Bu gün Ümumdünya Gömrük Təşkilatının Brüsseldə keçirilən Gömrük Əməkdaşlıq Şurasının 133/134-cü sessiyaları başa çatıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən hafta.az-a verilən məlumata görə, sessiyaların sonuncu günündə imzalama və sənədlərin depozitə verilmə mərasimləri baş tutub, Maliyyə Komitəsinin büdcə və maliyyə məsələləri üzrə hesabatı dinlənilib.
Sessiyalarda həmçinin Potensialın Gücləndirilməsi üzrə direktor, Nəzarət və Asanlaşdırma üzrə direktor, Şura sədrinin müavinləri, Siyasi Komissiyanın və Maliyyə Komitəsinin üzvləri, sədri və sədr müavini, Audit Komitəsinin üzvləri, sədri və sədr müavini, Şura sədri vəzifələrinə seçilmiş namizədlər təsdiqlənib.
Əməkdaşlıq Şurasının bu gün keçirilən son iclasında Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Avropa Regionuna rəhbərliyi rəsmən təsdiqlənib. Eyni zamanda, Amerika Regionuna Dominikanın, Asiya-Sakit Okeanı Regionuna Hindistanın, Yaxın Şərq və Şimali Afrika Regionuna Bəhreynin, Şərqi və Cənubi Afrika Regionuna Botsvananın, Qərbi və Mərkəzi Afrika Regionuna Qvineyanın sədrliyi təsdiq edilib.
Avropa regionu üzrə Sədr müavini qismində Azərbaycan həm Şuranın, həm də Siyasi Komissiyanın sessiyalarında artıq regionun adından çıxış edərək, Avropa regionu gömrükxidmətlərinin maraqlarını qoruyacaq. Qeyd edək ki, ÜGT Avropa Regionu özündə 52 ölkə və Avropa İttifaqı olmaqla, toplam 53 üzvü birləşdirən ən böyük regiondur.
tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətində Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-mayoru Səhhət Həbibbəyli, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, komitənin aidiyyəti qurumlarının nümayəndələri də təmsil olunurlar.