Dünyadan dəhşətli ağrılarla köçən Eldəniz Zeynalov

20:00 05.01.2015
Yazını böyüt
Yazını kiçilt

- İradə İsaq yazır

1936-cı il dekabrın 31-də Bakının Yuxarı Dağlı küçəsində divarın o üzündə Səməd Vurğun və Abdulla Şaiq ailəsi ilə Yeni İli qarşılayırdı. Divarın bu üzündə isə bir oğlan uşağı dünyaya gəldi. Məclisə xəbər gəldi ki, böyük səhnə ustası Həsənağa Salayevin bacısının oğlu olub. Səməd badə qaldırıb dedi: “Gülbənizimiz var, Aybənizimiz var, qoy o da olsun Eldənizimiz!”.

İllər ötəcək, yenicə dünyaya gələn bu oğlan uşağı Azərbaycanın böyük aktyoru, xalqın sevimlisi olacaqdı. Aktyor və insan kimi Eldəniz Zeynalovu bəxti gətirənlərdən saymaq olardı. Təsadüfən əlimə aktyorun 60 yaşı münasibətilə keçirilən yubiley kadrları keçdi. Burada 60 yaşlı Eldəniz Zeynalov hələ də Əməkdar artistdir. Ömrünün yarıdan çoxunu teatra həsr etmiş, olduqca təcrübəli və hamının sevimlisi olan Eldəniz Zeynalova Xalq artisti adı son nəfəsində verildi. 64 yaşında bu dünyadan, bu dünyanı ona mənasızlaşdıran insanlardan küskün getdi...

Son tamaşasına da baxmışdım. Bu, Əli Əmirlinin Bəhram Osmanovla işlədiyi “Köhnə ev” tamaşası idi. Aktyor dublyoru olan Siyavuş Aslandan xahiş etmişdi ki, “sən məşqlərə gəlmə, mən xəstəyəm, bəlkə son rolumdur, qoy özüm oynayım”. Siyavuş Aslan da onun sözünü yerə salmamış, bir bəhanə ilə tamaşadan üz döndərmişdi. Finalda dünyasını dəyişən Qüdrət Qurbanov obrazını da aktyor elə məharətlə oynadı ki, öz oğlu Elbrus belə atasının həqiqətən öldüyünü zənn edib, göz yaşlarını saxlaya bilməmişdi.

Gecikmiş şad xəbər

Ömrünün son günlərində, yəni artıq yaşlandığı, enerjisinin tükəndiyi, qazandıqlarının səfasını görməli olduğu dövrdə Eldəniz Zeynalov diqqətlərdən kənarda qaldı. Öz başını saxlamaq kimi təhlükəli bir yolla üzləşdi. Layiq oldu-olmadı hər adını sənətçi qoyanlara paylanan evlərdən ona verilmədi, Xalq artisti adını isə ölüm yatağında aldı. Elə ilk reaksiyası da belə oldu. Ömrü boyu gözlədiyi şad xəbərlə bağlı məlumatın dərc olunduğu qəzeti laqeydcəsinə kənara tulladı.

Artıq geriyə dönüş yox idi. O, ömür qatarının son dayanacağına gəlmişdi. İş qabiliyyəti tükənən Eldəniz Zeynalovun ruzi qapısı da bağlanmışdı. Baş çəkənləri də az idi. Ölümünə yaxın aktyor olmağına, kasıbçılıq içində can verməyinə təəssüflənirdi. Görəsən, aktyor olmağına, minlərlə insana, sənətinə bu qədər ürəkdən xidmət etməyinə dəydimi?

Eldəniz Zeynalov son günlərində çox arıqlamışdı. Düzdür, şəkər xəstəsi idi, qaraciyərində serroz vardı və ürəyi də ağır xəstə idi. Bu xəstəliklər onu üzmüşdü, amma öldürəcək həddə çatmamışdı, çünki orqanizm sağlam idi. Əslində, bunlara ulduz xəstəliyi də demək olardı. Çünki bütün bu fəsadlar içkiyə xeyli meyilli olmasında idi, bu hala da onu pərəstişkarları salmışdı. Bir çox aktyoru o biri dünyaya tez yollayan içki onsuz da Eldəniz Zeynalova da təsirini göstərəcəkdi. Amma onu bir anda bitirə bilməyəcəkdi bu xəstəliklər. Arif Quliyevlə bir tikə çörək üçün çıxdığı qastrol səfərindən Astaraya yollanarkən yolda Kürdəmir rayonunda bir tikə çörək yemək üçün maşını saxlayırlar. Yenə bir balaca “boğazlarını yaşlayırlar”. Eldəniz Zeynalov hündür pilləkənlərdən ehtiyatsızlıqla yıxılır, sınıq dəhşətli ağrılar verdiyindən onu tez Bakıya çatdırmağa çalışırlar. O, sağ budun burmalardan keçən qapalı sınığı diaqnozu ilə Travmatologiya və Ortpediya Xəstəxanasına yerləşdirilir. Stasionar tibbi kartında yazılıb ki, Eldəniz Zeynalov 26 sentyabr 2000-ci il axşam saat 19:00-da onlara müraciət edib. Travmatologiya bölməsinə onu növbətçi həkim Məmmədov qəbul edib. 18 noyabr 2000-ci ildə xəstəxananı tərk edib. 53 gün burada qalıb.

