Erməni alim Paşinyanı qəzəbləndirib - TƏNQİDƏ GÖRƏ

16:29 21.11.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Ermənistanın baş naziri Nikol Paşinyan İtaliyanın Milan şəhərindəki erməni kilsəsində yerli erməni icması ilə keçirdiyi görüşdə kəskin tənqid atəşinə tutulub. Qadın alim isə onu istefa verməyə dəvət edib.

Hafta.az armtimes.com saytına istinadla xəbər verir ki, Milandakı Avropa Onkologiya institutunun alimi Marine Meliksetyan Paşinyanın daxili və xarici siyasətindən dərin narahatlığını ifadə edib. O deyib ki, Ermənistanda dövlət institutları dağılır, kin və nifrət təbliğatı aparılır, Dağlıq Qarabağ məsələsində isə hökumətin aydın strategiyası yoxdur. “Hesab edirəm ki, bu siyasət Ermənistanın dövlətçiliyi üçün ciddi təhlükədir. Bu, dağıdıcı bir siyasi kursdur, ona görə də hökumətinizi və şəxsən sizi istefa verməyə çağırıram. Siz hakimiyyətdən getməyinizlə Ermənistana ən böyük fayda vermiş olarsınız. Bu gün sizin apardığınız siyasət Ermənistanın məhvinə səbəb olacaq”, -deyə alim vurğulayıb.

Alimin bu çıxışından qəzəblənən Paşinyan deyib ki, ölkədə nifrət atmosferinin hökm sürməsinin səbəbkarı onun hökuməti yox, əvvəlki hakimiyyətdir. O əlavə edib: “Bizi torpaqları Azərbaycana qaytarmaq planı hazırlamaqda ittiham edən Serj Sarkisyan və Robert Koçaryan özləri yeddi rayonu və Mehrini qarşı tərəfə təhvil vermək istəyirdilər”. Paşinyan iddia edib ki, onun hökuməti dövlət institutlarını deyil, korrupsiyalaşmış strukturları məhv edir. Opponentlərini hədələyən Ermənistan hökumətinin başçısı qeyd edib ki, ona qarşı çıxan adamları Vatikanın zirzəmilərindən də dartıb çıxaracaq və məhkəməyə verəcək. Paşinyan əlavə edib ki, istefaya yalnız erməni xalqının etimadını itirdikdən sonra gedə bilər.

Siyasət rubrikasından digər xəbərlər