Dünyanın heç bir ölkəsində tamamilə azad, müstəqil media yoxdur, amma... –Etibar Məmmədov

11:49 22.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Təəssüf ki, bir çox digər sahələrdə olduğu kimi, mətbuatda da “hərşeyşünaslıq” meydan sulayır. Bildiyi, bilmədiyi hər sahədən danışan siyasilərimiz kimi, jurnalistlərimiz də var. Və bu da hər şeydən öncə keyfiyyəti aşağı salır və cəmiyyətdə mətbuata inamsızlıq yaradır”. Bu fikirləri 22 İyul - Milli Mətbuat Günü münasibətilə hafta.az-a açıqlama verən AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov ifadə edib.

“Son onilliklərdə çox çətin yollardan keçmiş Azərbaycan mətbuatı bu gün o qədər də yaxşı vəziyyətdə deyil. Yəni mən arzu edərdim ki, ilk növbədə jurnalistlərin peşəkarlıq səviyyəsi yüksəldilsin. Və Azərbaycan mətbuatı üçün də elə bir şərait yaradılsın ki, o, doğrudan da müstəqil, azad, sərbəst olsun, maddi, siyasi asılılığı azalsın...

Düzdü, dünyanın, demək olar ki, heç bir ölkəsində tamamilə azad, müstəqil media yoxdur. Hər yerdə media vasitələrinin ya iqtisadi, ya siyasi, ya da inzibati cəhətdən hansısa asılılıqları var. Amma mətbuata maksimum dərəcədə azadlıq vermək lazımdır ki, jurnalistlər fikirlərini sərbəst ifadə edə bilsinlər. Yəni ən əsası da qəzet, sayt, radio, telekanallara və s. özlərinin qanuni qaydalarla pul qazanmasına imkan verilməlidir ki, onlar nə dövlət, hökumət qurumlarından, nə də ayrı-ayrı adamlardan, şirkətlərdən asılı olsunlar. Yalnız o halda azad, sərbəst mətbuat formalaşa bilər” – deyən istiqlalçı deputat jurnalistikada ayrı-ayrı sahələr üzrə ixtisaslaşmanın vacibliyinə xüsusi önəm verdiyini də bildirib.

“Digər tərəfdən isə ixtisaslaşma, peşəkarlaşma mətbuatın özündən asılıdır. Yəni konkret olaraq siyasi icmala, yaxud iqtisadi icmala və s. meyilli ixtisaslaşmış müxbirlərin sayı artırılmalı, siyasət, mədəniyyət, idman, elm və digər sahələrdə peşəkar jurnalistika mütəxəssisləri irəli çıxarılmalıdır. Hələlik isə, təəssüf ki, bir çox digər sahələrdə olduğu kimi, mətbuatda da “hərşeyşünaslıq” meydan sulayır. Bildiyi, bilmədiyi hər sahədən danışan siyasilərimiz kimi, jurnalistlərimiz də var. Və bu da hər şeydən öncə keyfiyyəti aşağı salır və cəmiyyətdə mətbuata inamsızlıq yaradır. Ona görə də bir daha mediada peşəkarlığın artırılmasını arzulayardım” – deyə Etibar Məmmədov vurğulayıb.

Oxunma sayı 213