Ərazini abadlaşdırıb, hasarları söksünlər... - Yasamaldakı gölün naməlum taleyi  

15:22 20.04.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən il Bakı şəhəri Yasamal rayonu, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsində, "Üç Tac" yaşayış kompleksinin yaxınlığında yerləşən kiçik süni su hövzəsi qurudulurdu. Əraziyə maşınlarla torpaq tökülür, ağaclar kökündən qoparılırdı. Bu səbəbdən gölün sahəsi xeyli kiçildi də...

Sakinlərin şikayətinin ardından aidiyyəti orqanlar tərəfindən burada qanunsuz olaraq aparılan bütün işlər dayandırıldı. Elə o gündən  ərazidə vəziyyət dəyişməz olaraq qalır. Gölün ətrafı hasarlanıb, heç bir abadlıq işləri aparılmır.

Nəzərinizə çatdıraq ki, son bir neçə il ərzində paytaxt Bakıda təbii göllərin qurudulub yerində binaların tikilməsi “tendensiyası” mövcuddur. Təəssüflər olsun ki bu ənənə sözü gedən ərazidən də yan keçmədi. 

Hafta.az-ın əməkdaşı göl ətrafında son durumun nə yerdə olduğunu öyrənmək üçün əraziyə yollandı. Burada son vəziyyətlə yaxından tanış olub, sakinlərlə söhbətləşdik.

İlk olaraq 10 ildən artıqdır, burada yaşayan paytaxt sakini Vahid bəy bildirdi ki, ərazini keçən illərdə bir iş adamı alıb tikintiyə başlamışdı. Sonra məsələni işıqlandırıb, lazımi orqanlara edilən şikayətlərin ardından iş dayandırıldı:

“Əvvəllər bu göl daha böyük idi, sonra bir hissəsini qurutdular. Ətrafında xeyli ağac var idi, gölü qurudanda onları da kəsdilər. Bir ara deyildi ki, gölün ətrafında park salınacaq. Bir ildən çoxdur ki, bura nə gələn var, nə gedən. Təbii olaraq biz də istəyərik ki, ərazi abadlaşdırılsın, yaşıllıq salınsın. Gölün ətrafındakı hasar da götürülsün”.

Digər həmsöhbətimiz isə paytaxt sakini Sevil xanım Qədimova oldu. Deyir, 45 ildir burada yaşayıram, gedən bütün proseslərin şahidi olmuşam:

“Gölün ərazisi hasara qədər uzanırdı. Sonra maşınlarla torpaq töküb, suyunu çəkdilər. Tikinti işlərinə başlanacaqdı. Digər sakinlərlə birgə, hər yerə şikayət ünvanladıq. Məsələ işıqlandırılandan sonra, tikinti dayandırıldı”.

Göllə maraqlandığımızı görən yerli sakinlər bizə yaxınlaşır, hər biri eyni fikri təkrarlayırdı:

“Gül kimi gölü qurudub, ağacları kəsdilər. İndi də yerində heç nə tikmirlər. Nə olardı ki, burada gözəl bir park salınardı?”.

Sakinlərin etirazı başadüşüləndir. Bura tək yaxınlıqda yaşayanların deyil, elə hər birimizin həyatı üçün böyük önəm kəsb edir. Ciddi səylə yaşıllaşdırma işlərinin aparıldığı bir dövrdə ağacları kəsib, təbii gölü qurutmaq təbiətə vurulan ağrılı zərbədir. Üstəlik, ekspertlər hesab edir ki, gölü qurudub üzərində bina tikmək olduqca təhlükəli addımdır. Qurudulmuş ərazinin uzun illər su sahəsi olduğu nəzərə alınaraq, buranın geoloji xəritəsi tərtib olunmalı, görüləcək işlər bütün bunlar nəzərə alınaraq davam etdirilməlidir.  

Daha sonra gölün “gələcək taleyi” ilə bağlı Yasamal Rayon İcra Hakimiyyətindən məlumat almağa çalışsaq da, təəssüflər olsun ki, bütün cəhdlərimiz boşa çıxdı. İclasın olduğu əsas gətirilərək, qurumdan məsələyə münasibət bildirilmədi.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin də mövzuya yanaşması fərqli olmadı. Buradan da deyildi ki, ərazidə işlərin nə yerdə qaldığı haqda onlarda heç bir məlumat yoxdur.

 

Oxunma sayı 743