Dövlət qulluqçularının peşə bayramıdır

09:21 23.06.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd edilir.

 

Hafta.az xəbər verir ki, 23 iyun dövlət qulluqçularının peşə bayramı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub.

 

Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix Azərbaycanda dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.

 

Ümummilli Lider Heydər Əliyevin ölkəmizdə müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafında, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda xidmətləri əvəzsizdir. Azərbaycanın sürətlə inkişaf edərək beynəlxalq nüfuzunu möhkəmləndirməsinin, mühüm regional aktora çevrilməsinin təməlində Ulu Öndər Heydər Əliyevin dövlət idarəetmə sistemində reallaşdırdığı islahatlar dayanır. Prezident İlham Əliyevin bu islahatları daha da genişləndirərək davam etdirməsi sayəsində ölkəmizin qüdrəti gündən-günə artmaqdadır. Əminliklə söyləmək olar ki, ölkəmizdə müasir tələblərə cavab verən dövlət idarəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb.

 

Müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanda hüquqi dövlətin qurulması, idarəetmə sisteminin təkmilləşdirilməsi, ölkənin daha yaxşı idarə olunması istiqamətində mühüm əhəmiyyətli tədbirlər görülüb, yeni idarəetmə orqanları yaradılıb. Bu orqanların dövlət quruculuğunda, ölkənin idarə olunmasında rolunu artırmaq, fəaliyyətini daha da səmərəli etmək üçün onların əsasnamə və nizamnamələrində, eləcə də strukturlarında müvafiq dəyişikliklər olunur, vəzifələri və funksiyaları dəqiqləşdirilir.

 

Azərbaycanda dövlət qulluğu sahəsində reallaşdırılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir. Bu Qanunla ölkəmizdə dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsası qoyulub, bu sahədə kadr siyasətinin əsas prinsipləri, dövlət qulluqçularının cəmiyyətdəki yeri, onların hüquq və vəzifələri müəyyənləşdirilib. “Dövlət qulluğu haqqında” Qanun qəbul edildikdən sonra mütəmadi olaraq təkmilləşdirilib, 180-dən artıq dəyişikliklə çox mükəmməl bir hüquqi akt yaradılıb.

 

Ölkəmizdə hər bir sahədə olduğu kimi, dövlət qulluğu sahəsində də islahatlar düşünülmüş şəkildə və müəyyənləşdirilmiş proqramlara uyğun aparılır. Bu baxımdan Prezident İlham Əliyevin 2018-ci il 23 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”ya uyğun olaraq 2019-cu ildə müəyyən edilmiş bir sıra tədbirləri, o cümlədən bu Strategiyanın icrası üzrə Fəaliyyət Planını qeyd etmək lazımdır. Bu plan əsasında müvafiq dövlət qurumları tərəfindən dövlət orqanlarının kateqoriya və iyerarxiyasının müəyyənləşdirilməsi, bu orqanların struktur bölmələrinin növləri və yaradılması qaydası, dövlət qulluğu vəzifələrinin növləri, təsnifatları və vəzifə adları, rəhbər vəzifəli şəxslər üçün insan resurslarının idarə edilməsi üzrə təlim modullarının və proqramlarının hazırlanması, kadr qurumlarının işçilərin sayına mütənasib olaraq təşkili, bu qurumların nümunəvi əsasnaməsinin hazırlanması, dövlət qulluqçularının peşəkar inkişafı və təhsili, onların məlumat bazalarının və reyestrinin yaradılması, dövlət qulluqçularına bərabər tutulan publik hüquqi şəxslərin əməkdaşlarının, statusunun müəyyən edilməsi və digər məsələlər öz həllini tapır. Müvafiq sənəddə bu sahədə hər bir dövlət qurumunun vəzifələri konkret müəyyənləşdirilərək lazımi göstərişlər verilib.

 

Dövlət qulluğu sahəsində aparılan islahatlar dövlət qulluqçularının məsuliyyətini gündən-günə artırmaqla yanaşı, onların hüquqlarının və vəzifələrinin müəyyənləşdirilməsi, bu sahədə olan boşluqların aradan qaldırılması üçün də müntəzəm iş aparılır.

Oxunma sayı 46