Aprelin 5-də və 7-də avtobuslarda gediş haqlarının artırılmasına etiraz edən Kotayk vilayətinin Proşyan və Kasax icmalarının sakinləri tərəfindən bağladılmış İrəvan-Əştərək yolu bu gün də səhər saat 5-dən günorta saatlarınadək bağlı qalıb. Saat 9-10 radələrində polis müdaxilə etsə də, yolun açılmasına nail ola bilməyib.
Hafta.az xəbər verir ki, bu haqda “Hraparak” nəşri məlumat yayıb.
Məlumata görə, hökumət nümayəndəsi kimi Kotayk qubernatoru Aharon Saakyan məsələni müzakirə etmək üçün aksiya iştirakçılarının yanına gəlib və xeyli müzakirələr nəticəsində bir müddət sonra yol açılıb.
Xatırladaq ki Proşyan və Kasax icmalarının sakinləri İrəvana gedən 25 və 59 saylı nəqliyyat xətlərinin azaldılmasına və daha bahalı marşrutun tətbiqinə etiraz edirlər. Onların sözlərinə görə, yeni marşrut xəttinə “Multi Transport” şirkəti xidmət göstərəcək və gediş haqqı 200-250 dram olacaq, halbuki, əvvəllər 25 və 59 saylı avtobuslardan istifadə edəndə cəmi 150 dram ödəyirdilər.