Dinozavrlarda tüklərin təkamülü aydınlaşdırılıb

10:05 23.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Nadir dəri fosili sayəsində elm adamları dinozavrlarda tüklərin təkamülünə işıq saldılar. Məlum olub ki, bəzi lələkli dinozavrların dərisinin bir hissəsi pulcuqlarla örtülü olub.

Hafta.az-ın yazdığına görə, bir çox dinozavrın lələkləri olduğu bilinsə də, quşlar da bu canlılardan təkamül keçirib. Digər tərəfdən, alimlər pullu dəridən tüklüyə keçidlə bağlı dəqiq təsəvvürə malik deyillər.

İrlandiyanın Cork Universitet Kollecindən bir qrup və Çinin Nankin Universitetinin tədqiqatçıları dinozavr dərisini araşdıraraq bu proseslə bağlı bəzi sualları cavablandırıblar. 2021-ci ildə Nankin Universitetinə bağışlanan fosil erkən Təbaşir dövründə yaşamış tüklü dinozavr Psittacosaurus cinsinə aid idi. Bu dövrdə, təxminən 120-140 milyon il əvvəl dinozavrlar təkamüllə quşlara çevrilməyə başladılar.

Bu nadir dəri nümunəsini ultrabənövşəyi şüa altında araşdıran elm adamları sinə və qarın nahiyəsini əhatə edən pullu dəri parçaları ilə qarşılaşdılar.

“Nature Communications” jurnalında dünən nəşr olunan araşdırmanın həmmüəllifi Dr. Zixiao Yang deyib ki, "Fosil həqiqətən də gizli bir incidir" deyir və əlavə edir: "Dəri yalnız ultrabənövşəyi işıq altında, heyrətamiz narıncı-sarı parıltı ilə görünə bilər".

Tədqiqatçılar belə nəticəyə gəliblər ki, Psittacosaurus-un quyruğunda sərt, qısa tüklər var, bədəninin qalan hissəsi pulcuqlarla örtülüb. Elm adamları dinozavrın tüklü bölgələrinin qalıqlarına sahib olmasalar da, bu hissələrdəki dərinin quşların dərisinə bənzədiyini düşünürlər.

Məqalənin baş müəllifi professor Maria MakNamara "Kəşfimiz onu göstərir ki, bu quşabənzər yumşaq dəri əvvəlcə bədənin tüklü bölgələrində inkişaf etmiş, cildin qalan hissəsi isə bugünkü sürünənlərdə olduğu kimi pullu qalıb" deyib.

Çində tapılan fosilləşmiş dərinin şüşə ilə eyni birləşmədən ibarət olduğunu görən tədqiqatçılar heyrətə gəliblər. Onurğalı canlıların fosillərində belə qorunmuş nümunə ilə heç vaxt qarşılaşmadıqlarını ifadə edən Dr. Yang deyir: “Yəqin ki, kəşf edilməyi gözləyən gizli yumşaq toxumaları olan daha çox fosillər var”.

Fosilləşmiş tüklər üzərində çoxlu araşdırmalar aparılsa da, belə dəri nümunələri olduqca nadirdir. Bu səbəbdən dinozavrların pullu dərisinin tüklü bir quruluşa çevrilməsi prosesi, onurğalı canlıların təkamülündə aydınlaşdırılmağı gözləyən bir dövrdür və yeni araşdırma əhəmiyyətli bir boşluğu doldurur.

Oxunma sayı 204