Dünya ölkələrində pensiyaya neçə yaşında çıxırlar? - ARAŞDIRMA 

10:48 17.06.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Neçə ildir ki, Azərbaycan ictimaiyyətini bir sual maraqlandırır: görəsən pensiyaya daha aşağı yaşda çıxmaq olarmı və ya ümumiyyətlə, Azərbaycanda mövcud pensiya yaşı yüksəkdirmi?

Əslində bu sual yalnız bizi deyil, bütün dövlətlərin əhalisini düşündürür. İnsanlar yaşamaq üçün müəyyən məbləğ qarşılığında ömür boyu işləyir, amma fiziki olaraq işləmək imkanları çətinləşəndə qayğı umurlar. Bu qayğını isə onlara ya övladları, ya da vətəndaşı olduqları dövlətin hökuməti göstərməyə borcludur. Pensiya isə həmin ahıl insanların yaşaması üçün lazım olan minimum ehtiyacı qarşılamaqdadır.

Bir maraqlı fakt da odur ki, dünyanın hər yerində kişi və qadınlar pensiyaya fərqli yaş dövründə çıxırlar. İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) məlumatına görə, Avropa ölkələrinin bir çoxunda qadın və kişilərin pensiya yaşında fərq qoyulmur. Amma qadına hörmət edib yaş həddini kişilərinkindən aşağı edən dövlətlər də az deyil. 

İndi də bu müstəvidə dünya ölkələrindən bəzilərində kişi və qadınların pensiyaya çıxma yaşını göstərən cədvəllə tanış olaq:

Dünyanın ən zəngin ölkələrindən olan Norveçdə qadın və kişilər eyni yaşda - 67 yaşını tamam etdikdə pensiyaya çıxırlar.

Yaxın Şərqin daha bir firavan ölkəsində - İsraildə isə qadınlar 62, kişilər 67 yaşında pensiya almaq hüququ qazanır. 

Coğrafi müstəvidə dünyadan təcrid olunmuş kiçik ada dövləti İslandiyada isə cins ayrı-seçkiliyi qoyulmur: həm qadınlar, həm də kişilər 67 yaşlarını tamamladıqda pensiyaya çıxırlar. 

Avropanın cənub dövləti İtaliyada cinslərə fərq qoyulur. Bu ölkədə qadınlar 65,6, kişilər isə onlardan bir il sonra - 66,6 yaşlarında pensiya almaq hüququ qazanırlar.

Başqa bir cənubi Avropa ölkəsi olan Portuqaliyada isə bütün sahələrdə olduğu kimi, gender bərabərliyi qorunur. Burada həm qadınlar, həm də kişilər 66,2 yaşlarında pensiyaya çıxa bilərlər.  

Dünyanın ən böyük iqtisadiyyatı olan ABŞ-da isə qadınların təqaüdəçıxma yaşı 65, kişilərinki isə 66-dır. 

Şərqi Avropa ölkəsi Polşada qadınlar 61, kişilər isə 66 yaşlarını tamamladıqda pensiya qalmaq şansı qazanırlar. 

Avropanın qərb sərhədində yerləşən İrlandiya ada dövlətində insanlar cinslərinə görə fərqləndirilmir. Bu ölkədə həm qadınlar, həm də kişilər yalnız 66 yaşlarında pensiyaya çıxırlar.

Bəs miqrantların yaşamaq üçün üz tutduqları Niderlandda vəziyyət necədir? Bu ölkədə qadınlar 65, kişilər isə 65,5 yaşlarında pensiyaya çıxırlar.

İndi də tarixən dünyada üstün svilizasiya rolunu oynamış Böyük Britaniyaya gələk. Bu krallıqda qadınlara 63, kişilərə isə 65 yaşında pensiya təyin edilir.

Dünyanın maliyyə mərkəzi olan İsveçrədə isə qadınlar 64, kişilər isə 65 yaşında pensiya alırlar. 

İnsan hüquqlarının ali olduğu deyilən İsveçdə insanlara cinslərinə görə fərq qoyulmur. Həm qadınlar, həm də kişilər 65 yaşlarını tamamladıqda pensiya hüququ qazanırlar. 

Avropanın daha bir güney ölkəsi olan İspaniyada həm qadınlar, həm də kişilər eynilə İsveçdə olduğu kimi, 65 yaşlarını tamamladıqda pensiyaya çıxırlar. 

İndi də gedək dünyanın ən cənub, coğrafi mənada təcrid olunmuş adalar ölkəsi Yeni Zelendiyaya. Burada istər qadın olsun, istərsə də kişi, 65 yaşlarını tamamladıqda pensiya hüququ qazanırlar.

