Ümumdünya Ərzaq Proqramı (WFP) elan edib ki, bu il müasir dövrün ən böyük ərzaq təhlükəsizliyi böhranı ilə mübarizə aparmaq və dünyada təxminən 150 milyon insana kömək etmək üçün 23 milyard dollara ehtiyac var.
Hafta.az-ın yazdığına görə, WFP-nin Yaxın Şərq, Şimali Afrika və Şərqi Avropa üzrə regional direktoru Korinne Fleysşer bildirib ki, onlar ötən il 158 milyon insana yardım əlini uzatmağı bacarıb, geniş yayılmış aclıq və kütləvi miqrasiyanın qarşısını böyük ölçüdə alıb.
Səudiyyə Ərəbistanının WFP-nin bölgədəki fəaliyyətinin beş aparıcı donorundan biri olduğunu bildirən Fleysşer, Proqramın bölgə daxilində və xaricində məqsədlərinə çatmaq üçün Səudiyyə Ərəbistanının davamlı dəstəyinə arxalandığını vurğulayıb.
WFP ilə Səudiyyə Ərəbistanı arasındakı tərəfdaşlığın 45 il əvvələ təsadüf etdiyini xatırladan Fleysşer, 2008-ci ildə Səudiyyə Ərəbistanı Krallığının yardım layihələrini tamamlamaq və milyonlarla insanı qida ilə təmin etmək üçün WFP-ə 500 milyon dollar dəyərində tarixi qrant verəcəyini açıqladığını bildirib.
“2014-cü ildə Səudiyyə Ərəbistanı Krallığı İraqdakı köçkün ailələrə, Suriya ilə qonşu ölkələrdəki suriyalı qaçqınlara, Cənubi Sudan və Somalidən olan qaçqınlara ən azı 200 milyon dollar dəyərində ərzaq yardımı göstərib. Səudiyyə Ərəbistanı 2018-2019-cu illərdə regionda Ümumdünya Ərzaq Proqramının ilk beş donorundan biri olub”, - o, deyib.
Qara Dəniz Taxıl Təşəbbüsünün Ukraynadan taxıl ixracı üçün humanitar dəniz dəhlizi açdığını və bu sazişin aclıqla mübarizəyə qlobal reaksiyada çox mühüm rol oynadığını vurğulayan Fleysşer sözlərini belə davam etdirib: “Ukrayna taxılı, Rusiya ərzaq məhsulları və gübrələrdən tam istifadə olunmasa, qlobal ərzaq böhranının real həlli mümkün deyil. Ötən il iyulun 22-də İstanbulda Qara Dəniz Taxıl Təşəbbüsü imzalandı və taxılla yüklənmiş ilk gəmi avqustun 1-də Odessa limanından yola düşdü. Bu arada Rusiya, Türkiyə, Ukrayna və BMT nümayəndələrinin daxil olduğu Birgə Koordinasiya Mərkəzi martın 8-nə kimi 23 milyon tondan çox ərzaq məhsulunun keçidini asanlaşdırıb”.
Fleysşerin sözlərinə görə, Ukraynadakı münaqişə səbəbindən qlobal ərzaq və enerji bazarlarında təlatümlər yaşanır. Bu kontekstdə qeydə alınan yüksək ərzaq və yanacağın qiymətləri milyonlarla insanı aclıq təhlükəsi ilə üz-üzə qoyur. Bir çox ailələr əsas yemək ehtiyaclarını ödəyə bilmirlər.
Ötən il ərzaq qiymətlərinin 2008 və 2011-ci illərdə yaşanan iki ərzaq böhranında qeydə alınan səviyyədə sabitləşdiyini qeyd edən Fleysşer, 2008-ci ildə dünyanın bugünkündən daha sabit olduğunu bildirib. 2009-cu ildən bu yana Efiopiya, Yəmən, Suriya və Nigeriyada çoxlu münaqişələr yaşandığını bildirən Fleysşer deyib: “Ukraynada müharibə başlayanda dünya hələ Kovid-19 epidemiyasının fəsadlarından tam qurtulmamışdı. Beləliklə, başqa bir böhrana qarşı həssas idi. Son aylarda cüzi azalmalara baxmayaraq, qlobal ərzaq qiymətləri hələ də son 10 ildə ən yüksək səviyyədədir. Bu il 68 ölkədə yerli ərzaq qiymətləri 15 faizdən çox artıb. Livan, Sudan, Venesuela və Zimbabvedə inflyasiya səviyyəsi üç rəqəmli həddə yüksəlib”.
Yəməndə 2022-ci ildə altı aylıq atəşkəsin humanitar vəziyyətin nisbətən yaxşılaşmasına töhfə verdiyini bildirən Fleysşer bunun sülhün vacibliyini göstərdiyini bildirib. O, Hudeydə limanı vasitəsilə edilən ümumi yanacaq idxalının dörd dəfə artdığını və aşağıdakı şəkildə davam etdiyini bildirib: “Səkkiz illik münaqişə, iqtisadi tənəzzül və xarici çətinliklərdən sonra 17 milyona yaxın yəmənli aclıq çəkir. Bu gün ölkədə nisbi sabitlik yaşansa da, yəmənliləri irəliyə doğru qəti addım atmaları üçün dəstəkləmək lazımdır”.
Dünyanın müasir dövrün ən böyük ərzaq təhlükəsizliyi böhranı ilə üzləşdiyini vurğulayan Fleysşer, dünya üzrə 149,6 milyon insana yardım əlini uzatmaq üçün bu il WFP-nin 23 milyard dollara ehtiyacı olduğunu bildirib. WFP və tərəfdaşlarının keçən il rekord sayda, təxminən 158 milyon nəfərə ərzaq və pul yardımı etdiyini, bu çərçivədə rekord 14 milyard dollar qazanıldığını xatırladan Fleysşer sözlərini belə davam etdirib: “Bununla Ümumdünya Ərzaq Proqramı genişmiqyaslı aclığın, çətinliyin və kütləvi miqrasiyanın qarşısını almağa müvəffəq oldu. Ukrayna taxılı ən çox ehtiyacı olan ölkələrə daşınırdı. Bundan əlavə, lazımi gübrələrin daşınması asanlaşdırılıb, Yəmənin bəzi bölgələrində aclıqdan ölüm hallarının qarşısı alınıb”.