Ermənistan köhnə mövqeyində qalıb – Tofiq Zülfüqarov  

11:13 25.11.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovla  hafta.az üçün növbəti söhbətimizdə Rusiya və Qərbin Qarabağ məsələsinin tam həlli üçün təklif etdiyi modelləri təhlil etməyə çalışdıq,   Azərbaycan və Ermənistan liderlərinin noyabrın 26-da Soçidə, dekabrın 15-də isə Brüsseldə nəzərdə tutulan görüşləri ərəfəsində İrəvandakı mövcud siyasi durum, baş nazir Paşinyanın son bəyanat və açıqlamalarıyla sərgilədiyi mövqe və s. fonunda sözügedən görüşlərdən gözlənilən gerçək nəticələrdən bəhs etdik.

-Tofiq müəllim, gerçəklik bundan ibarətdir ki, hazırda  beynəlxalq müstəvidə Qarabağ məsələsinin guya birdəfəlik həlli üçün əsasən iki model təklif olunur.  Rusiyanın irəli sürüb dəstəklədiyi birinci model   ATƏT-in Minsk Qrupundan kənarda Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasını, kommunikasiyaların bərpası, demarkasiya və delimitasiyanın aparılmasını, Qarabağın “statusu” ilə bağlı qərarın qeyri-müəyyən müddətə təxirə salınmasını nəzərdə tutur. İkinci model ABŞ və Fransa tərəfindən ATƏT-in Minsk Qrupu çərçivəsində irəli sürülür və bu, xüsusilə,  Qarabağın “statusu”nun referendum yolu ilə müəyyən edilməsini və konkret zaman çərçivəsində verilməsini, рeferendumun keçirilməsinə şərait yaratmaq üçün keçmiş Dağlıq Qarabağ ərazisinin beynəlxalq nəzarətə verilməsi, təhlükələri neytrallaşdırmaq üçün bufer zonaya - təhlükəsizlik zonasına beynəlxalq sülhməramlı kontingentin daxil edilməsini nəzərdə tutur. Azərbaycan 1-ci, Ermənistan isə, 2-ci modeli qəbul edir. Belə olan halda, sülh razılaşması mümkün olacaqmı?

-Əvvəla,  birmənalı olaraq demək olmaz ki,  Rusiyanın təklif etdiyi model və ya mövqeyi qəti şəkildə belədir, yaxud Qərbin də digər fərqli modelin tətbiqində mövqeyi qətidir. Çünki hər iki yanaşmada  bir çox  oxşar nüanslar da mövcuddur. Məsələ ondan ibarətdir ki, ötənilki 44 günlük savaşdan etibarən vəziyyət tamamilə dəyişib. Və Azərbaycan sanki münaqişənin tam həllinə bir şans verib. Həmin şans nədən ibarətdir? Söhbət statusdan getmir. Söhbət ondan gedir ki, rəsmi Bakının öz ərazisində kompakt yaşayan ermənilərə verdiyi və verməyə hazır olduğu hüquqlar vətəndaşlıq hüquqlarıdır və dövlətimiz öz siyasətini də bu istiqamətdə həyata keçirir. Və demək olar ki, bu fikir artıq Rusiyada da mövcuddur. Çünki Putinin, Lavrovun “status sonrakı məsələdir” deməsi onu göstərir ki, əsas məsələ Qarabağda həyatın normallaşması və belə deyək, əlaqələrin, kommunikasiyaların bərpasıdır. Yəni bu, təxminən ona oxşayır ki, Azərbaycan deyir ki, biz burada reinteqrasiya prosesləri aparırıq. Və bu cür siyasət istiqamətində il ərzində Bakıdan İrəvana belə siqnallar gedirdi ki, gəlin sülhü seçək, sülh hamıya fayda gətirir və gətirəcəkdir və s.  Belə çağırışlar qardaş Türkiyə ilə Şuşa bəyannaməsi imzalananda da həm Bakı, həm Ankara tərəfindən səslənib. Amma təəssüf ki, qarşı tərəfdən məqbul reaksiya görmürük. Biz Ermənistanı dəvət edirdik ki, siz bu prosesdə müsbət şəkildə iştirak etsəniz, Qarabağda erməni əhalinin qalması üçün şərait yaradarıq. Yox, əgər konfrontasiya yolunu seçsəniz, sizin heç bir şansınız yoxdur. Nəyə görə? Çünki birincisi Azərbaycanın, Türkiyənin demoqrafik, iqtisadi, hərbi potensialı Ermənistanın potensialını qat-qat üstələyir. İkincisi, beynəlxalq şərait də Ermənistanın xeyrinə deyil. Yəni hansısa xarici ölkə, güc gəlib ermənilərin əvəzinə silah alıb vuruşmağa hazır deyil. Rusiyanın mövqeyi bunu göstərir. Hətta Fransanın da... Guya Fransa qoşun göndərib Ermənistanın tərəfində vuruşacaq? Təbii ki, yox. Bunun üçün onun nə marağı var, nə də imkanı... Yəni bu baxımdan, təkrar edirəm, Azərbaycan Ermənistana bir şans verib ki,  gəlin bu şansdan yararlanın, heç olmasa, Qarabağda qalan 20-25 min erməni Azərbaycan vətəndaşlığını alıb digər vətəndaşlarımız kimi yaşasınlar və siz də bu prosesdə bizə yardımçı olun. Amma əgər siz  qarşıdurma yolunu seçsəniz, heç həmin 25 minin də Azərbaycan torpağında qalıb yaşama şansı olmayacaq. Yəni balans bizim xeyrimizədir. Və təəssüflər olsun ki, ötən bir ildən çox müddətdə ermənilər Azərbaycanın verdiyi şansı dəyərləndirmədilər. İndi, bu günlərdə də Paşinyanın verdiyi açıqlamalar onu sübut edir ki, Ermənistan köhnə mövqeyində qalıb. Yəni demək istəyir ki, biz Qarabağın Azərbaycandan ayrılması siyasətini davam etdirəcəyik. Başqa sözlə, bundan sonra da rəsmi İrəvan tərəfindən Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qəsd siyasəti aparılacaq. Paşinyanın sonuncu mətbuat konfransında Qarabağla, sərhədlərlə, Zəngəzur dəhlizi  və s. ilə bağlı söylədikləri məhz bunu göstərir. Və sonda belə bir mövqe Azərbaycan üçün müəyyən problemlər yaratsa da, Ermənistanı tamamilə fəlakətə aparıb çıxardacaq.  Çünki həmin gözlənilən fəlakət barəsində ermənilərə Azərbaycan da, Türkiyə də, hətta Rusiya da dəfələrlə xəbərdarlıq edib.

