Dünya sürətlə səhralaşır  

19:36 09.09.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Dehlidə BMT-nin Səhralaşmaya qarşı Mübarizə Konvensiyası Tərəfləri Konfransının 14-cü sessiyası öz işinə başlayıb. Hafta.az BMT-nin rəsmi saytına istinadla xəbər verir ki, tədbir iştirakçıları quraqlığın təhlükəli nəticələrinə qarşı birgə mübarizə və torpaqların sürətlə deqradasiyasının, o cümlədən səhraşlaşmanın qarşısının alınması yollarını müzakirə edirlər.

Konvensiyanın icraçı katibi İbrahim Tiau konfransda çıxışı zamanı bildirib ki, dünyanın quraqlıq rayonlarında torpaqların deqradasiyası milyardlarla hektar ərazinin səhralaşmasına gətirib çıxarıb: “Bu rayonların əhalisinin təqribən yarısı yoxsulluq şəraitində yaşayır, həyat və sağlamlıq üçün ciddi təhlükələrlə üzləşirlər. Davamlı iqtisadi inkişafa nail olmağın yeganə yolu torpaqların bərpasına yönəlmiş layihələrə investisiya qoyulmasıdır. Hazırda torpaqların üçdə bir hissəsi deqradasiyaya məruz qalıb. Quraqlıq rayonlarda bu proses səhralaşmaya çevrilir. Qida məhsullarının 97 faizdən çoxu, habelə içməli su münbit torpaqlar hesabına yaranır. Torpağın münbitliyi ilbəil azalır. Torpağın karbonu udmaq qabiliyyətinin azalması isə iqlim dəyişmələrini sürətləndirir. Vaxtilə öz ölçülərinə görə dünyada dördüncü yeri tutan Aral dənizinin quruması ekoloji fəlakətlərin əyani nümunəsidir. Nəticədə, qiymətli balıq növlərinin, habelə regionda yaşayan vəhşi heyvanların nəsli kəsilib. Aral dənizinin qurumuş hissəsində sahəsi 5,5 milyon hektardan çox olan səhralar yaranıb. Digər tərəfdən, 2018-ci ildə Hindistanın şimal hissəsində güclü toz və qum tufanları nəticəsində 125 adam həlak olub. 2018-ci ilin mart ayında Avropada narıncı qar yağıb. Keçən il Türkmənistanın bir sıra vilayətlərində duz və qum yağması müşahidə olunub”.

Səhralaşma problemlərinə dair 14-cü konfrans sentyabrın 13-dək davam edəcək. Konfransda dünyanın 196 ölkəsinin hökumətlərinin, ictimai təşkilatların və özəl sektorun nümayəndələri iştirak edir. Gözlənildiyinə görə sessiyada 30 sənəd qəbul ediləcək. Bu sənədlər səhralaşmaya və torpaqların deqradasiyasına qarşı mübarizədə ölkələrə kömək edəcəklər.

Səhralaşmaya qarşı mübarizə barədə Konvensiya 1994-cü ildə Parisdə qəbul edilib və 1996-cı ildə qüvvəyə minib. Bu sənədin əsas məqsədi torpaqların münbitliyinin artırılması, torpaqların və su ehtiyatlarının qorunması və onlardan səmərəli istifadə edilməsi üzrə səyləri birləşdirməkdir.

Xatrladaq ki, səhralaşma planetimizin milyonlarla insanı üçün faciəli hadisə hesab edilir. Belə ki, səhralaşma torpağın və bitki örtüyünün deqradasiyası, onların bioloji və iqtisadi məhsuldarlığının azalması və ya tamamilə itirilməsi deməkdir. Səhralaşma zamanı məhsuldarlıq fəlakətli dərəcədə aşağı düşür, mal-qara tələf olur, su mənbələri quruyur, əkin sahələri şoranlaşır, qumluqlar yaşayış yerlərinə doğru hərəkətə gəlir, bunun nəticəsində yoxsulluq, aclıq və xəstəliklər baş verir. BMT ekspertləri səhralaşma prosesini və onun yayılmasını ekoloji vəziyyətin pisləşməsi kimi qiymətləndirirlər. Onların fikrincə, bu proses nəticəsində yarımquraq ərazilərin məhsuldarılığı səhra səviyyəsinə kimi enir. Bununla əlaqədar təbii landşaftlar aridləşir, kənd təsərrüfatı üçün yararlığı azalır və ya səhraya çevrilir.

Hazırda səhralaşmanın arealı çox sürətlə genişlənir. Hesablamalara görə, bir dəqiqə ərzində 20 ha münbit torpaq sahəsi səhraya çevrilir, il ərzində bu rəqəm 6 milyon hektara çatır. Planetimizdə 3,6 milyard ha sahə səhralaşmaya məruz qalıb. Bu Avropanın ərazisindən üç dəfə artıqdır və ya Yer kürəsi sahəsinin dörddəbiri qədərdir. Səhralaşma bütün kontinentlərdə (Antarktida istisna olmaqla) – dünyanın 110 ölkəsində mövcuddur. İnsan yaşadığı tarix boyu 1 milyard hektardan artıq məhsuldar torpağı səhraya çevirib. Antropogen səhralar planetimizin 6,7 faizini, yəni Avstraliyanın 1/4-dən artıq sahə tutur. Mütəxəssislər isə bitki örtüyünün tərkibinin dəyişməsi, torpağın eroziyası və şoranlaşması indiqatorluğu əsasında 4 səhralaşma dərəcəsi ayırır; məsələn:  zəif səhralaşma – bitki örtüyünün və torpağın zəif pozulması, məhsuldarlığın 10 faizdən az aşağı düşməsi ilə ifadə olunur. Orta dərəcə səhralaşma – mal-qaranın otarılması üçün qeyri-əlverişli şərait yaranır, torpağın eroziyası inkişaf edir, məhsuldarlıq 10-50 faiz aşağı düşür.  Yüksək dərəcə səhralaşma (güclü səhralaşma) – yem bitkiləri az qiymətli ot növləri və kollarla əvəz olunur, eroziya nəticəsində torpağın münbit qatı dağılır, məhsuldarlıq 50 faizdən çox aşağı düşür. Səhralaşmanın bu mərhələsində pozulmuş ərazinin bərpası yavaş gedir, yüksək kapital qoyuluşu tələb olunur.  Çox yüksək dərəcə səhralaşma (çox güclü) – bərpa olunmaz proses olub torpağın bərpası mümkün deyil.

