Son günlər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında aparılan əməliyyatlar nəticəsində külli miqdarda korrupsiya, mənimsəmə hallarının aşkarlanması gündəmin əsas mövzularındandır. Bu əməliyyatlar bir daha sübut etdi ki, qanun hamı üçün birdir və dövlət başçısının etimadını doğrultmayan, vətəndaşların sosial rifah halına təsir edən pozuntulara yol verən hər kəs layiqli cəzasını alacaqdır. Sirr deyil ki, Azərbaycan dövlətinin ən çox diqqət yetirdiyi həssas bölgələrdən biri məhz Naxçıvandır. Hər il dövlət büdcəsindən muxtar respublikaya 500 milyon manat vəsait ayrılır. Burada quruculuq, tikinti, abadlıq işləri birbaşa Prezident İlham Əliyevin siyasətidir. Bu məqsədlə Naxçıvana lazımi vəsait ayrılır. Lakin dövlət başçısının məlum siyasətinə kölgə salmağa çalışan, bu məsələdə sui-istifadə, mənimsəmə hallarına yol verənlər sərt cəzalandırılacaq.
Bu gün Azərbaycanın digər bölgələrində olduğu kimi, Naxçıvanda da korrupsiya, dövlət vəsaitinin mənimsənilməsi hallarına qarşı sərt tədbirlər görülür. Yəni bu, ümumi prosesdir, fövqaladə heç nə baş vermir.
Bunu hafta.az-a Milli Məclisin deputatı Sahib Alıyev son günlər Naxşıvanda nazirlik və komitələrdə yüksək vəzifəli şəxslərin həbsləri, korrupsiya, yeyinti halları ilə bağlı aparılan istintaq araşdırmalarının ortaya çıxardığı istintaq faktları ilə bağlı açıqlamasında bildirib.
O, xatırladıb ki, son bir neçə ildə Azərbaycanda xeyli yüksək vəzifəli şəxslər, nazirlər , icra hakimiyyəti başçıları, generallar korrupsiyada təqsrili bilinərək istintaqa cəlb olunub, həbs ediliblər.
Deputat korrupsiya hallarına qarşı aparılan araşdırmaları Prezident İlham Əliyevin siyasi fəaliyyətinin prioritet istiqamətlərindən olan korrupsiyaya qarşı mübarizə tədbirlərinin davamı kimi önə çəkib. Bildirib ki, ölkəmizdə iqtisadiyyatın liberallaşdırılması, bürokratik əngəllərin aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi korrupsiyaya qarşı mübarizə tədbirlərinə əsaslanan ardıcıl hüquqi və institusional islahatlar indən sonra da davam etdiriləcək.