“Dünyada erməni məsələsini təbliğ edən 450 vəqf, dərnək, institut var” – Süleyman Kocabaş

15:30 03.05.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“I Dünya Müharibəsində ingilislər, ərəblərlə yəhudilərdən, Rusiya isə Şərqi Anadoluda ermənilərdən öz məqsədləri naminə istifadə elədilər. Rusların müstəqillik vədlərinə uyan, günümüzdəki PKK-nın bənzəri erməni terror təşkilatları olan “Daşnaksütyun” və “Hıncak” silahlıları müharibədə türk əsgərləri arxadan vurdular. Hətta bu azmış kimi, yerli mülki erməni əhalini də təxribata sürükləyib, qiyama sövq etdirdilər. Onlar silahlanıb müsəlman türk, kürd və çərkəzlərə divan tutmağa başladılar. Nəticədə Osmanlı dövləti ruslarla əməkdaşlıq edən erməniləri “Təhcir Qanunu” , yəni “Köç etdirmə Qanunu”  ilə döyüş bölgəsindən köçürdü”.

Hafta.az-ın yazdığına görə, bu sözləri türkiyəli tarixçi-yazar Süleyman Kocabaş bildirib. Onun sözlərinə görə, isti dənizlərə enmə kimi özülsüz planlarını reallaşdırmaq istəyən ruslar, ermənilərdən ilk dəfə “vəkalət döyüşçüləri” olaraq I Pyotrun zamanında istifadə ediblər. İkinci dəfə 13 iyul 1878-ci ildə imzalanan Berlin Antlaşmasından sonra, ingilislər əsas rəqiblərindən olan Rusiyanın isti dənizlərə enmə xülyasının qarşısını almaq üçün bölgədə yaşayan ermənilərə müstəqil Ermənistan quracağı sözünü verib. Hətta həmin anlaşmada Şərqi Anadoluda “Erməni İslahatı Maddəsi” adıyla 23-cü maddə qeyd olunubmuş. Tarixçinin sözlərinə görə, sultan II Əbdülhəmid, islahatlar və ardıyla da gələcək muxtariyyətin müstəqilliklə nəticələnəcəyini düşünərək bu maddəni icra eləməyib. Buna qarşılıq olaraq, ingilislərlə ermənilər dünyanın diqqətini çəkmək üçün, hələ 1892-1900-cü illərdə bölgədə indiki PKK-nın etdikləri kimi terrorlara əl atmağa başlayırlar. O gündən bəri erməni xəyanət və silahlı hücunları ara vermir.

“Soyqırım müstəvisində dünyada ən böyük haqsızlığa məruz qalmış millət türklərdir” deyən Süleyman Kocabaş bildirir ki, əslində Avropada böyük gücə çevrilmiş dövlətlərin hər biri həm öz ərazilərində, həm də müstəmləkələrində mütləq kütləvi qırğınlar törədiblər. Amma özlərini elə aparırlar ki, türk milləti soyqırım törədib və bu yalanı dünyaya təşviq edirlər. “Əslinə baxılarsa, indiki çətin vəziyyətdə qalmamızın günahının bir qismi özümüzdədir. Çünki bu məsələylə bağlı bütün tarixi sənədlərin toplandığı arxivlərin əlimizdə olmasına baxmayaraq, vaxtında şantajçılara qarşı çıxmadıq və üzərimizə gələn ölkələrə sənəd-sübutlar əsasında doğru olanı anlatmadıq. Türkiyə hökumətlərinin prosesə münasibəti hər zaman populizmə əsaslanıb. Sadəcə hər zaman “Biz soyqırım törətmədik, bu fikirlər əsassızdır” dedik, amma böyük dövlətlər buna inanmadı. Lazım idi ki, əvvəlki türk hökumətləri hər zaman ciddi addımlar atıb, daha təsirli tədbirlər görsünlər. Qeyd edim ki, bu gün dünya üzrə erməni məsələsini istədikləri kimi təbliğ edən 450 vəqf, dərnək, institut və sair mövcuddur. Bizdə isə bu qurumlardan heç biri olmayıb”, - deyir Süleyman Kocabaş.

Balkanlarda və digər yerlərdə yaşayan türklərə edilən zülm barədə kimsənin səsini çıxarmamasına fikir bildirən Kocabaşa görə, Osmanlı süquta uğradılarkən Balkanlarda Yunanıstan, Serbiya, Monteneqro, Rumıniya, Bolqarıstan kimi “kiçik xristian dövlətlər” yaradılıb. “Ən pisi odur ki, bu dövlətciklər yaradılarkən ilk işləri ərazilərində irqçi addımlar atmaq olub. Əlbəttə ki, birmənalı şəkildə müsəlman türklər hədəf alınıb və imkan daxilində onlara daha çox ziyan vurmağa çalışılıb. Bu barədə biz demirik, amerikalı alim McKarfi öz kitablarında açıq-aşkar yazır. Qeyd edir ki, Balkanlardan 5 milyon müsəlman zorla köçürülüb və bir o qədəri də soyqırımlar nəticəsində qətlə yetirilib. Qısası, Osmanlının son dönəmində “müsəlmansız və türksüz Balkanlar” planı həyata keçirmək istəyiblər”, - deyir tarixçi yazar.  

Kocabaş deyir ki, Amerika və Avropanın bir çox ölkələrində tarixçilər doktorluq, dosent və professorluq dissertasiyalarını hər zaman xarici işlər nazirliklərindən alıblar. Odur ki, Türkiyədə də eyni addımlar atılmalıdır.

“Prezident Rəcəb tayyib Ərdoğan təkrar-təkrar deyir ki, gəlin tarixçilərdən ibarət komissiya yaradaq, hər ölkə öz arxivlərini açsın, məsələlərə siyasətçilər yox, tarixçilər qərar versinlər. Amma qarşı tərəf bunu qəbul eləmir. Çünki əsl günahkar özləridir və yaxşı bilirlər ki, arxivlər açılsa, yalanları üzə çıxacaq”, - deyir Süleyman Kocabaş.

Oxunma sayı 811