Gənc heykəltəraşlar iş tapa bilmir - Professor Akif Əsgərov

12:48 01.07.2021 Müəllif:Banu Hüseynli
Yazını böyüt
Yazını kiçilt

Daşları canlandırıb onlara nəfəs verən heykəltəraşlar tarix boyu çox qiymətli sənət nümunələri ilə məşhurlaşıblar. Bu sənətin tarixi dünyada, eləcə də ölkəmizdə lap qədim zamanlara qədər dayanır. Qədim Oğuz yurdu olan Qərbi Azərbaycan ərazisində müxtəlif çeşidli abidələr olub ki, onu tarixin bəzi çağlarında heykəltəraşlarımız yaradıb. Hafta.az bu qədim sənətin günümüzdəki vəziyyəti ilə bağlı Xalq rəssamı, professor Akif Əsgərov ilə həmsöhbət oldu. Professor deyir ki, sovet dövründə heykəltəraşlıqla bağlı Bədii Şura yaradılmışdı. Elə buna görə də görülən işlər çox uğurlu olurdu:

"O vaxt mən bölmə komissiyasının sədri olmuşam. Hər həftədə bir dəfə komissiyanın üzvləri yığıncaq keçirir, həftə ərzində heç olmasa 5 heykəl hazırlanırdı. Kimlərin işi yox idisə, onlara tapşırıqlar verilirdi. O vaxt heykəltəraşlara iş verilirdi. Adam da heykəlin qoyulacağı yerə baxış keçirib layihə tərtib edirdi. Beləcə, bütün proseslər tam incəliyinədək diqqətlə təşkil olunurdu. Heykəltəraş heykəli hazır edəndə Bədii Şura ona baxış keçirib, qiymətləndirmə aparırdı. Lazım olan dəyişikliklər əlavə edilirdi. Buna görə də həmin dövrdə qoyulan abidələr çox yüksək səviyyədə idi. İndiki zamanda da Bədii Şuranın mövcudluğunu zəruri hesab edirəm".

Həmçinin mütəxəssis həmin dövr heykəltəraşlıq nümunələrini indiki ilə müqayisədə daha uğurlu hesab etdiyini vurğuladı:

"Əvvəllər bu sahə daha çox inkişaf etmişdi, buna görə də heykəltəraşların əl işləri də olduqca uğurlu idi. Həmin dövrlərdə Bakıda Fuad Əbdürrəhmanovun qoyduğu Nizami Gəncəvinin heykəli kimi sənət nümunəsi indi də varmı? Çətin ki tapıla. Bədii Şura yoxdur deyə, olacağına da inanmıram. Həmçinin bu gün heykəltəraşlara gördükləri iş müqabilində yüksək məbləğdə ödəniş edilməlidir. Heykəl üçün verilən pulla onun bütün materialları alınır. Əvvəllər isə yüksək məbləğdə ödəniş edilir, üstəlik, materiallar da verilirdi. İndi də peşəkar heykəltəraşlarmız var, buna baxmayaraq sifarişlər yoxdur. Təbii ki, hər şeyi dövlətdən gözləmək olmaz".

A.Əsgərov hazırda ölkəmizdə çoxlu sayda peşəkar heykəltəraşın olduğunu, peşəkar kadrların gələcəyi ilə bağlı narahatlığını dilə gətirdi:

"İndi bizim işdə olduqca uğurlu tələbələrimiz var. Çoxu da məzun olduqdan sonra öz rayonuna qayıdır, başqa işlərdə çalışmağa məcbur olur. Bu məni çox narahat edir. İstərdim, bütün peşəkar tələbələrim əvvəllər mövcud olmuş imtiyazlardan yararlana bilsin. Ev, emalatxana ilə təmin olunsunlar. Rəssamın təhsilini bitirdikdən sonra öz hesabına emalatxana açması çox çətin məsələdir. Tələbələrim Təbriz, Müstəqil və Leyla şəhərdə qoyulan abidələrdən heç də geri qalmayan işlər ərsəyə gətiriblər. İstəmərəm ki, belə istedadlar məhv olub getsin.

Əgər bir heykəltəraş işində məsuliyyətli və bacarıqlıdırsa, ona əziyyət çəkməyə dəyər. Onlar bizim gələcəyimizdir. Ölkəmizi xaricdə layiqincə təmsil etmək gücünə sahibdirlər. Ölkəmizdə peşəkar heykəltəraş yetişdirmək üçün akademik təhsil olduqca yüksəkdir. Tələbələr üçün yüksək səviyyəli təhsil təşkil edilir. Bəhrəsini də görürük".

Oxunma sayı 190