Dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb - VİDEO

10:28 18.09.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.

Hafta.az xəbər verir ki, açılış mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.

“Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə işləri daim görməliyik. Sərginin əhatəli şəkildə təşkili valehedicidir. Düşünürəm ki, sərginin bundan sonra da gələcəyi var və o, daha da böyüməli, genişlənməlidir. Heydər Əliyev Mərkəzində gələn qonaqlar üçün Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”, - deyən Siyavuş Kərimi sərginin hər kəsin xoşuna gələcəyinə əminliyini bildirib.

Xalq artisti, tarzən, professor Ramiz Quliyev bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Azərbaycan musiqi alətlərinin tarixi eramızdan əvvəlki dövrə gedib çıxır. Bu gün beynəlxalq səviyyədə musiqi alətlərinin nümayişi dünyaya səs salacaq. Sərgi Azərbaycan xalqının, musiqi mədəniyyətinin gözəl səsini dünyaya çatdıracaq. Fəxr edirik ki, Azərbaycan xalqı musiqi sənətini, musiqi alətlərini qoruyur. Eyni zamanda çox sevinirik ki, dövlət Azərbaycan xalqının musiqi mədəniyyətini qoruyur. Sərgi dövlətimizin Azərbaycan muğamına, musiqisinə diqqət və qayışına bariz nümunədir. Ruhu oxşayan böyük bir iş görülüb”, - deyən Ramiz Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, ölkədə yaradılmış multikultural mühiti vurğulayıb. Azərbaycan xalqının tar, kamança, saz sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayan Ramiz Quliyev sərginin təşkilinə görə sənət dostları adından Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən muğam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam televiziya və beynəlxalq müsabiqələri nəticəsində onlarca gənc ifaçı bu sənətə gəlib. “Heç bir dövrdə bu qədər gənc ifaçı bizim sənətimizə gəlməyib. Əlbəttə, bu, dövlətimizin, xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sənətimizə olan diqqəti və qayğısı sayəsindədir. Bu sərgi də həmin qayğının bariz nümunəsidir. Azərbaycan musiqisinin, musiqi alətlərinin təbliği baxımından unikal bir sərgidir. Düşünürəm ki, bu, davamlı olacaq”, - deyə Mənsum İbrahimov qeyd edib.

31 ölkədən 200-dək musiqi alətinin nümayiş olunduğu unikal sərgi

Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.

Ekspoziyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

 

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti Alim Qasımov deyib: “Sərgi çox yüksək səviyyədə təşkil olunub. Doğrudur, xalq musiqisini anlamaq çətindir. Lakin burada sərgilənən musiqi alətləri, düşünürəm, sərgiyə baxan tamaşaçılarda xalq musiqisinə maraq oyadacaq. Digər tərəfdən, Heydər Əliyev Mərkəzinə xarici qonaqlar gəlir. Onlar bizim sənətə, mədəniyyətə, eyni zamanda, başqa xalqların mədəniyyətinə yüksək münasibətimizin bir daha şahidi olacaqlar. Həmçinin sərgi xalq musiqimizin təbliği baxımından əhəmiyyətlidir”.

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanın milli sərvətinə böyük qayğı və hörmət kimi qiymətləndirib. “Sərgi milli sərvətimizin nümunələrinin bədnam qonşular tərəfindən ələ keçirilməməsinə qarşı atılmış çox gözəl addımdır. Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımlıdır. Bu sərgidə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm”.

Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi başqa millətlərin öz tarixindən böyükdür”.

İtaliyalı opera müğənnisi Paolo Levontino (tenor) sərginin onda gözəl təəssürat oyatdığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük zövq aldığını deyib.

Xalq artisti Səkinə İsmayılova bildirib ki, əsrlərdən bəri gəlib bugünümüzə çatan muğam sənətinin gözəlliyi bu sərgidə əksini tapıb. İstər klassik xanəndələrimiz, korifeylərimiz, istər orta nəsil xanəndələrimiz, istər bugünkü gəncliyimiz – hər şey bu sərgidə çox gözəl əksini tapıb. Belə sərgilər, həmçinin muğam sənətimizin yaşamasına töhfə verir.

Xalq artisti Ağəli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünu təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılmsı baxımından geniş imkan yaradır.