Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarovla hafta.az üçün yeni ildəki ilk söhbətimizdə sabiq baş diplomat Qazaxıstan baş verən son faciəvi olaylardan danışıb, Putinin guya SSRİ-ni bərpa etmək cəhdlərinə, Ermənistanın KTMT çərçivəsində bəhs edilən ölkəyə əsgəri yardım göndərməsinə münasibət bildirib, keçmiş ittifaq məkanında cərəyan edən hadisə və proseslər fonunda Qarabağ və Zəngəzur dəhlizi məsələlərinin tam həlli üçün görüləcək işlərlə bağlı öz proqnozlarını diqqətə çatdırıb.
-Tofiq müəllim, bir sıra şərhçilər Qazaxıstanda hazırda cərəyan edən məlum hadisələrdən sonra artıq Kremlin, konkret Putin hakimiyyətinin keçmiş müttəfiq respublikalara qarşı niyyətinin tam aşkar edildiyini bildirir. Yəni söhbət Rusiya imperiyasının keçmiş SSRİ sərhədlərində bu və ya digər formada bərpasından gedir. Eyni məntiqlə bu günlərdə Rusiya ordusunun başçılığı ilə Ermənistan hərbçilərinin də iştirakıyla bir növ “koalisiya qüvvələri” KTMT adıyla faktiki olaraq Qazaxıstana təcavüz edib. Azərbaycanın Qarabağ torpaqlarında isə Rusiya hərbi qüvvələri artıq bir ildən çoxdur ki səhv, ya doğru qərar verməyimizdən asılı olmayaraq “sülhməramlı” adı altında öz bildikləri kimi davranırlar. Necə düşünürsüz, belə bir məqamda, baş verən son olaylar fonunda 2022-ci ildə Qarabağdakı və Ermənistanla sərhəddəki, eləcə də Zəngəzur yoluyla bağlı proseslər hansı yöndə inkişaf edəcək?
-Əvvəla, mən o ideyanın tərəfdarı deyiləm ki, guya Putin SSRİ-ni hansısa formada bərpa etmək istəyir. Bu, mümkün olan məsələ və doğru iddia deyil. Və oraya 2400 hərbçinin daxil olması hələ dünyanın axırı deyil. Ona görə ərazicə Fransadan 4,2 dəfə böyük olan Qazaxıstanı bir neçə minlik əsgərlə Rusiyaya tabe etdirmək mümkün deyil. Diqqət edin, 20 minlik Qarabağa 2 min Rusiya əsgəri yerləşdirilib, 20 milyonluq Qazaxıstana isə cəmi 2400... Gülməli rəqəmdir. Deyilmi? Xülasə, əsas səbəb işğal cəhdi deyil. Əsas səbəb başqadır. Məsələ ondan ibarətdir ki, dünyada və regionda ciddi geo-siyasi proseslər başlayır. Və həmin proseslərin mahiyyəti ondan ibarətdir ki, ABŞ və Çin arasında ciddi rəqabət və qarşıdurma prosesi gedir. Artıq bu, açıq şəkildə bəyan edilir. Və hesab edirəm ki, hazırda Qazaxıstanda baş verən proseslər birbaşa bununla bağlıdır. Bəs nə üçün biz burada Moskvanın fəallaşmasını görürük? Çünki deyilən qarşıdurmada bir nüvə dövləti olaraq Rusiyanın hansı mövqe tutacağı, neytral mövqedə qalacağı, yaxud hansısa tərəfin yanında olacağı müəyyən olunur. Bu, hazırkı mərhələdə ən əsas məsələlərdən biridir. Amma indi hələlik məsələ o yerdədir ki, hadisələrin necə inkişaf edəcəyini təsəvvür etmək hələ də çətindir. Bununla belə, əminəm ki, proseslər SSRİ-nin bərpası, yaxud “Sovet İttifaqı №2” planı ilə yox, qeyd etdiyim məsələlərlə bağlıdır...
Bu fonda Azərbaycan və Ermənistanla bağlı proseslərə gəldikdə, hesab edirəm ki, artıq Qarabağ məsələsi həll olunub. Bu, bəllidir. Artıq ötən ildəki proseslər və beynəlxalq səviyyədə olan təmaslar onu göstərir ki, hamı Azərbaycanın qalib olduğu müharibənin nəticələrini tanımağa, qəbul etməyə məcbur olub. Ona görə də düşünürəm ki, 2022-ci ildə istər Qarabağ, istər Zəngəzur dəhlizi ilə bağlı digər problemlərin həlli istiqamətindəki müsbət tendesiyalar davam edəcək. O ki qaldı Laçın dəhlizi mövzusuna, Ermənistan açıq şəkildə bəyan edib ki, Zəngəzurda onun suverenliyi qalmaq şərti ilə həmin oradan keçən yolların açılmasına icazə verəcək. Zənnimcə, oxşar formul Laçın yolunda da tətbiq olunmalıdır. Yəni təhlükəsizlik baxımından bəlkə də Rusiya hərbçiləri öz rolunu oynamaqda, post-partul xidmətini-filanı təşkil etməkdə davam edəcəklər. Amma Azərbaycanın dəhlizdəki dövlət sərhədinə giriş-çıxış, gömrük və s. məsələlərin icrasını müvafiq dövlət qurumlarımız həyata keçirməlidirlər.
