FAO Azərbaycanda meşəçiliyin inkişafına dəstək verir

19:09 22.11.2019 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Azərbaycanda meşə sektorunun inkişafında öz dəstəyini əsirgəmir. Meşəçilik kənd təsərrüfatı və balıqçılıq sahələri ilə bərabər FAO-nun fokuslandığı 3 əsas sektordan biridir və bütün dünyada bu sərvətin qorunması istiqamətində müxtəlif layihələr həyata keçirir. FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak Azərtac-a müsahibəsində bildirib ki, rəhbərlik etdiyi ofis Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə hazırda meşəçilik sahəsi ilə bağlı böyük bir layihə həyata keçirir. Əməkdaşlığın növbəti mərhələsində bu sahədə daha 3 yeni layihəyə start veriləcək. Yeni layihələrdən biri meşələrin bərpası və genişləndirilməsini, meşəçilik sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsini və bu sahədə bilik və bacarıqların artırılmasını nəzərdə tutur. Bu layihənin donoru qismində Türkiyə iştirak edəcək.

“Azərbaycan, əslində az meşəli ölkələr sırasındadır və son məlumatlara görə ölkənin təxminən 12 faizi meşələrlə örtülüdür,” – deyən ofis rəhbəri xatırladıb ki, son illər ərzində Azərbaycanda böyük yaşıllaşdırma layihələri həyata keçirilir və milyonlarla ağac əkilir. Ağaclar, meşələr ekoloji tarazlığın qorunmasında əvəzsiz rola malikdir. Onlar bizim təbii sərvətimizdir və onları qorumaq və ağaclandırılmış sahələrin, meşələrin artırılmasına çalışmaq lazımdır. “Burada həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aqromeşə massivlərinin salınması təşəbbüsünü, həm də ölkədə aparılan yaşıllaşma və ağacəkmə kampaniyalarına ictimai sektor tərəfindən dəstəyi qeyd etmək lazımdır. Xüsusilə son illər IDEA İctimai Birliyi yaşıllıqların artırılması və qorunmasına xüsusi həssaslıqla yanaşır və genişmiqyaslı ağacəkmə aksiyaları həyata keçirir”, - deyə M.Çakmaq bildirib.

Növbəti ildə start veriləcək daha bir layihənin meşə quruluşu və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı olduğunu bildirən Mələk Çakmak bu layihənin bütün meşələrin idarəolunmasına yardım edəcəyini deyib.

Digər yeni layihə isə meşə sahələrində, milli parklarda biomüxtəlifliyin qorunmasına həsr olunacaq. Bu layihə FAO ilə Qlobal Ekoloji Fond (GEF) tərəfindən birgə həyata keçiriləcək.

FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak hesab edir ki, həyata keçirilən bu kimi işlər həm Azərbaycanın təbiətinin daha da zənginləşməsinə, ekoloji vəziyyətin yaxşılaşmasına xidmət edəcək, həm də Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına köməklik göstərəcək, eləcə də Azərbaycanın qəbul etdiyi Paris Sazişi üzrə 2030-cu ilə qədər hədəf kimi götürdüyü karbon qazı tullantılarının 35 faizə qədər azaldılmasına dair öhdəliyə öz töhfəsini verəcək.

Məlumat üçün bildirək ki, meşələr öz funksiyalarına görə eroziyaya qarşı (torpaq qoruyucu), su qoruyucu (meşə döşənəyi), çay kənarlarındakı qoruyucu meşələr (Kür çayı sahili Tuqay meşələri), şəhər yaşıllığı (parklar və bağlar), yol kənarındakı qoruyucu meşələr, istirahət və sanitar məqsədli kurort ərazilərdəki meşə sahələri və s. qruplara bölünür. Son illərdə respublikanın əksər bölgələrində meşəçilik və meşə təsərrüfatı tədbirlərinin həyata keçirilməsinə başlanılıb. Məqsəd meşələrin münbitliyini və məhsuldarlığını artırmaq, meşə fondu torpaqlarından daha səmərəli istifadə etmək, meşələrin ətraf mühitə müsbət təsirini və qoruyucu funksiyalarını yüksəltməkdən ibarətdir. Araşdırmalara görə, respublikamızda meşə ilə örtülü sahələrdə bitki örtüyü cinslərə görə təqribən aşağıdakı kimi paylanılıb: şam 0,04 faiz, ardıc 2,37 faiz, fıstıq 31,68 faiz, palıd 23,4 faiz, vələs 26,01faiz, göyrüş 0,01faiz, ağcaqayın 0,22 faiz, qovaq 3,58 faiz, qızılağac 1,87 faiz, cökə 1,71faiz, qarağac 1,16 faiz, digər cinslər 7,95 faiz olduğu müəyyən edilib.Dünyada rast gəlinən bitki növlərinin demək olar ki, hamısı respublikamızda yayılıb. Azərbaycanda bitən təxminən 4500 növ ali, sporlu çiçəkli bitkilər 125 dəstə 920 cinsdə birləşir.

