Gəlin toyunda həlak oldu- Günün təzadları

18:18 20.09.2019 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Braziliyanın San-Paulo şəhərində toy yasa döndü. Hafta.az xəbər verir ki, Redaktor.az-ın yaydığı məlumata görə, 30 yaşlı hamilə qadın Cessika Qedez öz toy günündə vəfat edib. Təhlükəli hamiləlik keçirən və toy karvanı ilə mərasimin keçiriləcəyi məkana gedən qadının halı yolda pisləşib. Gəlin-bəy avtomobilinin sürücüsü mərasim yeri əvəzinə maşını dərhal xəstəxanaya sürüb. Qadının vəziyyətinin kritik olduğunu görən həkimlər qeysəriyyə əməliyyatı ilə uşağı götürüblər. Körpənin həyatı xilas olsa da, ana əməliyyatdan sağ çıxmayıb. Xəstəxanadan verilən məlumata görə, vəfat edən qadının urəyində ciddi qüsur olub.

 

Gənc müsəlman ingilis baş naziri üzbəüz ittiham etdi

Böyük Britaniyanın Baş naziri Boris Conson bir uşaq xəstəxanasında onunla təsadüfən rastlaşan gənc bir müsəlmandan ictimai “töhmət” aldı.  Hafta.az Rusiya mediasına istinadla  xəbər verir ki, ibrətamiz olay Londonun şərqində, Consonun ziyarət etdiyi bir xəstəxanada meydana gəlib. Baş naziri görən 7 günlük xəstə uşağın atası Ömər Səlim jurnalistlərin kameraları qarşısında onu qəzəblə ittiham edib. Müsəlman ata uşaq xəstəxanasında həkim və tibb işçilərinin çatışmazlığından və səhiyyədəki problemlərdən  kəskin narazılığını bildirib.  Ömər hökumət başçısını yalnız bir uşaq xəstəxanasında özünü media qarşısında gözəl nümayiş etdirmək niyyəti üçün də qınayıb. "Burada mətbuat yoxdur" deyən baş nazir etiraz etmək istəsə də, gənc müsəlman əsəbiləşib və dialoqlarını lentə alan kameralara işarə edərək deyib: "Bu, nə deməkdir, mətbuat yoxdur?! Bəs bu adamlar kimdir?!.” Xəstəxanadakı hadisədən sonra Boris Conson sosial şəbəkədə yazdığı şərhdə baş nazir vəzifəsini cəmi 57 gündür apardığını və Britaniya vətəndaşının qınağını alçaldıcı hesab etmədiyini ifadə edib. "Bu, mənim işimin bir hissəsidir"- deyə qatı bir  islamofob kimi “şöhrətlənmiş” ingilis hökumət başçısı yazıb.

 

Qarı pulunu oğurlamaq istəyən gənc qızı döydü

İngiltərədə 81 yaşlı Doren Cones bankomatdan pul çıxarmaq istəyərkən gənc qızın hücumuna məruz qaldı. Hafta.az-ın Musavat.com-a istinadla verdiyi məlumata görə, gənc D.Conesin pullarını ələ keçirmək istəsə də, ahıl qadın onun arzusunu ürəyində qoyub. Gənc qız bankomatdan pul çıxarmaq istəyən qadını uzun müddət izləyib, daha sonra isə əlindəki kağızı ona göstərərək, başını qatmağa çalışıb. Ancaq bu variant işə yaramayıb. Doren hücumçunun saçından tutaraq, onu zərərsizləşdirib. Gənc qız ahıl qadının əlindən xilas olaraq, qaçmağa başlayıb. Bir müddət sonra cinayətkar polis tərəfindən saxlanılıb. Hadisə anbaan təhlükəsizlik kamerasına əks olunub.

 

Tacik kuryer məktəblini intihardan xilas etdi

Moskvada fəaliyyət göstərən “Yandeks. Qida” şirkətinin öz əməkdaşı, Tacikistandan olan mühacir Bahrom Qulomkadırovu fədakar davranışına görə mükafatlandırmaq niyyətində olduğu bilindi. Hafta.az bu haqda Rusiya mediasına istinadla xəbər verir.  Əmək miqrantı Tatişev küçəsində növbəti sifarişi çatdırmağa gedərkən yaxınlıqdakı binanın pəncərəsindən boylanan oğlanın özünü aşağı atmaq istədiyini görüb.  Həmin vaxt içəridən səslənən anası  yeniyetmənin intihardan çəkinməsi üçün ona yalvarırdı. Bahrom tərəddüd etmədən dərhal binanın üzərindəki su borusu ilə  pəncərəyə qalxaraq məktəbli uşağa yaxınlaşıb və ona bir neçə kəlmə deməklə içəri qayıtmağa vadar edib. Oğlanın sakitləşdiyini gördükdən sonra miqrant yenidən aşağı enərək işinə qayıdıb. Məktəblinin anası tacik kuryerin çalışdığı şirkətə zəng edərək onun qəhrəmanlığına və oğlunu ölümdən xilas etdiyinə görə təşəkkür edib.

 

Ağstafada 11 raket  tapıldı

19 sentyabr tarixində saat 17:36-da Dövlət Sərhəd ANAMA-ya Ağstafa rayonu, Ağgöl kəndi ərazisində 11 ədəd tank əleyhinə minanın və 2 ədəd mərminin tapılması barədə məlumat daxil oldu. Hafta.az yazır ki, ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Dövlət Sərhəd Xidmətinin(DSX) əməkdaşları dərhal həmin əraziyə göndərilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən mühasirəyə alınmışdır. Təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 11 ədəd “PQ-7” raketinin mühərrik hissəsi, 6 ədəd (tərkibində heç bir partlayıcı maddə olmayan) top mərmisi (2 ədəd 37 mm-lik “BR-167” və 4 ədəd 100 mm-lik “BR-412”), 2 ədəd təlim məqsədli (tərkibində heç bir partlayıcı maddə olmayan) “PQ-2” raketi və 1 ədəd təlim məqsədli(tərkibində heç bir partlayıcı maddə olmayan)tank əleyhinə mina (“UİTM-60”) aşkar olunmuş, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.