-“Qarabağ məsələsi həll olub” deyirik, fəqət, torpaqlarımızda hələ də Kremlin faktiki olaraq həm siyasi, həm də mənəvi və sosial himayə etdiyi separatçı-terrorçu ünsürlər və onların silahlı qüvvələri qalmaqda, təxribatlarını davam etdirməkdədırlər. Separatçı rejimin qanunsuz “parlamenti”, “xarici işlər nazirliyi”, “ombudsmanı” və s. iki gündən bir əleyhimizə bəyanatlar verir, xaricə səfərlər edir və s. Bütün bunlar gələcək üçün təhlükə yaratmırmı?
-Demirəm ki, Qarabağda və sərhədlərdə təxribatlar olmayacaq. Sadəcə, demək istəyirəm ki, artıq strateji baxımdan Ermənistan və Qarabağda yerləşmiş separatçı qüvvələr üçün heç bir şans qalmayıb. Bunun əsas göstəricisi də ondan ibarətdir ki, oradakı separatçı ruhlu şəxslərin xaricə axını başlayıb və həmin axın gündən-günə güclənəcək. Qarabağdan erməni köçünü gücləndirən əsas amillərdən biri də, inşallah, bu ildən işğaldan azad torpaqlarımıza soydaşlarımızın kütləvi qayıdışının başlanacağı haqda xəbərlərdir. Və təbii ki, həmin proses separatçılara böyük mənəvi-ideoloji təzyiq olacaq. Beləliklə, Qarabağda faktiki məskunlaşan ermənilərin sayı azaldıqca oradakı separatçı meyillər də sıfıra yaxınlaşacaq...
-Qazaxıstanda baş verən faciəvi olayların məhz Rusiyanın “5-ci kalon”u tərəfindən planlaşdırılıb icra edildiyi iddia olinur. Bəs sizcə, Azərbaycandakı “5-ci kalon” dediyimiz qüvvələr bu saat ölkəmizə, xüsusilə Qarabağa dair nə iş görür və bu yaxın aylarda, bu il ərzində nələr etməyi planlaşdırır?
-Əvvəla, dünyada birmənalı olaraq tarixi bir proses baş verib - SSRİ dağılıb və bunun əsasında dünya quruluşu dəyişib. İndi deyirsiz ki, yenidən sovet ittifaqı bərpa ediləcək. Təbii ki, yox...
-Amma 1917-ci ildə çar Rusiyası dağıldı və 5 il sonra onun yerində fərqli formada yeni imperiya – Sovet İttifaqı quruldu. Yəni imperiya, sadəcə, cildini dəyişdi...
-Bilirsiz, onu da unutmayaq ki, artıq son 30 ildən çox müddətdə postsovet məkanında yüz milyonlarla insanın zehnində müstəqillik və dövlətçilik ideyaları formalaşıb. Və bunu beyinlərdən silmək qeyri-mümkündür. Bu məsələni hansısa ölkəyə qoşun yeritməklə də həll etmək mümkün deyil. Mümkün olsaydı, yəqin ki, Putin indiyədək bunu edərdi. Artıq insanlar mənəvi-psixoloji baxımdan bu ideyları tam şəkildə qəbul edib. Prosesləri arxaya doğru yönəltmək isə mümkün olan iş deyil axı...
-Zəhmət olmasa, əsas sualımıza qayıdaq. Azərbaycanda “5-ci kalon” nə iş görür və nələri planlaşdırır?
-Ölkəni Rusiya təsirinə qaytarmaq cəhdləri, təbii ki, olacaq. Mən bunu istisna etmirəm. Amma Azərbaycan xalqında da, dövlət sistemində də artıq, dediyim kimi, müstəqillik, Rusiyadan ayrı yaşamaq mentaliteti formalaşıb. Artıq bu düşüncə ilə neçə nəsil yetişib. Bunları dəyişmək mümkündürmü? Və bunu dəyişdirə bilməyəcəyimiz halda hər bir ölkə sakinin yanında bir rus əsgəri qoymaq da mümkün deyil axı... Gəlin özümüzü Rusiyadan həddindən artıq qorxutmayaq...
-Necə hesab edirsiz, demokrat kimi tanıdılan Paşinyan nədən KTMT çərçivəsində hamıdan öncə hərbi birləşmə göndərməyə hazır olduğunu bəyan etdi? Və bunu etməklə o, Ermənistan hakimiyyətinin Qarabağ siyasətinə hansı “töhfə”ni vermək niyyətindədir?
-Bilirsiz, əvvəla, demokrat olmaq peşə deyil, peşə baş nazirlikdir... Və görünür, Paşinyan KTMT-ni canlandırmağa töhfə vermək istəyir ki, gələcəkdə bir problem olanda həmin təşkilat Ermənistanın da köməyinə gəlsin... Amma KTMT artıq 30 ilə yaxındır fəaliyyət göstərir və yalnız birinci dəfədir ki, belə bir real əməliyyat keçirməyə başlayıb. Özü də dediyim kimi, cəmi 2400 əsgər ilə... Odur ki, bunlar ciddi görsənmir. Bu hərəkətlərin hamısı bir teatr tamaşasına bənzəyir...