Yəni bu baxımdan Ermənistanın siyasi dairələrinin özlərini və xalqlarını haraya sürüklədiklərini Allah bilir... Sadəcə, belə qənaətə gəlmək olur ki, bunlar reallığı anlaya bilmirlər. Əhali Ermənistandan da, Qarabağdan da qaçır,  iqtisadi, hərbi və digər sahələrdə böhran gündən-günə güclənir. İki gündən bir nazir dəyişilir.  Bu vəziyyətdə ola-ola rəsmi İrəvan Azərbaycanın ərazi bütövlüyünə qarşı hər hansı bir ardıcıl, uğurlu siyasət apara bilərmi?  Yalnız Laçın dəhlizini bağlasaq, məsələ bitəcək... Yəni tələb, ultimatum qoyacağıq ki, Qarabağdakı qanunsuz silahlı birləşmələr, terrorçular çıxarılsın və s. Nə edəcəklər?  İstənilən  müstəqil ölkə bizim yerimizdə olsa, belə addımları atar... Bir sözlə, mən hesab edirəm ki, Paşinyan yenə də öz xalqına qarşı  çox xəyanətkar bir siyasət aparır. Çünki populist siyasət arxasında öz siyasi varlığını xilas etməyə çalışır... Və belə bir durumda  Paşinyanın siyasəti Azərbaycan üçün də  daha qətiyyətli addımlar atmaq üçün şərait yaradır. Həm Zəngəzur, həm sərhəd və Qarabağ məsələlərində... Sən mənim ərazi bütövlüyümü de-fakto tanımırsansa, deməli,  mən də sənin ərazi bütövlüyünü tanımaq məcburiyyətində deyiləm... 

-Bəzi şərhçilər, o cümlədən bir sıra erməni poliтoloqları da belə bir iddia irəli sürürlər ki, guya Paşinyan “Rusiyanın demarkasiya və delimitasiya təkliflərini qəbul etdim” deməklə son etiraz aksiyalarını özü körükləyir ki, Rusiyanın planları baş tutmasın və Qərbin modeli işə düşsün. Maraqlıdır ki, Rusiya meyilli müxalifət də bu son eturazlara qatılmadı...

