Ekologiyanın qorunmasına könüllülər dəstək verəcək

20:40 02.08.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda ətraf mühitin mühafizəsi üçün yeni hərəkata start verilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi meşə və yaşıllıqların qorunması, yaşıllıq sahələrinin genişləndirilməsi işinin kütləviləşməsi, vətəndaşların ekoloji məsələlərə həssaslığının artırılması və ictimai nəzarətin daha da gücləndirilməsi məqsədilə “Təbiətin dostu” ekoloji könüllülər hərəkatının təşkilinə start verib. Sözügedən Nazirliyin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Səyyarə Məmmədova deyib ki, artıq meşə və yaşıllıqların qorunması istiqamətində əhali arasında təbliğat və maarifləndirmə işləri aparacaq bir qrup şəxsə “Təbiətin dostu” adlı emblemlər təqdim olunub: "Nazirlik təbiətsevərləri, yaşıllıq sahələrinin qorunmasına biganə qalmayan vətəndaşlarımızı “Təbiətin dostu” hərəkatına qoşulmağa dəvət edir".

Yeri gəlmişkən, dünən hakim Yeni Azərbaycan Partiyası (YAP) və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) birgə təşkilatçılığı ilə keçirilən “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” adlı yay məktəbinin bağlanış mərasimi olub. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov, deputatlar Hüseynbala Mirələmov, Rauf Əliyev və gənclər iştirak ediblər.

Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib ki, "Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusundakı yay məktəbi ETSN və YAP-ın birgə həyata keçirdiyi ilk layihə deyil: "Bu günə qədər çoxlu aksiyalar keçirilib. Belə tədbirlərdən biri ötən il baş tutan "Hərəyə bir ağac əkək" kampaniyası idi. Kampaniya nəticəsində 700 mindən çox ağac əkdik. Təbii ki, bu, davamlı prosesdir. Ekologiya və ətraf mühit hər bir ölkəni narahat edən məsələdir. Belə aksiyalar təkcə Bakını deyil, bütün regionları əhatə edəcək”.

Nazir müavini qeyd edib ki, bu yaxınlarda “Təbiətin dostu” adlı böyük aksiyaya başlanılıb.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzov isə deyib ki, ekologiya insan həyatı üçün əsas məsələlərdən biridir: "Yeni Azərbaycan Partiyası olaraq ekologiyaya aid layihələrin hər birində aktiv olmağa çalışırıq. Bundan sonra Bakı və digər rayonlarda keçirilən ağacəkmə aksiyalarının hər birində iştirak edəcəyik. Xəzərin və onun ətrafının təmizliyi ilə bağlı yeni layihə başlayır".

S.Novruzov vurğulayıb ki, indiyədək 500-ə yaxın gənc yay məktəblərində iştirak edib.

Qeyd edək ki, ətraf mühitin mühafizəsi humanitar xarakterli qlobal problemdir. Əlverişli ətraf mühit yaradılmasının şərtlərindən biri ətraf mühitdə baş verən proseslər haqqında, ekoloji qanunauyğunluqlar haqqında biliklərə yiyələnməkdir. İndiki dövrdə ətraf mühitlə bağlı mövcud vəziyyət hər bir ölkəni ekoloji problemləri ümumbəşəri kontekstə çıxarmağa məcbur edib. Bu gün artıq ətraf mühitin mühafizəsi məsələləri aparıcı beynəlxalq təşkilatların proqram sənədlərində öz əksini tapıb. Ölkənin ekoloji strategiyası, ətraf mühitin qorunması sahəsində fəaliyyətin koordinasiyasının gücləndirilməsi yolu ilə milli, beynəlxalq və regional səviyyələrdə təbii ehtiyatların mühafizəsi, elmə əsaslanan inkişaf prinsiplərinin tətbiqi, indiki və gələcək nəsillərin maraqlarını təmin edən ölkənin iqtisadi və insan resurslarının istifadəsində davamlılığın təminatına yönəlib.

Cəmiyyətlə təbii mühitin qarşılıqlı təsiri indiyə kimi əsasən kortəbii baş verib. Bu gün məlum olub ki, cəmiyyət təbiətin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürməli, kortəbii qarşılıqlı təsirdən şüurlu istiqamətləndirməyə keçməlidir. Bəşəriyyət indi daha başa düşür ki, təbiətin imkanları, indiki və gələcək nəsillərin maraqları nəzərə alınmadan biosferin ehtiyatlarını və yerin başqa sərvətlərini intensiv və kortəbii mənimsəmək olmaz.

