“ABŞ ilə Ermənistan arasında strateji tərəfdaşlıq xartiyasının imzalanması bu gün Rusiya ilə əlaqəli mövqelərini zəiflətmək və bölgəni tamamilə Kremlin təsir dairəsindən çıxarmaq məqsədinə xidmət edir".
Bunu hafta.az-a Yeni Xətt Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.
R.Hüseynov qeyd edib ki, Rusiya uzun müddət Cənubi Qafqazda Ermənistan vasitəsilə müəyyən siyasi düşüncələrini və maraqlarını həyata keçirirdi:
“Biz də bilirik ki, artıq uzun müddətdir ABŞ Ermənistanı dəstəkləyir və bu dəstək digər vasitələrlə yanaşı, Amerikanın diktəsi və maraqları ilə Ermənistanın Rusiyanın təsir dairəsindən tamamilə çıxarılması və Cənubi Qafqazda siyasi və iqtisadi maraqların təmin olunması üçün münbit şərait yaradılmasına xidmət edir".
Ekspertin fikrincə, bu xartiyanı oxuyanda məlum olur ki, həmin sənəd Ermənistanın çəkisinə uyğun olmayan, həddindən artıq genişdir. Onun sözlərinə görə, burada həm İran, həm də İranın Ermənistanla yaxınlaşması prosesi və görüşləri əks olunub. Təbii ki, bu, Azərbaycanın maraqlarına qarşı qıcıq yaratmaq üçün atılan addımlar idi:
"Məlumdur ki, İranla aramızda münasibətlərin gərginləşməsi fonunda səfirliyimizə qarşı terror aktı törədildi və bunun ardınca konsulluğun açılması məsələsi gündəmə gəldi. Münasibətlərin normallaşması məsələsi qısa müddətə hesablanmış, lakin geniş və uzunmüddətli perspektivi olmayan siyasi addımlar idi. Bütün bunlar əslində, dövlətlərarası münasibətlərə xələl gətirmək məqsədilə atılan proseslərdir və bu da ölkələrin idarəetmə sistemindən asılıdır. Biz bir daha gördük ki, o dövrdə İranın idarəetmə sistemi o qədər də mükəmməl deyildi. Çünki tarixi köklərimizin bir-birinə bağlı olması və keçmişdən gələn adət-ənənə, dəyərlər sistemi ilə ciddi bağlılıq mövcuddur. Bu bağlılıqlar mütləq idarəetmə sistemində nəzərə alınmalı idi. Təəssüf ki, həmin dövrdə İran bu səhv addımları atdı".
Ekspert eyni zamanda vurğulayıb ki, Xartiyanın birinci maddəsində Ermənistan demokratik ölkə kimi təqdim olunur. Halbuki Ermənistanın idarəetmə sistemi hər zaman terrorçuluq ənənələrinə sadiq qalan bir sistem olub:
“Buna görə də bu cür sənədlərin Ermənistanın çəkisinə uyğun gəlmədiyi aydındır. Amerika ilə Ermənistan arasında xartiyanın imzalanmasından sonra bu, dünya siyasətinə təsir edəcək bir xartiya deyil. Çünki Ermənistan ümumiyyətlə, dünya miqyasında o qədər də ciddi ölkə kimi qəbul olunmur. Sadəcə olaraq, maşa rolunu oynayan, maraqlarını böyük güclərin gündəlik və uzağa hesablanmayan mənafeləri üçün təmin edən bir vasitədir. Düşünürəm ki, bu xartiyanı bu şəkildə qələmə vermək və müzakirə obyektinə çevirmək siyasətçilər üçün o qədər də uğurlu deyil. Amma təbii ki, hadisələrin real olaraq qiymətləndirilməsi prosesi olmalıdır və biz də bunu bu formada dəyərləndiririk. Təəssüf ki, bu gün bəzi şəxslər, xüsusən də Azərbaycana qarşı qərəzli və düşmən mövqedə dayanan müəyyən qüvvələrin təsiri altına düşmüş insanlar, bu məsələni elə təqdim edirlər ki, sanki Ermənistan və Amerika arasında bağlanmış müqavilə Azərbaycanın uğursuzluğu kimi görünür.