-Bilirsiz, bütün bunlar köhnə oyunlar, manipulyasiyalar, fokuslardır... Amma ermənilərin dırnaqarası “vətənpərvərliyi”ni bütün dünya gördü. Hamı anladı ki, onlar Azərbaycan torpaqları üçün vuruşmaq istəmir. Qısa müddət çəkən bir savaşda Ermənistan ordusunda 10 min fərari meydana çıxdı... Və  44 günlük müharibədəki ağır məğlubiyyətdən sonra Ermənistanın əksəriyyəti Paşinyanı dəstəklədi. Bu da bir daha onu göstərir ki, onlar müharibə istəmir... Yəni belə bir fonda, həmişə olduğu kimi, tamaşa qurmaq, təbii ki, mümkün deyil. Çünki dünya hər şeyi aydın gördü və görməkdədir. Bir sözlə, 5-10 nəfər çığır-bağır salanları ciddi qəbul etmək doğru deyil... Həm də ona görə ki, bizdən fərqli olaraq Ermənistan cəmiyyəti  Qarabağ məsələsində həmrəylik nümayiş etdirmir və görünür, heç bunu istəmir... Hələ 2020-ci ilin Tovuz döyüşlərindən sonra  Bakıdakı milli birlik atmosferini, həmrəylik yürüşünü misal göstərmək kifayətdir.  Yüz minlərlə Azərbaycan vətəndaşı könüllü olaraq orduda döyüşməyə yazıldı... Amma Ermənistanda oxşar bir şey olmadı. Əksinə, əksəriyyət döyüşlərdən qaçmağa başladı... İkincisi,  biz anlamalıyıq ki, hazırkı vəziyyətdə Rusiya üçün də  ermənilərin oyunları gərəkli deyil. Çünki Ermənistanın oyunları  Moskvanı bu və ya digər şəkildə Azərbaycana qarşı yönləndirməyə щесабланыб.  Və Rusiya Azərbaycana qarşı yönələcəyi təqdirdə, Ərdoğan demişkən, qarşılarında Türkiyəni də görəcəklər. Bu isə Kremlə strateji baxımdan lazım deyil... Hazırda Rusiyanın Ukraynada problemləri var, Qərblə, ABŞ-la siyasi, iqtisadi qarşıdurması var. Türkiyə ilə böyük çətinliklə Cənubi Qafqazda balans yaradıblar. İndi, Ermənistanın ucuz oyunlarına görə Moskva Ankara ilə yenidən münasibətləri pozmalıdır?.. Guya Qərb gəlib  Ermənistanı müdafiə edəcək? Biz Qərbin müdafiəsini real şəkildə nə Gürcüstanda, nə də Ukraynada gördük... Yəni bütün deyilənlərdən belə nəticəyə gəlmək olur ki, geopolitik balans da Ermənistanın xeyrinə deyil.

-Sizcə, 9 noyabr Moskva  görüşü  baş tutmadıqdan sonra Putin Brüssel görüşündən öncəki Soçi görüşünü təşkil etməklə nəyə nail olmaq istəyir? Ümumiyyətlə, bu görüşlərdən konkret nəsə gözləyirsizmi?

-Azərbaycanda bəziləri yanlışlıqla Brüssel görüşlərinə çox önəm verir. Bu görüşün mahiyyəti nədən ibarətdir? Avropa İttifaqı xoş məram nümayiş etdirmək məqsədilə dövlət başçılarına bir-biri ilə normal ünsiyyət qurmaq üçün bir meydan verir. Amma orada nə danışıqlar formatı var, nə masada hansısa imzalanası sənəd toplusu var. Sadəcə, görüş üçün bir məkan verilir. Soçidə isə fərqli bir durum var. Artıq bir ilə yaxındır ki, orada tətbiq olunan format özünü göstərir, yəni işlək vəziyyətdədir. Bu formatın üzvləri Azərbaycan, Ermənistan və Rusiyadır, eyni zamanda Türkiyənin də burada yeri var. Düzdü, rəsmi Ankara birbaşa belə görüşlərə qatılmır, amma prosesin içindədir. Türkiyənin müşahidəçiləri var, hər görüşdən əvvəl və sonra razılaşmalar olur. Bir sözlə, görsənir ki, bu, işlək bir formatdır. İndi nə dərəcədə pisdir, yaxşıdır, bu, başqa məsələdir. Hərçənd, müsbət tərəfləri mövcuddur. Brüsseldə isə, öncə dediyim kimi, sadəcə, görüş üçün verilən bir məkanda ölkə başçıları Avropa siyasətçiləri qarşısında bəyanatlar verəcəklər. Və bu bəyanatlar tərəflərin mövqelərini əks etdirəcək. Məhz buna görə də Paşinyan həmin görüşlər ərəfəsində öz mövqeyini açıqladı. Və Ermənistan liderinin belə bir mövqe sərgilədiyi halda demək olar ki, Brüsseldəki kimi, Soçidəki görüşdən də ciddi bir nəticə gözləmək olmaz...

-Tofiq müəllim, amma Putinin Soçi görüşü ilə konkret olaraq nəyə nail olmaq istəməsi haqda danışmadınız...

-Bu, çox maraqlı bir sualdır. Hiss olunur ki, Ermənistan-Rusiya gərginliyi, yəni İrəvanda rusafob çıxışlar artmaqdadır... Təbii ki, bu cür davranış Kremldəki heç kəsin, eləcə də Rusiya lideri Putinin xoşuna gəlməz. Bu baxımdan onun nəyə nail olmaq istədiyini anlamaq olar.

Oxunma sayı 220