“Ermənistan Azərbaycana, Türkiyəyə kin, nifrət, ölüm püskürür” – Partiya sədri

13:41 26.10.2020 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 “Ermənilərin nazı ilə oynamağın dövrü bitdi. Qarabağı azad edəcəyik. Başqa yol yoxdur. Terror sərt tədbirlərdən qorxur. Biz də bu terror dövlətini zorla susduracağıq...”

Bunu hafta.az-a açıqlamasında Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev bildirib.

Onun sözlərinə görə, heç kəs bundan sonra insanlarımızı Rusiya və ya başqa bir ölkənin müdaxiləsi ilə qorxutmasın. Partiya sədri eyni zamanda hesab edir ki, müharibənin bu gərgin və həlledici məqamında, hər gün şəhid verdiyimiz zamanda kimlərinsə Roma papasından da artıq “katoliklik” etməsinə gərək yoxdur.

“Erməni siyasəti düşünüldüyü kimi qəliz deyil. Sadəcə heç bir millət və dövlət öz məqsədinə çatmaq üçün bunlar qədər alçalmağı, yalanı, həyasızlığı, şüvəni, böhtanı özünə rəva görmür, özünün milli və dövlət siyasətinə çevirmir. Ermənilər özlərinə yalançı tarix düzəldir, tarixçilərimiz faktlarla bu yalançı tarixi darmadağın edirlər, bunlar yenə tutuquşu kimi dediklərini təkrar edirlər.

Yalan və böhtan həyasızcasına o qədər şişirdilir ki, istənilən sadəlövh adam bunların tələsinə düşüb yalanlarına inanar. Daxili auditoriyalarınına Qvatemalanın hansısa şəhərciyinin qondarma “Arsax”ın müstəqilliyini tanımasını böyük diplomatik qələbə kimi qəbul etdirir, Gəncəni, digər ərazilərimizi ballistik raketlə vurduqlarını Azərbaycanın guya Xankəndini, Şusanı, Xocavəndi həmin tipli raketlə vurduğuna cavab kimi təqdim edirlər. Ermənilər özlərinin min illərlə bu bölgənin köklü sakinləri olduğunu deyir, Azərbaycanın isə yalnız 1918-ci ildə Rusiya imperiyasının dağılması nəticəsində dövlət qurduğunu bütün dünyaya car çəkirlər. Bunu Fransada erməni prezidenti Sarkisyan da, Vaşinqtonda xarici işlər naziri Mnasakanyan da, Rusiya tele-kanallarında Bağdasaryan və digər ermənilər də deyirlər. Bunu özü-özünü aldadan bütövlükdə erməni cəmiyyəti də deyir”.

Partiya sədri bildirib ki, ermənilərin siyasiləri, ziyalıları qətiyyən erməni-azərbaycanlı dostluğundan, birgəyaşayışın mümkünlüyündən danışmırlar. Trampı, Putini açıq-aşkar ittiham edirlər, həm qərbdən, həm Rusiyadan umduqlarını zorla, yalvarmaqla, yeri gələndə aşırı həyasızlıqla almağa çalışırlar.

“Ermənistan Azərbaycana, Türkiyəyə kin, nifrət, ölüm püskürür. Müharibəni dayandırmaq üçün bir tərəfdən bütün dünyaya yalvarır, atəşkəs edilir, lakin o biri tərəfdən də heç bir iddialarından geri çəkilmir, atəşkəsə əməl etmirlər və sonadək müharibə aparacıqlarını bəyan edirlər. Lakin Azərbaycan Ordusu rəşadətlə öz torpaqları uğrunda savaşır və torpaqları azad edir. Qarabağ Azərbaycandır!”

 

Oxunma sayı 741
Siyasət rubrikasından digər xəbərlər