Üzücü xəstəliklə mübarizə

Xəstəxananın baş həkimi Tariyel Qasımov onun rengenoloji və laborator müayinələrdən keçirdiyini bildirdi. Daha sonra kardioqrama, USM edilir, ertəsi gün də həkimlərlə konsilium zamanı qərara alınır ki, Eldəniz Zeynalovun ürəyi, qaraciyəri sıradan çıxdığından, şəkər xəstəsi olduğundan, ilkin tibbi yardım doğru aparılmadığından və ağrılar çox olduğundan xəstə şoka yaxın vəziyyətdə olduğundan, aşağı ətraflarda damarların daralıb, qanın yaxşı işləməməsi səbəbindən onu cərrahi əməliyyat etməsinlər. Çünki xəstə əməliyyatdan çıxmaya bilərdi. Müalicə konservativ yolla aparılır. Yəni yük daşlarını artıraraq dartma üsulu ilə sümüklər birləşdirilir, gips qoyulur və sümüklərdə erkən mzaollaşma başlayır.

Oğlu Elbrus o zaman atasının vəziyyətinin çox ağır olduğunu xatırlayır: “Xüsusən ayağını drellə deşəndə o mənim adımı çəkib qışqırırdı, dözə bilmədim, ürəyim getdi. Özümə gələndə gördüm ki, onun halı bir az düzəlib. Amma ayağını düzgün bitişdirmədilər, 1 il ağrı ilə yaşadı, gəzə bilmirdi, ayağı o yerdən çürümə verdi, qan yaxşı işləmirdi, tərpənmirdi. Yalnız uzanırdı. Ayağı ətsizləşmişdi, inkişaf dayanmışdı. Ağrılar onun ömrünə son qoyurdu”.

İlboyu ağrılar dayanmadığı üçün onu Kirovskiy deyilən xəstəxanaya, daha sonra Şıxov sanatoriyasına aparırlar. Həkimlər heç cür sağalda bilmədikləri üçün onu əməliyyat etməyə məcbur olurlar. Bundan sonra Eldəniz Zeynalov huşunu itirir, 2 ay evdə huşsuz vəziyyətdə yatandan sonra 64 yaşında dünyasını dəyişir. Ondan sonra həyat yoldaşı da çox yaşamadı, 2006-cı ildə vəfat etdi.

Nigaran gediş

Eldəniz Zeynalovun 3 gənc övladı başsız qaldı. Bu 3 gəncin bir-birinə tutunmaqdan başqa çarələri qalmadı. 2 otaqlı soyuq evdə amansız həyatla üz-üzə qaldılar. Bəlkə də kiçik yaşlarından valideynləri vəfat etsəydi, onlara həyatla döyüşmək daha asan olardı. Amma məhz valideynin bu qədər vacib olduğu, oğul evləndirib, qız köçürməli bir vaxtda yalnız qaldılar. Bütün maddi və mənəvi çətinliklərlə, yəni hazırlıqsız bir məqamda üzbəüz qaldılar. Artıq bu 3 gəncin yaşı 30-u ötüb.

Eldəniz Zeynalov da son nəfəsində yaman nigaran idi övladlarından. Gücü bir parça kağıza çatdı. Onu da yastığının altından kənara apara bilmədi. Öləndən sonra bu kağız da tapıldı. Bu kağızı o həmkarı və yaxın dostu Mikayıl Mirzəyə və Telman Adıgözəlova yazmışdı: “Mən olmayandan sonra balalarımı sizə əmanət edirəm”. Amma özlərinin ailə problemləri onlara da bu uşaqlarla maraqlanmaq imkanı vermədi...

Heç vaxt toylara gedib tamadalıq etmədi Eldəniz Zeynalov. Komik aktyor kimi sevilməsinə baxmayaraq, pul xatirinə klounluğa bənzər şit səhnəciklərə qatılmadı, öz şəxsiyyətini qoruya bildi. Azərbaycan kinosu və teatrında olduqca maraqlı və orijinal obrazlar yarada bilən bu əvəzolunmaz sənətkar dayısı Həsənağa Salayevin kölgəsində qalmadı. 50-dək filmdə oynadığı obrazlar o qədər fərqli, təbii və ürəklərə yaxın idi ki, yaradıcılığında ilk filmi olan “Əhməd haradadır” filmindəki usta Əhmədlə başladığı karyerası onu çox uzaqlara apardı, şöhrətin zirvəsinə qaldırdı. Onu etinasızcasına itirməklə uduzan yalnız Azərbaycan mədəniyyəti oldu.

Eldəniz Zeynalov bu dünyada yerbəyer edə bilmədiyi 3 övlad qoyub gedib. Onları ömrü boyu xidmət etdiyi Azərbaycan dövlətinə, güvəndiyi dostlarına etibar etməkdən başqa yolu yox idi. Biz bu borcların öhdəsindən hələ də gələ bilmirik...

P.S. İradə İsaqın bütün araşdırmalarından istifadə zamanı müəllifə istinad edilməsi vacibdir.

 

rubrikasından digər xəbərlər