Onlar belə təsəvvür yaradırlar ki, guya Azərbaycan bu müqaviləyə görə geridə qalıb və bunu dövlətin xarici siyasətində uğursuzluq kimi qələmə verirlər. Lakin bu, yanlış və əsassız cəhdlərdir, çünki bu xartiyanın heç bir əhəmiyyəti yoxdur. Azərbaycan regionda önəmli rol oynayır və bu rol bütün dünyada qəbul edilir. Burada Azərbaycanla bağlı məsələlərin də yer aldığı, münasibətlərin normallaşması, delimitasiya məsələsinin dəstəklənməsi, həmçinin ABŞ-ın Almatı Bəyannaməsinə istinad etməsi kimi məqamlar mövcuddur. Bütün bunlar qeyd etdiyim kimi, regionda indiyə qədər marağı olan ölkələrin həmin maraqlarını tamamilə itirməsi məqsədinə xidmət edir. Bu məsələlərdə əsas məqsəd bizim üçün xüsusi əhəmiyyət kəsb edən ərazi bütövlüyümüzün və milli maraqlarımızın inkişafıdır. Bir çox mübahisəli və geniş şəkildə əhatəli bu xartiyanın imzalanması təbii ki, Ermənistanın bu standartlara uyğun olmayan bir ölkə olduğunu açıq şəkildə göstərir. Hər kəsə məlumdur ki, Ermənistan bu kriteriyalara cavab vermir. Ona görə də belə bir vaxtda bu cür xartiyanın imzalanması, əsasən, regiondakı maraqların qorunması və təmin edilməsi məqsədinə yönəlib. Bildiyiniz kimi, İran və ABŞ arasındakı münasibətlər uzun illərdir problemli olub. Hillari Klintonun dövründə bu məsələnin həlli ilə bağlı bir layihə ortaya qoyulmuşdu, lakin həmin layihə yarımçıq qaldı. O dövrdə Suriya məsələsi də gündəmdə idi. İndi isə Suriya məsələsi müəyyən qədər həll olunub və bu prosesin davamı olaraq həmin korporativ maraqlar mövcuddur. İmperialist güclər öz yarımçıq qalmış siyasi yol xəritələrini davam etdirmək üçün bu cür siyasi addımlara ehtiyac duyurlar. Bu xartiyanın imzalanması, digər ölkələrə münasibətin təzahürüdür. Biz öz siyasətimizdən əl çəkməmişik. Əksinə, daha da dərinə gedəcəyik və bu dərinləşmədə nəzərdə tutulan ölkələrə çox incə və diplomatik formada cavab vermək üçün addımlarımızı davam etdirəcəyik. Burada müdafiə və təhlükəsizlik məsələləri də yer alır. Ermənistanın demokratik düşüncə dünyasında, sivil cəmiyyət toplumunda, insanlıq meyarına əsaslanan dəyərlər sistemində yeri yoxdur. Çünki Ermənistan heç bir dəyərlər sisteminə uyğun olmayan, vandallıq və terrorçuluqla seçilən bir ölkə olub”.
R.Hüseynov hesab edir ki, bu cür ifadələr açıq şəkildə göstərir ki, bu, hansısa siyasi istəyin və iqtisadi maraqların təmin olunması üçün imzalanmış bir sənəddir. Əslində bu, gözlənilən bir vəziyyət idi:
"Amerikanın Ermənistanı müdafiə etməsi, ona yardım göstərməsi gözlənilirdi. Son zamanlar ölkə başçısının bu məsələlərə diplomatik formada aydınlıq gətirməsi, bu məsələlərin öncədən planlaşdırılmasını və ortaya qoyulmasını sübut etdi. Bu, bizim üçün o qədər də təəccüblü və əhəmiyyətli deyil. Çünki biz öz ərazi bütövlüyümüzü bərpa etmişik. 44 günlük müharibədən sonra yeni reallıqlara uyğun olaraq, bu məsələlər öz həllini tapır. Təbii ki, biz də istəyirik ki, regiona xarici güclərin müdaxilə imkanları məhdudlaşdırılsın və biz qonşuluq siyasətimizi davamlı inkişaf və dayanıqlı sülh naminə düzgün istiqamətdə davam etdirək. Hesab edirəm ki, kimlərin səmimi şəkildə töhfə vermək imkanı varsa, bundan istifadə etmək lazımdır.
Lakin bu gün bəzi ölkələr öz maraqlarına sığınaraq müəyyən addımlar atırlar. Buna baxmayaraq, ölkəmizin çox mütərəqqi bir ideoloji xətti var. Bizim ölkəmizin yanaşması fərqlidir və biz həmin yanaşma ilə siyasətimizi davam etdirəcəyik. İranla bağlı cavabı isə İran özü verəcək. Onların o dövrdə Ermənistanla əvvəlki münasibətlərini necə analiz edəcəkləri gələcəkdə bəlli olacaq".