Alimlərin fikrincə, güclü və çox güclü səhralaşmaya məruz qalan rayonlarda hazırda 78 milyon əhali yaşayır və onların böyük hissəsi (50 milyona qədər) səhralaşmanın əlverişsiz təsirinin bilavasitə acısını çəkir. Hesablamalara görə, səhralaşmaya məruz qalan torpaqlardan tam alına bilməyən ümumi məhsulun illik məbləği 16 milyard dollara yaxın təşkil edir. Uzun illərdən bəri hədsiz antropogen təzyiqin əlverişsiz hava şəraiti ilə qarşılıqlı təsirinin nəticələri səhralaşma prosesinin güclənməsinə səbəb olub. Ekspertlər qeyd edirlər ki, buna görə də bu prosesdə insanın və təbiətin iştirakının nə dərəcə olmasını ayırd etmək çətindir. Səhralaşmanın ən əsas səbəbi fasiləsiz olaraq meşə sahələrinin azalması nəticəsində kontinental su dövriyyəsi intensivliyinin aşağı düşməsi sayılır.

Məlum olduğu kimi, təbii meşələrdə Günəş radiasiyasının 90 faizi yarpaqlar tərəfindən udulur və transpirasiyaya sərf olunur, meşənin yerində insan tərəfindən yaradılan aqrosenozlarda Günəş radiasiyasının yalnız 40 faizi transpirasiyaya sərf olunur. Səhralaşma prosesində hədisz mal-qara otarılması da mühüm faktor sayılır. Quraqlıq ərazilərin çox hissəsi əkinçilik üçün az yararlı olduğundan maldarlıqda istifadə edilir. Bitki örtüyü davamlı olmayan belə sahələrdə mal-qaranın həddindən artıq toplanması nəticəsində əvvəlcə tədricən otlağın vəziyyəti pisləşir və məhsuldarlığı aşağı düşür. Bitki örtüyünün biokütləsi mal-qaranın tələbatını ödəmədikdə bitki örtüyü pozulur, torpaq dağılır və bu zaman səhralaşma prosesinə zəmin yaranır. Torpaqdan düzgün istifadə edilmədikdə (nəzarətsiz) də arid iqlimli rayonlarda səhralaşma prosesi baş verir. Bu rayonlarda səhralaşma əsasən suvarma ilə əlaqədardır. Dünyada suvarılan torpaqların 30 faizə qədəri şoranlaşmaya və şorakətləşməyə məruz qalıb. Dünyada hər il suvarılan torpaqların 1,5 milyon hektarı şorlaşaraq sıradan çıxır. Hesablamalara görə, Şimali Amerikada deqradasiyaya uğrayan suvarılan torpaqlar 28 faiz, Avropada 16 faiz, Avstraliyada 13 faiz təşkil edir. Rusiyada deqradasiyaya uğrayan suvarılan torpaqların sahəsi inkişaf etmiş ölkələrdən çox olub 35 faizə çatır.

Azərbaycanda isə səhralaşma prosesi əsasən dağətəyi, düzənlik və ovalıq ərazilərdə təbii, xüsusən antropogen amillərin təsiri nəticəsində baş verir. Bu ərazilərdə yağıntıların orta illik miqdarı 150-400 mm arasında tərəddüd edir, səthi buxarlanma yağıntının miqdarından 3-4 dəfə artıqdır. İqlim yarımsəhra və quru bozqır yarımtipinə aiddir. Hazırda səhralaşma prosesi Kür-Araz ovalığı üçün daha səciyyəvidir. Burada son illər əhalinin artması, kənd təsərrüfatı, o cümlədən heyvandarlığa olan tələbatın çoxalması, həmçinin təbii qaz və elektrik enerjisinin çatışmaması ilə əlaqədar torpaq və bitki örtüyünün ekstensiv istifadəsi nəticəsində antropogen səhralaşma prosesi güclənib.

Son araşdırmalar onu göstərir ki, hazırda dünyanın 151 ölkəsinin sakinləri qum tufanlarından zərər çəkir. 70 dövlət quraqlıqla üzləşib. Keçən il həmin dövlətlərin 25-də fövqəladə vəziyyət elan edilib. Ekspertlərin fikrincə isə torpaqların deqradasiyaya uğraması indiki sürətlə davam edərsə, bu, gələcək üçün ciddi təhlükə mənbəyidir. Səhralaşma və quraqlıq aclığa və yoxsulluğa gətirib çıxarır, sosial və iqtisadi gərginlik isə münaqişələrə yol açır.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.