Türkiyədə yaradıcılıq ezamiyyətində olan azərbaycanlı rəssam faciəvi şəkildə vəfat edib

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Mərhumun cənazəsi bu gün Ankaradan Bakıya gətirilir

Azərbaycanlı Rəssamlar İttifaqının üzvü, tanınmış rəssam Soltan Qara Türkiyədə yaradıcılıq ezamiyyətində olarkən 49 yaşında vəfat edib. Bakı İncəsənət Mərkəzinin direktoru Rafael Gülməmmədlinin verdiyi məlumata görə, rəssam oktyabrın 12-də Türkiyədə dünyasını dəyişib.
Onun sözlərinə görə, rəssam monumental əsər hazırlayarkən yıxılıb və gicgahı sərt yerə dəyib. Nəticədə rəssam vəfat edib: “Bu, hündürlüyün nə qədər olmasından asılı deyil. Çox pis yıxılıb və dərhal dünyasını dəyişib. Hadisə simpoziumda iştirak edərkən yüksəklikdə monumental əsər yaradarkən baş verib. Soltan elə yerindəcə dünyasını dəyişib“. Mərhumun cənazəsi bu gün saat 16:00-da Ankaradan Bakıya gətiriləcək. Soltan Qara Əmircan qəsəbəsində dəfn ediləcək. Qeyd edək ki, Soltan Qara 1962-ci ildə Əmircan qəsəbəsində anadan olub. Rəssam Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini bitirib. 1986-cı ildən sərgilərin iştirakçısıdır. 1988-ci ildən Bakı İncəsənət Mərkəzinin üzvüdür. 1990-cı illərdən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2000-ci illərdə ABŞ-da yaşayıb işləyib. Son dövrlərdə Bakıda bir sıra dekorativ kompozisiyalar yaradıb.
Nigar İxtiyarqızı