Keçmiş ingilis futbolçu Devid Bekhemə məxsus “DB Ventures” şirkəti Rusiya bazarına doğru yeni addım atıb. Şirkətin adını daşıyan David Beckham brendi Rusiyada “Rospatent” tərəfindən qeydiyyata alınıb.
Hafta.az-ın “Moskvichmag”a istinadən yazdığına görə, brend mal və xidmətlərin beynəlxalq təsnifatı çərçivəsində 24-cü sinifdə qeydə alınıb. Bu o deməkdir ki, brend toxuculuq, mebel örtükləri, ağcaqanad torları, süfrələr, pərdələr, yorğanlar, mətbəx dəsmalları və yoqa ayaqaltıları kimi müxtəlif məişət əşyalarının istehsalı və satışı üçün istifadə edilə bilər.
“DB Ventures” 2014-cü ildə qurulan və Bekhemin kommersiya fəaliyyətini idarə edən şirkət kimi tanınır. Şirkət futbolçuların reklam sövdələşmələrindən tutmuş viski istehsalına qədər müxtəlif biznes sahələrini idarə edir. Rusiyada bu qeydiyyatdan sonra “Beckham” brendi ilə müxtəlif ev və bəzək məhsullarının satışa çıxarılması gözlənilir.
Sənaye ekspertləri bu addımın Rusiya bazarındakı boşluqlardan istifadə strategiyasının bir hissəsi ola biləcəyi qənaətindədirlər. Xüsusilə IKEA-nın Rusiyadan çəkilməsindən sonra ev dekorasiyasındakı çatışmazlıq yeni beynəlxalq brendlər üçün imkanlar yaradır.