Qarabağ “nümayəndələri“ Telavi görüşünə dəvət olunmayıb

15:15 14.10.2011
Yazını böyüt
Yazını kiçilt

Mais Güləliyev: “Ermənistanın təklifinə Gürcüstan və Azərbaycan “Yaşıllar“ı qəti etiraz etdi“

Cənubi Qafqaz “Yaşıllar“ının Gürcüstanın Telavi şəhərində təşkil etdiyi konfrans başa çatıb. “Ermenihaber“in məlumatına görə, tədbirdə Gürcüstan, Azərbaycan və Ermənistanla yanaşı Dağlıq Qarabağ nümayəndələri - Qarabağın “Avropa Hərəkatı“ da iştirak edib. Konfransın sonunda birgə bəyannamə qəbul edilib. Sənəddə deyilir ki, Cənubi Qafqazda fəaliyyət göstərən bütün siyasi və ictimai təşkilatlar onların toplantılarına qatıla bilər. Yeri gəlmişkən, toplantıdan dərhal sonra vətənə qayıdan Ermənistan nümayəndə heyəti İrəvanda mətbuat konfransı keçirib. Onlar tədbirin nəticələrindən, xüsusilə də Qarabağın orada iştirakından məmnun olduqlarını dilə gətiriblər.
Telavi görüşündə əslində kimlərin iştirak etdiyini, Qarabağ nümayəndələrinin ora hansı əsaslarla dəvət olunduğunu və sair məsələləri öyrənmək üçün Azərbaycan tərəfindən tədbirdə iştirak etmiş “Yaşıllar“ partiyasının sədri Mais Güləliyevlə əlaqə saxladıq.
- Telavi görüşünə hazırlıq mərhələsində Ermənistan tərəfindən belə təklif səsləndirilmişdi ki, həmin görüşə Dağlıq Qarabağ da dəvət edilsin. Eyni zamanda, Abxaziya və Cənubi Osetiya da. Amma həm Gürcüstan nümayəndələri, həm də biz qətiyyətlə etiraz etdik. Bildirdik ki, adıçəkilən hər üç respublika separatçı qırımlar kimi tanınır. Bu səbəbdən də onların Cənubi Qafqaz “Yaşıllar“ının ilk toplantısına qatılması məqbul deyil.

