Bu status-kvo sonsuzluğa qədər belə davam edəcəksə...

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Əli Həsənov: “Azərbaycan bunu gözləyə bilməz“

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud status-kvonun saxlanması regionda yeni müharibənin başlanmasına səbəb ola bilər. Bunu jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib. Onun sözlərinə görə, “Azərbayan dəfələrlə bəyan edib və beynəlxalq aləm də Azərbaycanı məhz bu yoldan çəkindirməyə çalışıb ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün müharibəyə əl atmasın:

“Amma dəfələrlə Azərbaycan Prezidenti bəyan edib ki, Azərbacanın səbrinin də bir həddi var. Bu status-kvo sonsuzluğa qədər belə davam edəcəksə, Azərbaycan bunu gözləyə bilməz. Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək üçün ixtiyarında olan həm hüquqi, həm də digər vasitələrdən istifadə edəcək“. PA rəsmisinin fikrincə, bu baxımdan son zamanlar beynəlxalq aləm, xüsusən də ATƏT-in sülhyaratma missiyasında iştirak edən Minsk Qrupunun həmsədrləri təkidlə mövcud status-kvonun dəyişdirilməsini tələb edirlər, bunun saxlanmasını qəbulolunmaz sayırlar: “Azərbaycanı da bu status dəyişənə qədər başqa vasitələrə əl atmaqdan çəkindirməyə çalışırlar. Amma Azərbaycan militarist dövlət deyil. Azərbaycan heç kimin torpaqlarında gözü olmayan bir dövlətdir. Azərbaycanın əsas məqsədi öz dövlət suverenliyini qorumaq, təmin etmək, ərazi bötövlüyünü bərpa etmək, vətəndaşlarının pozulmuş hüquqlarını bərpa etmək və regionda sülhə nail olmaqdan ibarətdir. Ona görə də Azərbaycan maksimum çalışır ki, bu danışıqlar prosesindən istifadə etsin və sülhyaratma prosesinə əlavə vasitələr, o cümlədən hərbi yola əla atmadan nail olsun. Amma status-kvo dəyişməyəcəksə, söz yox ki, Azərbaycanın hüquqları özündə qalır və Azərbaycan bu hüquqları heç kimə güzəştə getmək fikrində deyil“.
“Siyasi partiyalar haqqında“ qanundan danışan PA rəsmisi “Düşünürük ki, siyasi partiyaları xarici və daxili asılılıqdan xilas etməyin vaxtı çatıb. Dövlət öz imkanlarından istifadə edərək partiyaların maliyyələşməsini öz üzərinə götürə bilər“, - deyə əlavə edib. Ə. Həsənov bildirib ki, “Siyasi partiyalar haqqında“ qanun layihəsi ilə bağlı Avropa Şurası Venetsiya Komissiyasında müzakirələr aparmaq üçün bu gün Prezident Administrasiyası qanunvericilik və hüquq ekspertizası şöbəsinin müdiri Şahin Əliyevlə birgə Strasburqa yola düşəcək: “Venesiya Komissiyasında qanun layihəsi ilə bağlı müzakirələr aparılacaq. Layihə Prezident Administrasiyasında hazırlanıb, rəy verilməsi üçün Venesiya Komissiyasına göndərilib. Yəqin ki, Avropa Şurasının rəyi də nəzərə alınmaqla, 3-4 gün ərzində layihənin müzakirəsi yekunlaşacaq və layihə parlamentə göndəriləcək. Hesab edirik ki, bu qanunun qəbul olunması zəruridir. Azərbaycan artıq elə bir vəziyyətə gəlib çatıb ki, siyasi partiyaları maliyyələşdirmək gücünə malikdir. Dövlət siyasi partiyaları maliyyələşdirsə, siyasi partiyaların da üzərinə Azərbaycan dövləti və dövlətçiliyi qarşısında öhdəlik düşmüş olar“.
Dünya ölkələrində siyasi partiyaların maliyyələşməsi ilə bağlı müxtəlif təcrübələrin olduğunu deyən Ə. Həsənov qeyd edib ki, həmin ölkələrin daha çox istifadə etdikləri əsas model siyasi partiyaların seçkilərdə iştirakı, qazandığı səslərin sayıdır: “Bəzi ölkələrdə isə bunu parlamentdəki təmsilçiliklə müəyyən edirlər: “Ölkələrin 90-95 faizində partiyaların fəaliyyəti seçki ilə əlaqələndirilir. Seçkidə iştirak etməyən partiyalar maliyyələşdirilmədən avtomatik kənarlaşdırılır. Bizim Venetsiya Komissiyasına təqdim etdiyimiz modeldə partiyaların seçkilərdə iştirakı əsas prinsiplərdən biri kimi nəzərə alınıb. Lakin ayrılan vəsaitin partiyalar arasında bölünməsi metodikası ilə bağlı bir neçə mülahizələr var. Mən indidən bu variantların təfsilatına varmaq istəmirəm. Venetsiya Komissiyasında aparılan müzakirələrdən sonra yəqin ki, bu məqamlar açıqlanacaq. Ümumiyyətlə, müzakirələr zamanı başqa variantlar da üzə çıxacaq. Hər halda elə edəcəyik ki, Azərbaycan cəmiyyətinin formalaşmasında rolu olan, dövlətçiliyə xidmət edən, milli-mənəvi dəyərləri özündə əks etdirən partiyalar bu maliyyələşmədən kənarda qalmasın“.
Ə.Həsənov onu da vurğulayıb ki, AŞ PA-nın sessiyası çərçivəsində 32 deputatın Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün sənədə imza atmasını normal qəbul etmək lazımdır: “Belə hallar mövcuddur. Erməni lobbisi orada işləyir. Ermənilərin tərəfini saxlayan ölkələr və deputat qrupları mövcuddur. Buna normal hal kimi baxmaq lazımdır. Beynəlxalq çərçivədə bu, bir siyasi mübarizədir. Azərbaycan da, Ermənistan da siyasi mübarizə çərçivəsində tərəfdar toplayır“.
Azərbaycan deputat qrupunun AŞ PA-nın sessiyalarındakı fəaliyyətini də xatırladan Ə. Həsənov qeyd edib ki, bu, AŞ PA-nın praktikasında tez-tez təkrarlanan məsələdir: “Yadınızdadırsa, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra dəfələrlə Azərbaycan deputat qrupu Strasburqda ermənilərin işğalçılıq siyasətini əks etdirən, ifşa edən, qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağda və işğal olunan digər rayonlarda qeyri-qanuni məskunlaşma, həmin ərazilərdən narkotrafik kimi istifadə olunması, Dağlıq Qarabağın nəzarətsiz əraziyə çevrilməsi və qeyri-qanuni digər hallarla bağlı AŞ PA üzvlərinin adından sənədlər yayıb. Sizi əmin edirəm ki, AŞPA-da elə həmin məsələ ilə əlaqədar səsvermə olsa, hazırkı halda Azərbaycanın əleyhinə 32 nəfər çıxış edibsə, xeyrinə 100-132 deputat çıxış edər“.
Ə. Həsənov “Eks-prezidentlər haqqında“ qanun layihəsi ilə bağlı da öz fikirlərini bildirib: “Bu qanun layihəsi ilə bağlı cəmiyyətdə müzakirələr aparılıb. Layihənin müddəaları ilə tanış deyiləm. Hansı prinsiplərin nəzərə alındığını bilmirəm. Düşünürəm ki, Azərbaycan dünya təcrübəsinə əsaslanaraq bu məsələni müvafiq şəkildə həll edəcək“.
Əli Zülfüqaroğlu