Dövlət Miqrasiya Xidmətində www.migrationto.az saytının təqdimatı olub

14:08 23.01.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 23-də Dövlət Miqrasiya Xidmətində (DMX) yeni yaradılmış www.migrationto.az saytının təqdimatı olub.

Hafta.az xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun və qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri iştirak ediblər.

DMX-nin beynəlxalq əməkdaşlıq idarəsinin inspektoru Sevinc Məstiyeva bildirib ki, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəz (MSİBM) ilə birgə həyata keçirilən “Azərbaycanla yerdəyişmə üzrə tərəfdaşlığın icrasına dəstək” (MOBİLAZE) layihəsi çərçivəsində hazırlanmış migrationto.az veb-saytı respublikamıza səfər edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müvafiq dövlət qurumları tərəfindən göstərilən xidmətlər, o cümlədən ölkəmizin mədəniyyəti, tarixi, adət-ənənələri, turizm məkanları barədə məlumatlandırılması, eləcə də Azərbaycanın turizm və investisiya potensialının təşviq edilməsi məqsədi daşıyır. Hazırda üç dildə (Azərbaycan, rus və ingilis) fəaliyyət göstərən veb-saytın dil imkanlarının gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır.

Dövlət Miqrasiya Xidmətinin miqrasiya siyasəti və hüquqi təminat baş idarəsinin rəisi Vahid Qəhrəmanov yeni saytın mahiyyəti barədə məlumat verib. Bildirib ki, geniş spektrli səhifədən nəinki əcnəbilər, xarici ölkələrin Azərbaycandakı nümayəndəlikləri də yararlana biləcəklər.

Tədbirin sonunda Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyi və qanunvericiliyə edilmiş son dəyişikliklərlə bağlı məlumat verilib.

Sonra müzakirələr aparılıb.