DSMF-nin gələn il üçün gəlirləri və xərcləri açıqlanıb

17:55 22.10.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2020-ci il üçün gəlirləri 4825,51 milyon manat proqnozlaşdırılır. 

Bu barədə Azərbaycanın 2020-ci il dövlət büdcəsi zərfində bildirilib. Sənəddə qeyd edilib ki, bu, 2019-cu ilin dürüstləşmiş proqnozuna nisbətən 697,41 milyon manat və 16,89 faiz çoxdur. 

Fondun 2020-ci il üçün gəlirlərinin 70,31 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin ediləcəyi proqnozlaşdırılır. Bunun da məbləği 3392,60 manat olmaqla, 2019-cu ilin dürüstləşmiş proqnoz məbləği ilə müqayisədə 22,50 faiz və ya 623,23 milyon manat çoxdur. 

Büdcədən maliyyələşən təşkilatlar tərəfindən ödəniləcək məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozu 1407,60 milyon manat təşkil edir. Bu məbləğ 2019-cu ilin dürüstləşmiş proqnozuna nisbətən 313,06 milyon manat və ya 28,60 faiz çox olmaqla məcburi dövlət sosial sığorta haqlarından gəlirin 41,50 faizini təşkil edir. 

2020-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 58,51 faizi və ya 1985,00 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Bu da 2019-cu ilin dürüstləşmiş proqnozunun göstəricisinə nisbətən 18,52 faiz və 310,17 milyon manat çoxdur. 

2020-ci ildə qeyri-büdcə sektoru üzrə gəlirlər 2018-ci ilin faktiki göstəricisindən 495,49 milyon manat və ya 33,3 faiz çoxdur. Büdcədən maliyyələşən təşkilatlar üzrə proqnozlaşdırılmış məcburi dövlət sosial sığorta haqları isə 570,00 milyon manat və ya 68,05 faiz çoxdur. Qeyri-büdcə sektoru üzrə gəlirlər minimum əmək haqqı artımları, kölgə iqtisadiyyatının qarşısının alınması ilə bağlı həyata keçirilən tədbirlərin nəticəsində əmək ödənişlərinin leqallaşdırılması, ölkə üzrə qeyri-büdcə sahəsinin inkişaf aspektləri və bu sahədə aparılan davamlı islahatların nəticəsi hesablanmaqla proqnozlaşdırılıb. Büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmaların artımı isə dövlət orqanlarında qulluq keçən işçilərin əmək haqqı artımları nəzərdə tutulmaqla hesablanıb. 

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 80 milyon manat və ya 2019-cu ilin dürüstləşmiş məbləğinə nisbətən 15,94 faiz yuxarı proqnozlaşdırılır. 

2020-ci ildə dövlət büdcəsindən ayırmaların (transfertin) proqnozu 1426,91 milyon manat nəzərdə tutulur ki, bu, 2019-cu ilin təsdiq olunmuş dürüstləşmiş proqnozundan 74,18 milyon manat və ya 5,48 faiz çoxdur. Bu göstərici maliyyələşmə qaydası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 6.2-ci maddəsinə uyğun olaraq müəyyən edilən pensiya xərclərinin dövlət öhdəliklərinə aid hissəsinin ümumi məbləği dəqiqləşdirilənə qədər Fondun büdcəsinin balanslaşdırılması məqsədilə ayrılan vəsait kimi qiymətləndirilir. 

2020-ci ilin üçün transfertin miqdarı Fondun gəlirlərinin 29,57 faizini təşkil edir ki, bu da 2018-ci ilin (35,64 faiz) müvafiq göstəricisindən 6,07 faiz az, 2019-cu ilin (32,77 faiz) təsdiqlənmiş büdcəsi üzrə müvafiq göstəricidən 3,2 faiz azdır. Transfertin Fondun gəlirlərində xüsusi çəkisi 2018-ci ildə (35,6 faiz) 2017-ci ilə (38,1 faiz) nisbətdə 2,5 faiz azalıb, 2019-cu ildə (32,7 faiz) 2,9 faiz azalıb, 2020-ci ildə (29,57) isə 3,13 faiz azalıb. Həmçinin, Fondun xərclərində transfertin payı 2017-ci ilə nisbətdə 7,8 faiz, 2018-ci illə müqayisədə isə 6 faiz azalıb. 2018-ci il ilə müqayisədə əhaliyə ödənişlərin həcminin 1,08 milyard manat artması müstəvisində transfertin həcmi cəmi 89,61 milyon manat artıb. 

Sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmalar 6,0 milyon manat məbləğdə proqnozlaşdırılır. 

Fondun 2020-ci il üçün xərcləri 4825,51 milyon manat proqnozlaşdırılır ki, bu da 2019-cu ilin dürüstləşmiş proqnoz göstəricisinə nisbətən 697,41 milyon manat və ya 16,89 faiz çoxdur. Növbəti il üçün Fondun balanslaşdırılmamış büdcəsi isə 5986,1 milyon manat və ya proqnozlaşdırılmış xərclərdən 860,6 milyon manat çox hesablanıb.