Məlumat üçün vurğulayaq ki, dünyanın əksər ölkələrində yaranmış ekoloji problemlərin həll edilməsi üçün bir neçə yoldan istifadə edilir. Bu yolları 3 böyük qrupda birləşdirmək olar. Birinci qrupa müxtəlif təmizləyici qurğuların tikilməsi, zibillərin məhv edilməsi və emalı, torpaqların rekultivasiyası aiddir. İkinci qrupa təbiəti qoruyan, prinsipcə yeni texnalogiyanın işlənib hazırlanması və tədbiq edilməsi, az tullantılı istehsal sahələrinə keçmək, alınan tullantıları emal etmək, dövriyəli su təchizatı sisteminə keçmək aiddir. İnsanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün çox çirkli istehsal sahələrinin düzgün yerləşdirilməsi lazımdır. Onların iri şəhərlərdən köçürülməsi, əhalinin çox cəmləşdiyi rayonlardan uzaqlaşdırılması zəruridir. Təsərrüfatın ən çirkli sahələrinə kimya, neft-kimya sənayesi, qara və əlvan metallurgiya, İESlər, tikinti materialları aiddir. İqtisadi cəhətdən inkişaf etmiş ölkələr artıq çoxdan ətraf mühitin qorunmasına yönəldilən ekoloji siyasət həyata keçirir. Son vaxtlarda belə bir siyasət bəzi inkişaf etməkdə olan ölkələrdə (İEÖ) aparılır. Dünyanın ayrı-ayrı regionlarında təbiəti mühafizə sahəsində BMT tərəfindən də xeyli işlər görülür. Bu sahədə fəaliyyətin nizamlanması üçün təbii ehtiyatlardan səmərəli istifadə və ətraf mühitin qorunması üzrə təşkilat ( YUNEP)yaradılıb. Təbiəti mühafizə sahəsində "Təbiətin qorunması üzrə Ümumdünya Xartiyası" qəbul edilib. Bu sahədə görülən işlərin ən mühümü xüsusi qorunan təbii ərazilərdir.

Yeri gəlmişkən, Azərbaycan da zəngin təbii sərvətlərə və inkişaf etmiş sənaye sahələrinə malik olan bir dövlətdir. Lakin uzun illərdən bəri yığılıb qalmış ekoloji problemlər vaxtında öz həllini tapmadığı üçün respublikamızın ətraf mühiti həddindən artıq çirkləndirilib. Hazırda respublikamızda həllini gözləyən bir sıra ekoloji problemlər var. Su hövzələrinin, o cümlədən Xəzər dənizinin məişət və sənaye sularının tullantılar ilə çirkləndirilməsi, Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə əlaqədar vurulan ziyanlar, atmosfer qatına zərərli qazların yol verilən normadan artıq atılması, biomüxtəlifliyin azalması, torpaqların eroziyaya uğraması və şoranlaşması, sənaye və məişət tullantılarının utilizasiyası və s. Lakin bu problemlərin həlli istiqamətində son illər müxtəlif mühüm qərarlar qəbul olunub. Dövlət başçısı İlham Əliyev tərəfindən sənədlər imzalanıb və aidiyyəti qurumlar tərəfindən ciddi görülüb ki, bunun da müsbət nəticəsi müşahidə olunmaqdadır. . Bu gün ətraf mühitin mühafizəsi Konstitusiyada, prezident fərmanlarında, hökumət qərarlarında öz əksini tapır. Sözsüz ki, Azərbaycanın sabit inkişafı ekoloji problemlərin həllindən də çox asılıdır.

Qeyd edək ki, Azərbaycanda ətraf mühitin mühafizəsi sahəsində görülən işlər beynəlxalq təşkilatların da diqqət mərkəzindədir. Məsələn, bir neçə il bundan əvvəl ABŞ-ın Yel və Kolumbiya Universitetləri tərəfindən hazırlanan “Beynəlxalq Ekoloji Fəaliyyətin Nəticələrinin İndeksi” (Environmental Performance Index) adlı sənəddə göstərilib ki, Azərbaycan ətraf mühitlə bağlı xəstəliklərin azalması sahəsində birinci yerdədir. Buna insan sağlamlığına mənfi təsir edən ekoloji problemlərin aradan qaldırılması istiqamətində görülmüş işlər zəmin yaradıb. Belə ki, təhlükəli tullantıların idarə olunması sahəsində dəyişikliklər, o cümlədən 300 min tona yaxın civə tərkibli toksiki tullantıların müasir təhlükəli tullantılar poliqonunda tam zərərsizləşdirilməsi, əhalinin içməli su ilə, o cümlədən regionlarda 340 minə yaxın əhalinin Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə cavab verən içməli su ilə təmin edilməsi, bərk məişət tullantıları və çirkab suların idarə olunmasındakı irəliləyişlər, neftlə çirklənmiş ərazilərin reabilitasiyası və s. belə nəticələrin əldə olunmasına gətirib çıxarıb.

Bununla yanaşı məlum məsələdir ki, ekologiyanın qorunması tək dövlətin işi deyil. İnsan amili ekoloji problemlərin yaranmasında nə qədər böyük rol oynayırsa, ekologiyanın qorunması və bərpasında da o qədər mühüm əhəmiyyətə malikdir. Planetimizin ekoloji problemlərinin kəskinləşdiyi indiki zamanda hər birimiz təbiətin qorunmasında öz məsuliyyətimizi dərk etməliyik.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.