı işləyən Nabat xala deyir ki, meyvə həm yerli, həm də ki, təzə və keyfiyyətlidir. Elə bu səbəbdən, müştərisi var:

“Xartutun dadı o birilərindən daha yaxşıdır. Onu alan az miqdarda, ancaq yemək üçün alır. Bu tut həm də bol vitaminlidir. Ağ və qara tutu isə elə olur ki, kiloqramlarla satıram. Mürəbbəsi dadlı, bəhməzi də şəfalıdır”.

Alıcılar meyvəyə olduqca maraqlı görünürdü. Hiss edilir ki, tutun mənşəyindən bir qədər ehtiyat edirlər. Meyvə ilə maraqlanan paytaxt sakini deyir ki, qorxuram, birdən aldığım tut yolboyu gördüyümüz ağaclardan yığılmış olar:

“İndi kimi dindirirsən, deyir həyətimin meyvəsidir. Di gəl, gecə ilə magistral yolların üzərindəki tut ağaclarını çırpıb, səhər də həmin meyvəni satışa çıxaranlar var. Ona görə nə yalan deyim, bir qədər ehtiyat edirəm”.

Mətbəxdə yeri

Elə təmizlik demişkən, görəsən, bu həssas və qabıqsız bitkinin yanlış yuyularaq istifadə edilməsi nələrə gətirib çıxarır? Bu və digər suallarımızı isə qida texnoloqu Ağa Salamov cavablandırır. Mütəxəssis tutun mətbəximizdəki rolunu xüsusi vurğuladı:

“Təbii ki, belə faydalı bitki bolçeşidli mətbəximizdə yüksək qiymətləndirilib ondan müxtəlif növ təamlar hazırlanır.Tutdan milli mətbəximizdə cem və mürəbbə bişirmək mümkündür. Onun qurusu da olduqca faydalıdır. Çay içərkən şəkəri əvəz edə biləcək əla vasitədir”.

Ekspertin sözlərinə görə, tut mürəbbəsi hazırlayan zaman, adətən, doğru bildiyimiz bir neçə yanlışı edirik. Bunlardan biri də yuyan vaxt səhlənkarlıq etməkdir:

“Tut tər-təmiz yuyulmalıdır. Nəzərə alsaq ki, ağacda meyvənin üzərinə quşlar, həşəratlar qonur. Həmçinin magistral yolların üzərindəki ağaclara maşınların ziyanlı tüstüsü, yerdən qalxan toz-torpaq və müəyyən bakteriyalar hopa bilir. Buna görə də həm mürəbbə, həm də doşab hazırlayan zaman  tut yaxşıca yuyulmalıdır”.

Düzgün saxlanma qaydasına gəldikdə, A.Salamov bildirdi ki, tut soyuducuda +2 –4 dərəcədə 3 gün qala bilir:

“Təbii ki, üstü bağlı şəkildə qalmalıdır. Dərin dondurucuda isə üzərini kip bağlayıb, hətta qışa belə saxlamaq olar. Yaxşı olardı ki, tut qışa qurudularaq saxlanılsın. Dərin dondurucuda saxlanılan tut istehlak edilməzdən öncə mütləq şəkildə 5 saata qədər normal soyuducuda qalmalıdır”.

Qida texnoloqu tutun bilmədiyimiz bir neçə faydasını da bizlərlə bölüşdü:

“Həm ağ, həm də qara tut maddələr mübadiləsini sürətləndirir, həzmi yaxşılaşdırır. Tərkibi liflə zəngindir. Eyni zamanda tut çox yaxşı qanartırıcıdır. Ürək-qan-damar sistemi, qaraciyər, böyrəklərin fəaliyyətinə inanılmaz dərəcədə yaxşı təsir göstərir. Bundan başqa, qara tutda gənclik sirləri gizlənir. Bu da tərkibi zəngin olan maddələr ilə  əlaqədardır. Bu maddə, həmçinin tuta bənövşəyi rəng verən piqment də sayılır”.

Doşabın faydaları

El arasında bəkməz deyə bildiyimiz tutdan hazırlanan bu möcüzəvi vasitə başdan-başa bir mineral qaynağıdır. Əgər bənizi solmuş, qanı az olan birisini görsəniz ona gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı bəkməz içməsini söyləyin və 15-20 gündən sonra həmin insanın necə dəyişdiyini görəcəksiniz. Təsəvvür edin ki, 1 xörək qaşığı tut bəkməzini içmək 1 stəkan tut yeməyə bərabərdir, yəni 1 stəkanın içindəki minerallar 1 xörək qaşığına yığılmışdır.

Bəkməz qan azlığı, soyuqdəymələrdə, bronxitlərdə (çox yaxşı bəlğəmgətiricidir), qaraciyər xəstəliklərində, halsızlıqda, immunitet zəifliyində, sümük əyilmələrində və əriməsində (kalsium çatışmazlığında osteoporoz), ağız-boğaz yaralarında (doşab ağızda bir müddət saxlanılır, sonra udulur), tut bəkməzində sink çox olduğunda prostat problemi olanlar üçün çox faydalıdır. Bəkməz böyüməkdə olan uşaqlarımız üçün də mükəmməl qidadır, çünki uşaqların minerallara daha çox ehtiyacı vardır. Bəkməz qan damarlarının içini yağlardan təmizləyir, bununla da ürək və qaraciyərin daha yaxşı işləməsinə şərait yaradır.

Qeyd edək ki, Azərbaycanda doşabı həm də xurma və üzümdən hazırlayırlar. Lakin digərləri ilə müqayisədə tut bəkməzi çox istifadə olunan və belə deyək bəkməzlərin şahıdır. Ana südünü artırır, böyrək və sidik yollarının həm daş xəstəliyində, həm də iltihabi xəstəliklərində faydalıdır, əsəbləri sakitləşdirir, uşaqlarda beyin inkişafını sürətləndirir, mədə-bağısaq yaralarında çox faydalı olmaqla yanaşı, ağciyər xəstəliklərində də çox faydalıdır. Bəkməzi həm su ilə qarışdırıb içə, həm də gündə 3 dəfə yeməkdən əvvəl 1 xörək qaşığı içə bilərsiniz.  

Tut bəkməzini digərlərindən fərqləndirən isə onun spesifik iyi və dadıdır. Mütəxəssislər tut bəkməzini rənginə görə də fərqləndirməyi mümkün sayırlar.

 

Oxunma sayı 3779