Fillər aləmində nadir hadisə: Keniyada əkiz fillər doğulub

11:10 29.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Heyvanların hüquqlarının müdafiəsi təşkilatı Save the Elephants noyabrın 24-də yaydığı bir yazıda bu həftə Alto adlı filin əkiz balalarını gördüklərini açıqladı.

Hafta.az-ın “News 5”ə istinadən yazdığına görə, fillərdə əkiz doğuşun çox nadir olduğunu bildirən dərnək, hər ikisi dişi olan balaların Keniyanın şimalındakı Samburu Milli Qoruğunda yaşadıqlarını bildirib.

Save the Elephant-ın paylaşdığı videoda iki sağlam bala anasını əmizdirərək ətrafda qaçır.

Ən böyük quru məməliləri olan fillərdə əkiz balalar doğulanların cəmi 1 faizini təşkil edir. Ən son olaraq, 2022-ci ilin yanvarında eyni bölgədə Bora adlı fil erkək və dişi əkiz balalarını dünyaya gətirib. Ancaq şans həmişə əkizlərin tərəfində olmaya bilər. Dərnək ən quraq dövrdə dünyaya gələn Boranın dişi əkizinin dünyasını dəyişdiyini bildirib.

Dişi balanın anasının mükəmməl baxım bacarığına baxmayaraq öldüyünü ifadə edən heyvan hüquqları müdafiəçiləri, Altonun körpələrinin gələcəyi ilə bağlı ümidli olduqlarını dilə gətirirlər.

Dərnək Alto balaları haqqında bunları deyib: "Əkiz fillər təbiətdə nadir hallarda sağ qalırlar. Ancaq yağışlı dövrdən sonra parkda bol yemək olduğu üçün Alto əkizlərindən ümidliyik. Buna görə də Alto balalarını qidalandırmaq üçün bol süd istehsal edə bilir".

Afrika filləri məməlilər arasında ən uzun hamiləlik dövrü keçirirlər. Fillər balalarını 22 aya qədər bətnində daşıyır və hər 4 ildən bir doğur.

Afrika savanna fili Beynəlxalq Təbiəti Mühafizə İttifaqının nəsli kəsilməkdə olan fillər siyahısındadır.

Səlahiyyətlilər brakonyerlik və yaşayış yerlərinin dağıdılması səbəbindən fillərin sayının sürətlə azalmasına diqqət çəkirlər.

Keniya Vəhşi Təbiət Xidmətinin məlumatına görə, 1970-ci və 1980-ci illərin əvvəllərində ölkədə fillərin sayı 170 min civarında olsa da, fil sümüyünə tələbat səbəbindən onların sayı 1989-cu ilin sonunadək təxminən 16 minə enib.