Dünəndən bəri sosial şəbəkələrdə Xüsusi Təyinatlı Qüvvələrin əfsanəvi taborunun döyüşçüsü, "Paşa" ləqəbli ehtiyatda olan baş gizir Əvəz Bani-Paşanın öz döyüş medalını Türkiyənin məşhur aktyoru Oktay Kaynarcaya hədiyyə verməsi geniş müzakirə obyektinə çevrilib.
Məlumat üçün deyək ki, bu barədə O. Kaynarca “İnstaqram” səhifəsində paylaşıb: “Dünən axşam Qarabağ qazisi olan qardaşlarımla bir arada idik. Qardaşlardan Əvəz Bani-Paşa sinəsindəki cəsarət medalını çıxarıb, döşümə taxdı. Həmişə qəlbimizin üstündə qalacaqsınız”, - deyə o qeyd edib.
Daha sonra qazimizin bu hərəkəti vətəndaşlarımız tərəfindən birmənalı qarşılanmayıb. Əksər insanlar onu əməlinə görə tənqid atəşinə tutub. Bir qrup istifadəçi iddia edir ki, qazilər öz medallarını satışa da çıxarırlar. Biz də yazılanların doğru olub-olmadığını araşdırmaq məqsədilə üz tutduq antik əşyalar, medallar və ordenlər satılan mağazalara.
Nəzərinizə çatdıraq ki, Xaqani küçəsində belə dükanlara çox asanlıqla rast gələ bilərsiniz.
Qarşımıza çıxan ilk belə mağazaya daxil olub satıcı Orxan bəylə ayaqüstü söhbət apardıq. O bildirdi ki, hazırda satışda olan medalların hər biri Sovetdən qalmadır. Onlara da maraq, demək olar ki, yox səviyyəsindədir:
“Hazırda bu gördükləriniz (qapıdan asılan medallar sancılmış tablonu işarə edir) müharibənin 50-60 illiyinə buraxılan medallardır. Üzərində oraq şəkli olanlar var ki, onları yaxşı işləyənlərə verirdilər. Satış qiymətləri 10-15 manatdır. Belə medalları alan, demək olar ki, yoxdur. Gümüşdən hazırlanmış bahalı medalları isə ara-sıra soruşub axtaran olur”.
Satıcıdan, həm də “Belə köhnə medalların saxtasını düzəldənlər olurmu?” – deyə soruşduq. “İndi hər şeyin saxtasını hazırlamaq çox asanlaşıb. Medalların da həmçinin”, – deyə Orxan bəy cavab verdi.
Satıcı onu da qeyd etdi ki, belə medal və ordenlərdə material yox, tiraj sayı və nəyə görə təqdim olunduğu qiymətə təsir edən əsas amillərdir:
“Tirajı az olan medallar daha bahalı sayılır. Bəzən gümüşdən hazırlanmış medal, qızıldan hazırlanandan daha baha olur. Burada əsas rolu material yox, digər amillər oynayır”.
Satıcı ilə sağollaşıb yolumuza davam etdik. Bu dəfə müstəqillik dövrü medallarının izi ilə gəlib çıxdıq “Xaqani” ticarət mərkəzində yerləşən antik əşyaların cəmləşdiyi xoşauralı mağazaya.
İçəridə çoxlu sayda köhnə qrammaofon, vallar, qədimi əşyalar, medallar və ordenlər var idi. Burada da müstəqillik dövrü medallarına rast gəlinmirdi. Medalların əksəriyyəti sovet dövrü insanlarına verilənlərdir. Əsasən çoxuşaqlı analara...
Həmsöhbətimiz deyir ki, o vaxt SSRİ dövlətinin çoxuşaqlı analara verdiyi medalların indiki qiyməti 300-500 manat arası dəyişir: “On uşaq olanda anaya qızıldan medal təqdim edilirdi. Bu medal da daha çox Azərbaycanda və Özbəkistanda verilirdi. Ruslar isə ümumiyyətlə bu medalı tanımırdılar. Onlarda vaxtilə 10 uşaq dünyaya gətirən yox idi. Həmin qızıl medalların əksəriyyətinin qiyməti 300-500 manat arasıdır. Elə bizdə satışda olanlar da belə köhnə medallardır. Düzünü desəm, Vətən müharibəsindən sonra təqdim olunan medalları satmaq üçün bizə təklif edən də olmayıb. İndi burada gördüyünüz ən dəyərli medallar XX əsrə aid olanlardır. Qiymətləri 30 manat civarındadır”.