Latın Amerikasının ən qələbəlik ölkələrindən olan Meksikada da hər iki cinsin nümayəndəsi fərqləndirilmədən - 65 yaşında pensiyaya çıxarılır. 

Bəs gündoğar ölkə Yaponiyada durum necədir? Bu özünəməxsus, mühafizəkar mədəniyyətli ölkədə də həm qadınlara, həm də kişilərə yalnız 65 yaşlarını tamamladıqda pensiyaya çıxmaq hüququ tanınır.

Avropanın lokomotivi sayılan Almaniyada insanlar bir az səbrli olmalıdırlar. Burada hər iki cinsin nümayəndələri bir az gec olsa da, eyni yaşda - 67 yaşda pensiya almaq hüququ qazanırlar.

Daha bir şimal ölkəsində - Finlandiyada isə həm qadınlar, həm də kişilər 65 yaşını tamam etdikdə pensiya ala bilərlər. 

Şimal ənənəsinə malik başqa bir avropa ölkəsində - Danimarka Krallığında da hər iki cinsin nümayəndələri eyni yaşda - 65 yaşı tamam etdikdə pensiya almaq hüququ qazanırlar. 

Dünyanın ən ucqar ölkələrindən olan Çilidə isə qadınlara böyük hörmək mövcuddur. Burada qadınlar 60, kişilər isə 65 yaşında pensiyaya göndərilirlər.

Amma Amerika qitəsinin şimalında yerləşən "xoşbəxtlər ölkəsi" Kanadada insanlara cinsinə görə fərq qoyulmur. Burada həm qadınlar, həm də kişilər 65 yaşda pensiyaya çıxırlar.

Eynilə Belçika Krallığında da oxşar vəziyyətdir. Burada da həm qadınlar, həm də kişilər 65 yaşları tamam olduqda pensiya ala bilərlər.

Avropa musiqisinin mərkəzi sayılan Avstriyada da qadınlara sayğı böyükdür. Burada qadınlar 60, kişilər isə 65 yaşda pensiyaya çıxırlar. 

Amma uzaq Avstraliya materik dövlətində durum fərqlidir. Bu ölkədə hər iki cinsin nümayəndələri 65 yaşlarını tamamladıqda pensiya ala bilərlər.

Macarıstanda da insanlara cinslərinə göə fərq qoyulmur. Amma burada hökumət bir az insaflı qərar qəbul edibr: qadınlar və kişilər eyni yaşda - 63 yaşında pensiya alırlar.

Kiçik Baltikyanı ölkə Estoniya da eyni vəziyyətdir: hər iki cinsin nümayəndələri 63 yaşında pensiyaya çıxırlar. 

Çexiyada isə qadınlar 62,3, kişilər 63 yaşında pensiya almaq hüququ qazanırlar. 

Latviyada yaş həddi bir az daha aşağıdır. Burada qadınlar 60,75, kişilər isə 62,75 yaşında pensiyaya göndərilir.  

Daha bir Şərqi Avropa ölkəsi olan Slovakiyada həm qadınlar, həm də kişilər 62 yaşını tamamladıqda pensiya ala bilərlər. 

Eynilə Yunanıstanda da oxşar vəziyyətdir. Bu ölkədə də hər iki cinsin nümayəndəsi 62yaşını tamamladıqda pensiya almaq hüququ qazanır. 

İndi də gələk dünyaya mədəniyyət yaydığını iddia edən Fransaya. Bu ölkədə həm qadınlar, həm də kişilr 61,6 yaşında pensiyaya çıxırlar.

Şərqi Asiyanın yüksələn ulduzu olan Cənubi Koreyada isə həm qadınlar, həm də kişilər 61 yaşında pensiyaya çıxırlar. 

Avropanın cırtdan Knyazlığında - Lüksemburqda hər iki cinsin nümayəndələri 60 yaşlarını tamam etdikdə pensiyaya göndərilirlər.

Sloveniyada isə qadınlar 59,3, kişilər 60 yaşında pensiya almaq hüququ qazanırlar.

Qardaş ölkə Türkiyədə vəziyyət necədir? Bu ölkədə qadınlara 58, kişilərə isə 60 yaşında pensiya almaq hüququ tanınır.

Doğma Azərbaycanda isə pensiyaya çıxmaq üçün təyin olunan yaş həddi həm qadınlar, həm də kişilər üçün 65 il nəzərdə tutulub. 

Oxunma sayı 4711