Fasiləli oruc tutmaq Alzheymer riskini azaldır

09:44 08.12.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Yeni bir araşdırma, aralıq orucun Alzheymer xəstəliyinin qarşısını almağa və ya yavaşlatmağa kömək edə biləcəyini ortaya qoyub.

Hafta.az-ın “Fox News”a istinadən yazdığına görə, Kaliforniya Universitetinin San Dieqo Tibb Fakültəsinin tədqiqatçıları müəyyən siçan qruplarının qidalanma cədvəlini hər gün yalnız altı saatlıq fasilələrlə yeyə bilmələri üçün düzəldiblər. Digər qrupa isə günün istənilən vaxtında yemək icazəsi verilib.

Komanda siçanların qısa və uzunmüddətli yaddaşının gücünü ölçmək üçün müxtəlif sınaqlar keçirib.

Qrup həmçinin iltihab səviyyəsini və Alzheymerlə əlaqəli müəyyən zülalları ölçmək üçün onları müxtəlif qan testlərinə məruz qoyub.

Tədqiqat qrupu, aralıq oruc tutduqdan sonra siçanlarda yaddaşda nəzərəçarpacaq yaxşılaşma və yuxu pozğunluqlarında azalma tapıb. Onlar həmçinin beyində Alzheymer xəstəliyinin əlaməti olan amiloid zülallarının daha az yığıldığını göstəriblər.

Tədqiqatın müəllifi, San Dieqo Tibb Məktəbinin Neyrologiya Departamentinin professoru Paula Desplats araşdırmalarını şərh edib: "Tədqiqatımıza başladığımız zaman, ürək xəstəliyi və diabet kimi digər xəstəliklərin qarşısının alınmasında aralıq orucun əhəmiyyətli müsbət təsirlərini görəcəyimizi gözləyirdik, lakin lövhə və iltihabı azaltmaq və yaddaşı yaxşılaşdırmaqda belə dərin təsirlər gözləmirdik".

Desplats əlavə edib ki, aralıq oruc tutmaq gün ərzində istehlak edilməli olan kalorilərin sayını dəqiqləşdirməyi və ya insanın vərdiş etdiyi pəhrizin dəyişdirilməsini tələb etmir.

Tədqiqatçılar bu nəticələri təsdiqləmək üçün gələcəkdə insanlar üzərində sınaqlar keçirəcəklərini bildiriblər.

Fasiləli oruc müəyyən bir müddət ərzində yeməyə əsaslanan qidalanma növü kimi tanınır. “Orucluq” deyilən dövrdə yalnız su içməyə icazə verildiyi halda, kalorili qida və içkilərin qəbulu qadağandır. Yalnız müəyyən edilmiş saatlarda normal yemək yemək mümkündür.

Daha əvvəl bir sıra tədqiqatlar göstərib ki, aralıq oruc tutmaq qan şəkərini idarə etməyə və ürək-damar xəstəlikləri riskini azaltmağa kömək edə bilər.

Ötən ay Böyük Britaniyada aparılan bir araşdırma göstərib ki, gündə 14 saat fasiləli oruc tutmaqla əhval-ruhiyyəni və yuxunu yaxşılaşdırmaq, aclıq səviyyəsini azaltmaq olar.

Oxunma sayı 42