Çünki onların iştirakı gələcəkdə “Yaşıllar“ın ümumi fəaliyyətinə mənfi təsir göstərə bilər.
- Bəs tədbirə kimlər qatılmışdı?
- Gürcüstandan təxminən beş, Ermənistandan altı, Azərbaycandan isə iki təşkilat - “Yaşıllar“ Partiyası və “Yaşıl Qafqaz“ iştirak edirdi.
- Tədbirin məqsədi nə idi?
- Yekunda bir sənəd qəbul olunub. Biz ora elə müddəalar salmışıq ki, hamısı bölgə xalqları arasında qarşılıqlı inam yaradan, təhlükəsizliyə təminat verən, insanları bir-birinə bağlayan mahiyyət aşılasın. Ona görə də sənəd “Cənubi Qafqaza yaşıl baxış“ adlanır. Qısası tədbirin məqsədi sırf sülhə və xalqlar arasında etimad körpüsünün yaradılmasına kömək göstərmək olub.
- Bildiyimiz qədər sənəd açıqdır, yəni gələcəkdə sıralarınıza kim istəsə qoşula bilərg
- Sənədin sonunda belə bir detal əks olunub ki, bəli, Qafqazda fəaliyyət göstərən hər bir təşkilatın sıralarımıza qatılmaq imkanı var. Təqribən iyirmiyə yaxın təşkilat tərəfindən imzalan həmin sənədə gələcəkdə ola bilsin ki, Dağlıq Qarabağ da qoşulsun, bu mümkündür. Hər halda gələn il növbəti dəfə toplaşacağıq və bu müddətdə sənədə qoşulan bütün təşkilatların nümayəndələri ilə görüş keçirəcəyik.
- Əgər gələn il keçirəcəyiniz toplantıda görsəniz ki, sənədə Qarabağ təşkilatları da imza atıb, mövqeyiniz necə olacaq?
- Təbii ki, Qarabağ qurumlarının həmin sənədə qoşulmasına yaxşı münasibət bəsləyəcəyik. Çünki əgər Qarabağ təşkilatları bizim sülhsevər və humanizmə söykənən ideyalarımızı bölüşəcəklərsə, bunun nəyi pisdir? Bunlar elə ideyalardır ki, onları qəbul edən təşkilatlara ancaq təşəkkür etmək lazımdır. Ona görə ki, ideyalarımızı dəstəkləyən insanlar mütləq Qafqazda sülhün və asayişin qorunmasına təminat vermiş olurlar.
- Telavidə Ermənistan nümayəndələri ilə ayrıca görüşlər keçirdinizmi?
- Konkret ikitərəfli görüşlərimiz olmayıb. Bunun da səbəbi odur ki, orada qaldığımız dörd gün ərzində səhərdən axşamadək bir yerdə olurduq və bütün müzakirələrdə birgə iştirak edirdik. Yeri gəlmişkən, nələri müzakirə etmişik, nələri danışmışıq, hamısını bu yaxınlarda nəşr olunacaq “Yaşıl Qafqaz“ jurnalında yayımlayacağıq. Mən yenə də deyirəm, dünyanın hansı ölkəsində olmasına baxmayaraq, ideyalarımızı qəbul edən hər bir təşkilatın sənədə qoşulmaq imkanı var və insanlar daha geniş təfərrüatı jurnalımızdan oxuya biləcəklər.
- Tədbirdə ermənilər necə davranırdı? Yəni hər hansı təxribata yol verirdilər?
- Bizim sənəddə regional əməkdaşlıq, insan hüquqları, demokratik dəyərlər, ekoloji yaxınlaşmalar və sair əks olunub. Ona görə də sənədə qoşulan Ermənistan bir növ öz üzərinə öhdəlik götürüb. Yeri gəlmişkən, tədbirdə Ermənistanın parlamentdə 7 millət vəkili ilə təmsil olunan “İrs“ partiyasının nümayəndələri iştirak edirdi, özü də çox aktiv idilər. Biz onları bir neçə dəfə başa saldıq ki, əgər sənədə imza atırlarsa, öz üzərilərinə məsuliyyət götürürlər. Yəni gələcək proqramlarda, çıxışlarda siyasi məsələrə yanaşmanı nəzərə alsınlar.
- Yeri gəlmişkən, ümumiyyətlə, Ermənistan “Yaşıllar“ının Qarabağ münaqişəsinin həlli məsələsində mövqeyi necədir?
- Bir söz deyim, ümumiyyətlə, heç bir ölkə “Yaşıllar“ının platforması bizimkindən əsaslı surətdə fərqlənmir. Çünki biz özümüz də ideyalarımızı Avropa “Yaşıllar“ından əxz eləmişik. Yəni bütün “Yaşıllar“ın qəbul etdiyi “Yaşıl ideologiya“ mövcuddur və buna əməl etməyə çalışırıq. İndi ermənilərin nə dərəcədə həmin ideologiyaya əməl edəcəklərini gələcək göstərəcək. Amma onu da bildirim ki, Ermənistan “Yaşıllar“ın öz ölkələrində Araz çayının çirkləndirilməsinə qarşı mübarizəyə başlayıblar. Onlar hökumətlərinə isbat etməyə çalışırlar ki, Araz bölgənin ümumi çayıdır və ora zərərli tullantılar atmaq yolverilməzdir. Eyni cür Gürcüstan “Yaşıllar“ı da rəsmi Tbilisiyə qarşı mövqe tutublar. Onlar da Tbilisinin kanalizasiya tullantılarının təmizlənmədən Kür çayına axıdılmasına qarşı çıxırlar. Ümumiyyətlə, harada olmasına baxmayaraq, “Yaşıllar“ın ideyaları insanlara ziyan vurmur, əksinə, xeyir verir. Bizim ideyalar ancaq transmilli korperasiyalara, NATO kimi təşkilatlara sərf etmir. Çünki onlar üçün ekoloji amillərdən daha çox şəxsi maraqlar vacibdir.
Vüsal Tağıbəyli