Erkən yaşlarda diabet xəstənin ömrünü qısaldır

11:15 27.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İngiltərənin Kembric Universitetinin rəhbərliyi ilə aparılan araşdırmada Almaniya, Fransa, ABŞ və Türkiyə kimi 19 inkişaf etmiş ölkədə 1,5 milyon diabet xəstəsinin məlumatları təhlil edilib.

Hafta.az-ın yazdığına görə, Trakya Universiteti Tibb Fakültəsi Kardiologiya Bölümünün müdiri, professor Sərvət Altayın iştirak etdiyi elmi araşdırma dünyanın nüfuzlu tibb jurnallarından olan “Lancet Diabetes and Endocrinology”də dərc olunub.

Professor Altay şəkər xəstəliyinin Türkiyə və dünya üçün ən mühüm ictimai sağlamlıq problemlərindən biri olduğunu bildirib.

Dünya miqyasında bir araşdırma aparıldığını bildirən Altay, "Tədqiqatda məqsədimiz diabet diaqnozu qoyulan xəstələrin normal insan həyatı ilə müqayisədə nə qədər yaşadıqlarını və ölümcül hadisələrə nə qədər məruz qaldıqlarını araşdırmaq idi" deyib.

Altay şəkər xəstəliyinin beyin, böyrək və ürəyi təsir etdiyinə, orqanlara zərər verdiyinə və ölümlərə səbəb olduğuna diqqət çəkib.

Diabetin insan həyatını oğurlayan xəstəlik olduğunu bu araşdırma ilə bir daha nümayiş etdirdiklərini ifadə edən Altay, "Araşdırmaların nəticələrinə görə, 30-39 yaş arası şəkərli diabet diaqnozu qoyulan biri sağlam həmyaşıdından 14 il, 40-49 yaş arasında şəkərli diabet diaqnozu qoyulan xəstə 10 il, 50 yaşlarında şəkərli diabet diaqnozu qoyulmuşlarisə 6 il az yaşadığı üzə çıxıb. Avropa və Amerika qrupları müqayisə edildikdə oxşar nəticələri gördük və demək olar ki, eyni məlumatlar əldə edildi. Şəkərli diabet diaqnozu nə qədər tez qoyularsa, xəstənin ömrü bir o qədər qısalar” deyə bildirib.

Professor Altay diabetə bağlı ölümlərin qarşısının alınmasında erkən diaqnoz və düzgün müalicənin çox əhəmiyyətli olduğunu qeyd edib. Tədqiqatda mühüm məlumatların alındığını deyən Altay belə davam edib: "Araşdırmada maraqlı nəticələr var. Əgər glisemik nəzarəti yaxşı təmin etsək və diabeti yaxşı müalicə etsək, araşdırmada erkən ölüm rəqəmlərinin azaldığı görünür. Ona görə də şəkərli diabet varsa, erkən diaqnoz qoyub həyat tərzimizi dəyişə bilərik. Dərman qəbul etmək lazımdır. Dünyada şəkərli diabet sürətlə artır. Avropada şəkərli diabet göstəricilərini nəzərə alsaq, Türkiyədə daha çoxdur. Türkiyədə 20-79 yaş arası yetkin əhali arasında 7 milyon diabet xəstəsi var və 2045-ci ildə bu rəqəmin 11,5 milyon olacağı düşünülür”.

Altay, piylənmənin diabetin inkişafı üçün əsas risk faktoru olduğuna diqqət çəkib.

Piylənmənin fərdlərdə insulin müqavimətini inkişaf etdirdiyini ifadə edən Altay, "Nizamsız qidalanma, fast food istehlakı və idmandan uzaq yaşamaq diabetin nisbətini artırır. Bu amillərin qarşısını almaq lazımdır. 2-ci tip diabetin yüzdə 80-nin qarşısını almaq olar” deyib.

Altay əlavə edib ki, ağız quruluğu, tez-tez sidiyə getmə, çox su içmək, nəfəs darlığı və görmə pozğunluğu kimi hallar diabetin ən bariz əlamətləri arasındadır.