“Əsrin müqaviləsi” neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib - Fərid Şəfiyev

14:36 17.09.2019 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) “Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü münasibətilə Azərbaycanda fəaliyyət göstərən diplomatik korpus nümayəndələri və ekspertlər üçün seminar təşkil edib.

Hafta.az yazır ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev 1994-cü il sentyabrın 20-də imzalanmış “Əsrin müqaviləsi”nin Azərbaycanda siyasi və iqtisadi mənzərəni dəyişdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, müqavilə Azərbaycanın inkişafına böyük töhfə verməklə yanaşı, neft resurslarının insan kapitalına çevrilməsinə təkan verib.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Əsrin müqaviləsi”nin beynəlxalq aparıcı şirkətlərlə, çətin geosiyasi proseslərin getdiyi dövrdə imzalandığını deyib. O bildirib ki, bununla da Azərbaycan uğurlu enerji strategiyasının və enerji diplomatiyasının əsasını qoyub: “Uzun illər Azərbaycan neft istehsalçısı olmasına baxmayaraq, neft bir çox hallarda Azərbaycan xalqının mənafeyinə xidmət etməmişdi. “Əsrin müqaviləsi”nin imzalanması ilə yeni bir neft erası başladı ki, bunun da nəticə etibarı ilə mənfəətini Azərbaycan xalqı gördü”. Hikmət Hacıyev qeyd edib ki, Azərbaycanın neft strategiyası ölkənin müstəqilliyinin, iqtisadi inkişafının təməlini qoymaqla bərabər, beynəlxalq və regional müstəvidə enerji təhlükəsizliyinə ciddi töhfə verən amil olub: “Bu gün Azərbaycan artıq qaz ixrac edən ölkədir. TANAP və TAP layihələri özünün icrasının son mərhələsinə qədəm qoyur. Biz ümid edirik ki, tərəf müqabillərimizlə birlikdə bu layihənin də tezliklə sona çatdırılmasına nail olacağıq. Azərbaycan özünün qaz resursları ilə Avropanın enerji təhlükəsizliyinə töhfə verəcək”.

Energetika nazirinin müavini Elnur Soltanov “Əsrin müqaviləsi”nin dünya miqyasında bağlanan ən iri sazişlərdən biri olduğunu deyib. Nazir müavini vurğulayıb ki, həmin vaxtdan “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının işlənməsinə təqribən 33 milyard dollardan çox sərmayə qoyulub. Elnur Soltanov qaz sektorunda da eyni uğurların davam etdiyini bildirib və Azərbaycanın bu sahədə də müsbət nəticələr əldə edəcəyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Azərbaycan elektrik enerjisi istehsalının artırılmasında da böyük işlər görür və Cənub Qaz Dəhlizi layihəsindən sonra ölkəmiz bu sahədə də uğur hekayəsini davam etdirə bilər.

Siyasət rubrikasından digər xəbərlər