Fransanın Cənubi Qafqazda təxribatları uğursuzluğa məhkumdur - Ərəb mediası

17:02 07.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ərəb ölkələrinin “Al Madeyin”, “Aqnadin”, “Əl Hərir” portallarında Fransanın Cənubi Qafqazda dayanıqlı sülhün və təhlükəsizliyin bərqərar olması prosesinə törətdiyi əngəllər barədə məqalə dərc olunub.

Hafta.az xəbər verir ki, iordaniyalı akademik Mərvan Musa Sudanın müəllifi olduğu “Fransanın balansı pozulmuş siyasəti” sərlövhəli məqalədə rəsmi Parisin Azərbaycanla Ermənistan arasında sülh prosesində birtərəfli mövqeyi barədə ətraflı məlumat verilib. Müəllif qeyd edib ki, Fransa Senatı və Milli Assambleyasının Azərbaycan əleyhinə qəbul etdiyi bədnam qətnamələr təxribatdan başqa bir şey deyil. Bu ermənipərəst siyasətin ən təhlükəli cəhəti ondan ibarətdir ki, Paris Bakı ilə İrəvan arasında vasitəçiliyə iddia etməklə, əslində, regional sülhü və ermənilərin özlərinin təhlükəsizliyini zərbə altında qoyur. Belə ki, hər kəsə bəllidir ki, Ermənistan hazırkı şəraitdə silahlı qüvvələri və iqtisadiyyatı dağılmış vəziyyətdədir. Ermənilərin yeganə xilas yolu qonşuları, xüsusən Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaq və Fransa tərəfindən hər hansı təxribata qarşı gəlməkdir.

Məqalədə diqqətə çatdırılıb ki, Fransa hökumətinin təkcə Azərbaycana deyil, digər ölkələrə münasibətdə də xarici siyasətində ciddi ziddiyyətlər mövcuddur. Rəsmi Parisin diplomatik kursunda beynəlxalq normaların pozulması hallarına daha çox rast gəlinir. Bu, Fransanın keçmiş müstəmləkələrində daha aydın görünür. Elə bu səbəbdəndir ki, Afrikada fransızlara qarşı etiraz dalğası güclənir və Parisin mövqeyi daha da zəifləyir. Cənubi Qafqaza gəldikdə, Fransa bu regionda heç vaxt söz sahibi olmayıb. Nədənsə, ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş Paris Azərbaycan torpaqlarının 30 ilə yaxın Ermənistanın işğalı altında qalmasına biganə yanaşıb, amma indi erməni mövqeyindən sülh prosesində iştirak etməyə cəhd edir. Prezident İlham Əliyevin də dediyi kimi, Fransa artıq obyektiv və ədalətli vasitəçi reputasiyasını itirib. İndi rəsmi Bakı Parisin iştirak edəcəyi hər hansı danışıqlardan da imtina edib.

Müəllif sonda yazıb: “Bu gün Azərbaycan işğaldan azad etdiyi Qarabağda irimiqyaslı bərpa-quruculuq işləri aparır və eyni zamanda, regional sülhün möhkəmlənməsi təşəbbüsləri ilə çıxış edir. Ermənistandakı revanşist qüvvələr isə Fransanın təxribatlarına uymaqla bu proseslərə əngəl törətmək istəyirlər. Lakin indi reallıqlar başqadır. Güclü Azərbaycan amili, regional aktorların mövqelərində dəyişiklik, nəhayət, 44 günlük müharibənin nəticələri fonunda təxribatlar uğursuzluğa məhkumdur”.azertac

Oxunma sayı 1340
Siyasət rubrikasından digər xəbərlər