On bir yaşlı Lihannanın cinsi zorakılıq nəticəsində faciəvi şəkildə ölməsi Fransada dərin hiddət və kədər doğurub. Hadisə təkcə bir uşağın həyatının itirilməsi kimi deyil, həm də dövlət institutlarının, xüsusilə məhkəmə və hüquq-mühafizə sisteminin fəaliyyətinə dair ciddi suallar yaradan faciə kimi qiymətləndirilir.
Hafta.az xəbər verir ki, ictimaiyyətin qəzəbinə səbəb olan əsas məqamlardan biri şübhəli bilinən şəxslə bağlı daha əvvəl mövcud olmuş məlumat və xəbərdarlıqların vaxtında və lazımi şəkildə qiymətləndirilməməsi barədə ortaya çıxan iddialardır. Mətbuatda yer alan məlumatlara görə, hadisə ilə əlaqələndirilən şəxs haqqında əvvəllər də zorakılıq xarakterli məlumatlar hüquq-mühafizə orqanlarına təqdim edilib.
Lihannanın ölümü Fransada uzun illərdir müzakirə olunan bir problemi - uşaqların müdafiəsi sahəsində dövlət mexanizmlərinin effektivliyini yenidən gündəmə gətirib. Uşaq hüquqlarını müdafiə edən təşkilatlar dəfələrlə xəbərdarlıq edib ki, zorakılıq və istismar halları ilə bağlı minlərlə müraciət illərlə araşdırılmadan qalır və ya gecikdirilir. Bəzi hallarda isə risk altında olan uşaqların müdafiəsi üçün zəruri tədbirlər vaxtında görülmür.
Hadisədən sonra Fransa hökuməti vəziyyətin ciddiliyini etiraf etməyə məcbur olub. Baş nazir Sebastyen Lökornü uşaqların müdafiəsi ilə bağlı yeni tədbirlərin hazırlanacağını açıqlayıb. Ədliyyə naziri Jerald Darmanən isə ölkə üzrə uşaqlara qarşı törədilmiş cinayət və hüquq pozuntuları ilə bağlı on minlərlə işin yenidən nəzərdən keçiriləcəyini bildirib.
Lakin ictimaiyyət üçün əsas məsələ yeni vədlər deyil, məsuliyyətin müəyyən edilməsidir. Bir çox vətəndaş və hüquq müdafiəçisi hesab edir ki, faciəyə səbəb olan institusional çatışmazlıqlar araşdırılmalı, səhvlərə yol verən qurumlar və vəzifəli şəxslər cavab verməlidirlər.
Lihannanın ölümü Fransada məhkəmə sisteminin və uşaq müdafiəsi mexanizmlərinin vəziyyəti barədə geniş müzakirələrə yol açıb. Ekspertlər bildirirlər ki, əgər dövlət qurumları arasında koordinasiya zəifdirsə, şikayətlər vaxtında araşdırılmırsa və risklər düzgün qiymətləndirilmirsə, ən müasir qanunlar belə faciələrin qarşısını almaqda aciz qalır.
Bu gün Fransa cəmiyyətinin qarşısında duran əsas sual budur: Lihannanın ölümü sadəcə növbəti faciə kimi yadda qalacaq, yoxsa uşaqların müdafiəsi sistemində real və dərin islahatların başlanğıc nöqtəsinə çevriləcək?
Bir çox ailələr və ictimai təşkilatlar hesab edir ki, Lihannanın adı yalnız bir cinayət işinin deyil, həm də dövlətin öz vətəndaşlarını, xüsusilə ən həssas təbəqə olan uşaqları qorumaq öhdəliyini nə dərəcədə yerinə yetirdiyinin simvoluna çevrilib.
Qeyd edək ki, Fransada vətəndaşlar nümayişə çıxaraq ədalət tələb edir, ədliyyə nazirini isə istefa verməyə çağırırlar.