Azərbaycanın dövlət əhəmiyyətli meşə fondunun ümumi sahəsi 1159,2 min hektardır, o cümlədən meşə ilə örtülü 935,5 min ha, ümumi oduncaq ehtiyatı isə 124,54 min m3-dir. Ümumiyyətlə meşə sahələrinə və oduncağın ehtiyatına görə Azərbaycan azmeşəli (meşəsi çatışmayan) respublikadır. Burada hər adambasına 0,14 ha meşə sahəsi və 18,4 m3 oduncaq düşür. Respublika ərazisinin meşəliliyi 11,4 faizdir və onlar ərazidə heç də bərabər şəkildə yerləşməyib. Meşələrin əsas sahəsi Böyük Qafqazın cənub yamacları hissəsindədir - 311,1 min ha, Qarabağda 187,7 min ha, Talışda isə 139,7 min ha-dır. Əgər dağ zonalarında meşəlilik 18-43faiz arasında dəyişirsə, aran rayonlarında 0,5-2 faizə qədər azalır. Burada tamamilə meşəsiz olan inzibati rayonlar da mövcuddur. Belə ki, dağ yamaclarında və dağ çaylarının vadilərində meşələr ərazinin 60-95 faizni tutduğu halda, dağətəyi və düzənlik sahələrin yalnız 2-15 faizi meşəlikdir, Naxçıvan MR-da isə 0,4 faiz təşkil edir.

Azərbaycanda dərman bitkilərinin 300-dən artıq növü yayılıb. Həmin bitkilərdən (bağayarpağı, yovşan, kəklikotu, qantəpər, moruq, çiyələk, dazıotu, gicitkan və s.) təbabətdə istifadə olunur. Eyni zamanda bizdə xeyli meşə ağac və kol cinsləri də məlumdur ki, onlardan da dərman bitkisi (cökə, dağdağan, şam, palıd, qoz ağacı, adi ardıc, yemşan, böyürtkan, itburnu, çaytikanı, sumax, nar və s.) kimi istifadə olunur.

Araşdırmalara görə, respublikada meşələrin əhali üçün rekreasiya məqsədlərilə istifadəsinin geniş perspektivləri vardır. Belə ki, meşələrin nəhəng oksigen istehsaledici qüvvəsi, təbiətdə rast gəlinən ayrı-ayrı mənfi halları və antropogen təsiri yox etmək və ya azaltmaq (sel axınlarının, güclü küləklərin, ciddi mənfi hərarətin, günəşin yüksək şüalanmalarının, hava hövzəsinin, torpağın, suyun çirklənməsinin, səs-küyün qarşısını almaq) qabiliyyəti inkaredilməzdir. Eyni zamanda havanı tozdan, küləkdən, tüstüdən, hısdən və s. kimi insanlara ziyan verən qarışıqlardan təmizləməkdə meşələrin çox böyük sağlamlaşdırıcı rolu mövcuddur. Müəyyən edilib ki, 1 hektar palıd meşəsi gün ərzində 56 ton, fıstıq meşəsi 68 ton, şam meşəsi 38 ton tozu öz çətirləri (yarpaqları) arasından süzdürür və tozdan təmizləyir. Bir sözlə, respublikanın meşələri təmiz və müalicəvi havanın əsl mənbəyidir, onu oksigenin aktiv forması ilə zənginləşdirir. Meşələr özlərinin müalicəvi və estetik xüsusiyyətləri ilə insanların yüksək dərəcədə iş qabiliyyətini təmin etməyə, səhhətlərini və uzunömürlülüyünü qorumağa qadirdir.

Mütəxəssislər hesab edirlər ki, meşələrin rekreasiya əhəmiyyəti, istirahət, müalicə və turizm məqsədilə kütləvi surətdə istifadəsində özünü göstərir. Rekreasiya obyekti kimi Böyük və Kiçik Qafqazın, həmçının Talış dağ meşələrini, eyni zamanda Xəzər dənizi kənarında yerləşən (Nabran) meşələri, Kür çayı boyundakı ağaclıqları və s. göstərmək olar. Təbii ki, meşələrin insan həyatı üçün yuxarıda qeyd edilən müsbət xüsusiyyətlərini vurğulamaqla yanaşı onların sahəsinin genişləndirilməsi, sıxlığının artırılması, cins tərkibinin yaxşılaşdırılması, aqrotexniki qulluq səviyyəsinin yüksəldilməs ön plana çəkilməlidir.

Mövzu ilə bağlı bizimlə fikirlərini bölüşən ekoloq Telman Zeynalov bildirib ki,

Azərbaycanda əvvəlki dövrlərlə müqayisədə meşələrə nəzarət xeyli güclənib. Bunun hesabına isə yaşıllıq sahələri artmaqdadır: “Meşə sözün əsl mənasında, təbii kübrə fabrikidir. Tarlaların münbitliyi meşələrdən çox asılıdır. Meşələr torpağın yuyulmasının və eroziyanın qarşısını alır, əkin sahələrini qoruyur, çayların mənbəyini su ilə təmin edir, iqlimi tənzimləyir, havanı təmizləyir. Məsələn, ərazinin 30 faizi meşə ilə örtülü olan ölkədə heç vaxt quraqlıq hiss edliməz, tarlalardan daim sabit və yüksək məhsul götürülər. Torpağın, suyun, ağac, kol, ot bitkilərinin, heyvanat aləminin, mikroorqanizmlərin vəhdəti hesab edilən meşə sahələri Azərbaycanın ən qiymətli milli təbii sərvətidir. Torpağın üst münbit qatının yuyulub getməsinin qarşısının alınmasında, sel daşqınlarının minimuma endirilməsində, tarlaların küləkdən və quraqlıqdan qorunmasında meşələrin müstəsna əhəmiyyəti var. Ona görə də bu milli sərvətə sahib çıxmaq hər bir azərbaycanlının vətəndaşlıq borcudur”.

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi əsasında hazırlanıb.