Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub - FOTO

20:13 16.11.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Bakı şəhərinin Binəqədi rayonunda “Əmək normaları, əməyin ödənilməsi normaları, qaydaları və təminatları” mövzusunda maarifləndirici seminar keçirib.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən hafta.az-a verilən məlumata görə, seminarda xidmətin Abşeron və Binəqədi rayonlarında fəaliyyət göstərən ayrı-ayrı işəgötürənlər və işçilər iştirak edib.

Bildirilib ki, işçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əməkhaqqı miqdarından az olmayan əməkhaqqı almaq hüququ var. Əməkhaqqı sistemi ilə nəzərdə tutulan mükafatlar, əməkhaqqına əlavələr, artımlar, habelə iş vaxtından kənar vaxtlarda görülən işlərə görə verilən ödəmələr və digər ödənclər minimum əməkhaqqının məbləğinə daxil edilmir.

Əmək Məcəlləsinə əsasən, əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əməkhaqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əməkhaqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Seminarda mövzu ilə bağlı ətraflı məlumatlar verilib, iştirakçıların sualları cavablandırılıb.