Falçılara daha çox kimlər inanır? – Aldadanlar və aldananlar

18:52 19.10.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Ötən günlərdə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir nəfər rayon sakinini fala baxmaq adı ilə aldadaraq onun pulunu mənimsəyən Bakı şəhər sakini Gülarə Abıyeva saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, G.Abıyeva Ağstafa rayonuna gələrək rayon sakininin qohumlarının məzarında cadu olduğunu bildirib və ondan həmin cadunun tapılmasına görə 2000 manat pul alıb. G. Abıyeva bir neçə ay sonra yenidən rayona gələrək həmin vətəndaşla görüşüb, eyni ritualı təkrar edərək vətəndaşın əlavə olaraq daha 2000 manatını dələduzluq yolu ilə mənimsəyib.

Görünən odur ki, belə hallar nə ilk deyil, nə də son olacaq. Ataların “Fala inanma, faldan da qalma” deyimi də bu yerdə yada düşür. Bəs görəsən bütün belə hadisələrdən sonra insanlar niyə hələ də xürafətə, fala inanır? Bir insan pullarını hansı səbəbdən fala və falçıya güvənib havaya sovurur?

Məsələ ilə bağlı hafta.az-a danışan psixoloq Gülnar Orucova bildirdi ki, falçıya gedən insanlar əsasən motuvasiyası zəif, yaşadığı hadisələrdən təsirlənib çıxış yolunu görə bilməyənlər, depressiyada olan, gələcəyinə daha çox bağlı və maraqlı şəxslər xüsusən də qadınlardır. Bunların içində gənc qızlar da var. Yaşlı nəsil isə falçılara daha çox inanır:

“Quran açdırmaq, Quranda gələcəyə baxmaq bu insanların əsas söyləntiləridir. Əslində isə Quranda elə bir şey yoxdur. Quran ayəsi yaxud surəsi ilə gələcək haqqında nə isə bilmək təbii ki mümkünsüzdür. Biz psixoloqlar müraciət edənləri motivasiya etməyi bacarırıq, falçılar da həmçinin bu işdə olduqca yaxşıdırlar. Onlar yanına gələn şəxsləri inancının gerçəkləşəcəyinə, onun uğrunda mübarizə aparmağa inandırır. Bilirik ki, inanc uğrunda mübarizə apardıqda qalib gəlinir. Sonra da bu qalibiyyəti falçı ilə əlaqələndirirlər”.

Psixoloq deyir ki, bəzən falçıya getməyin nəticəsi ölümlə belə nəticələnə bilir:

“Falçıya müraciət etməklə insanlar ölümə qədər gedib çıxa bilirlər. Dələduz falçılar daha artıq pul almaq üçün insana bədənində cin olduğu, bəxtinin bağlı olduğu və bu kimi digər yalanlar uydurur. Nəhayətində həmin insan ağır depressiyaya düşə yaxud intihar həddinə çata bilir”.

Mütəxəssis bir məqamı da xüsusi vurğuladı ki, ömrünü fala inanaraq keçirən və falçının dediyi ilə oturub-duran  heç vaxt sağlam düşüncəyə sahib ola bilməz:

“İnsanın həyatını davamlı olaraq falçılara bağlaması, onların dediyi ilə addımlamaqları, ən yanlış hərəkətdir. Bir müddət sonra falçı həmin şəxsi öz inandığı fikrə rahatlıqla inandıra bilər. Belə hallarla əsla razılaşmayın. Həyat bir mübarizədir. Bu mübarizədə gücünüz və iradəniz varsa qalib gələcəksiniz. Hər boşluğa düşəndə falçıya müraciət edib onun yalançı vədlərinə əməl etmək əvəzinə çıxış yolu axtarın. Ən depressiv vəziyyətlərdə mütəxəssislərə, psixoloqlara müraciət edin. Səbəbləri axtarın, yanlış insanlara yem yeri olmayın. Mən əminəm ki, falçılar onlara müraciət edənlərə ovçu gözü ilə, ov kimi baxırlar. Falçı şəxsi düzəltmək yox bacardığı qədər pul qoparmaq istəyir. Düşünək ki, falçının özü ağıllı kəs olsaydı qəbuluna çox sayda adam yığmaq əvəzinə pul qazanmağın daha asan yollarını tapardı”.

Sosioloq Əhməd Qəşəmoğlu isə məsələyə bir qədər fərqli yanaşır. Onun sözlərinə görə əsl falçı insan həyatına təsir edə və yön verə bilər. Ancaq, bundan qat-qat artıq fəsadlar da törədəcəkdir:

“Məsələ burasındadır ki, fala və falçılığa inama İslamın müqəddəs kitabı – Quranda da yaxşı baxılmır. Elmi baxımdan izahına gəldikdə isə, deyə bilərəm ki, falçılara müraciət etmək olduqca təhlükəlidir. Fal mövzusunda mühüm bir məqam var, bəzən insanlar bunu yaddan çıxardırlar. Falçıların çox az qisminin, təxmini 10-15 faizinin bu məsələdə azda olsa bacarıqları var.  Hər bir insanın müəyyən dalğaları var, bu dalğalara müdaxilə edib müəyyən informasiyaları dəyişmək yaxud da əldə etmək elmi baxımdan da izah olunub. Çox nadir adamlar bu dalğaları tutub ona yön verə bilir. İndi falçıların əksəriyyəti şarlatanlıq edirlər. Onlar heç bir bacarıqları olmadan insanları aldadıb pullarını mənimsəyirlər. Falçılara müraciət etməyin təhlükəli olmasına gəldikdə isə onlar insanın energetik sisteminə daxil olub məlumatlar verən zaman müxtəlif fəsadlar da törədirlər. Falçı nəyisə düz deyə bilər. O da bütün falçılara aid deyil, yalnız 10-15 faizi bu bacarığa sahibdir. Lakin həmin şəxslər belə insanda cürbəcür fəsadlar qoyur.  Ona görə də fikir versəniz görərsiniz ki, çox falçı yanına gedən insanların həyatında çoxlu sayda ciddi təhlükəlli hadisələr baş vermiş olur”.

Sosioloq fəsadların bununla kifayətlənmədiyini də dilə gətirdi:

“Həmçinin fal insanın psixologiyasına da mənfi təsir edir.  Falçının yanına getmək həm psixoloji, həm də energetik cəhətdən təhlükəlidir. Elə mənəvi cəhətdən də bu heç yaxşı iş deyil. Bir çoxları falçıya başqalarına pislik etmək üçün gedirlər. bütün bunları bir araya gətirdikdə anlamaq olur ki, niyə islam dini falı pisləyir”.

Oxunma sayı 880