Gəncəyə 50, Balakənə 70 manata gedən avtovağzal taksiləri – Reportaj

12:36 02.06.2020 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Hara gedirsən, xaloğlu?

- Gəncəyə. Sizin yolunuz hansı tərəfədir?

- Qazağa gedirəm, taksi deyil, yol maşınıdır. Neçə verərsən?

- Neçəyə apararsınız?

- Hələ sən de görüm, neçəyə gücün çatır?

- 10 manata.

- Yox bir… Hamı 50-yə gedir, sən də 40 verərsən. Qurtaranı 35…

Yəqin anladınız yolumu bu dəfə haradan saldığımı. Bəli, bəli, düz tapdınız, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin önündən. Açığı, müştəri kimi getmişdim. Reportaj hazırlamaq fikrim yox idi. Amma gördüyüm və eşitdiyim qiymətlər əlimi və içimdəki yanğını dinc buraxmadı.

Deməli, bir yaxın qohumum bir həftədi ki, məcburi olaraq bizdə qonaqlamaq məcburiyyətində qalıb. Səbəbi aydındır. Karantin rejiminə görə… Həmin bu qohumum bir həftə əvvəl həkimin verdiyi möhürlü kağızla səhhətində problemlər olan ailə üzvünü xəstəxanaya gətirməli olur. İcazə kağızında üç nəfərin adı qeyd edilir. Qohumum, onun oğlu və gəlini. Oğlu onları Bakıya çatdırdıqdan sonra kağızı da götürüb gedir. Qohumum da bir müddət gəlininin yanında qalası olur. Oğlu ilə qayıda bilmir.

İndi isə Bakıdan Gəncəyə qayıtmaqda problemlər yaranıb.  Çünki icazə kağızını oğlu aparıb.  Amma özü Gəncə qeydiyyatı olduğuna görə geri dönmək üçün ciddi problem yaşamayacaq. Əsas problem isə şəhərlərarası avtobusların işləməməsinə görədir. Eşidib ki, taksilər də çox baha aparır. Məndi də avtovağzala göndərdi ki, get gör durum necədir, münasibət qiymətə taksi tapa bilirsənmi?!

… Yazı dili yüyrək olar, avtovağzalın önündə məni 45-50 yaşlarındakı bir kişi yuxarıdakı dialoqla qarşıladı. Sonra dövrəyə aldılar. Söhbət qızışdı. Bütün taksi sürücüləri adam axtarırdı. Qiymətləri eşidən isə arxasını onlara çevirib gedirdi. Hətta Yevlaxa qədər gedən bir taksi sürücüsü – gəl, 25 manat ver, Yevlaxa kimi aparım, oradan da 2 manat verib Gəncəyə gedərsən -dedi.

***

Gəncəyə gedən taksilərin qiyməti ilə maraqlandıq. Məlum oldu ki, qiymətlər 40-50 manatdan başlayır. Adi günlərdə 10 manat olan taksilər bahalılığı avtovağzalın bağlı olması ilə əlaqələndirdilər. Bildirdilər ki, bu, vəziyyətdən sui-istifadə deyil, sadəcə olaraq gediş-gəlişdə yaranan çətinliklə bağlıdır. Maksimal qiymət isə 120 manata qədər gedib çıxır. Sürücülərin xor dialoqlarından, mənimlə söhbətindən aydın şəkildə eşitdiyim cümlələri olduğu kimi təqdim edirəm:

-Gəncə qeydiyyatısansa, 40 manat…

-Qiymət öldürmə (bir başqa taksi sürücüsü 40 manat deyən həmkarının üzərinə gəlir), Gəncəyə 50 manatdır.

-O da hələ Gəncə qeydiyyatısansa…

-Gəncə qeydiyyatı olmayanlara 80-120 manat arası deyirik.

Hövsələdən çıxıram, niyə bir qiymət deyil, 80-lə 120 manat arasında 40 manatlıq fərq var – deyə soruşuram. Cavab da unikaldır:

-Qohuma tanışa 80, yad adama, təcili işi çıxana 120…

Qiymət mərhələsi bitəndən sonra üzərində sənədinin olub-olmadığını soruşurlar. Sənəd olmasa, Gəncə qeydiyyatı da olsan 80 manatdan aşağı aparmadıqlarını söyləyirlər.

***

Söz arası avtomobildə tibbi spirt, tibbi əlcəklərdən istifadə edib etmədiklərini, sürücülərin tibbi maska taxıb-taxmadığını soruşduq. Gülüşdülər. Hələ ironiya ilə dedilər ki, qazandığımızı da tibbi maskaya, spirtməki verək… Heyrət məni bürüdü. Bütün lazımi avadanlıqların qiyməti heç 10 manat eləmədiyi halda, özləri ilə yanaşı sərnişinlərin də həyatını təhlükəyə atan bu adamların maşınına çoxları çarəsizlikdən minir desək, şübhəsiz yanılmarıq.

***

Bir az özümü düşünürmüş kimi aparıb taksi sürücülərinin səs-küyündən aralanıram. Daha ucuz qiymətə aparan 6-8, 8-10 nəfərlik “Vita”lara – nisbətən iritutumlu taksilərə yaxınlaşıram. Qiyməti soruşuram. 25 manat deyirlər. Amma –gözləməli olacaqsınız, hələ iki adamım var – sözünü də bəri başdan söyləyirlər. Əlavə edirlər ki, adam yığıb yola düşmək saat yarım vaxt alır. 4-5 saata da mənzil başına çatırlar. Təbii ki, yolda saxlamamaq şərti ilə…

“Vita” sürücüləri onu da deyirlər ki, əgər əyalət qeydiyyatısınızsa, qiymət 25 manatdır. Yox, Bakı qeydiyyatısınızsa, qiymət dəyişir. 40 manata qədər yüksəlir.

***

Maraq məni bürüyür. Bir qədər də düşünürəm. Başqa istiqamətlərə gedən taksilərlə də maraqlanıram. Şəkiyə gedən taksilər 30-35 manatdan dəm vururlar. –Sənin gözou yiyaram, bunnan aşağısı “padval”dı –deyib, gülə-gülə endirimdən yayınır. Zaqatala və Balakənə isə kiçik ölçülü taksilərin qiyməti 70 manatdan başlayır. Akif adlı sürücü deyir ki, polis arxada 2 nəfər oturmasına icazə verir, ona görə də qiymətlər qalxıb: “Ara məsafəsini gözləmək tələb edirlər. Bu da o deməkdir ki, bir nəfər çıxır. Onun pulunu da digər sərnişinlərə “yükləməli” olursan. Çünki onsuz da bu yolu gedirik. Bizə də xeyir qalmalıdır ya yox?!”.

Başqa bir taksi sürücüsü isə Quba-Qusar istiqamətinə 8 manata apardığını söyləyir. Adi günlərdə 5 manata olan bu istiqamətdəki yolun qiyməti yenə də sabit deyil. 8 manata iri tutumlu mikroavtobusların qiymətidir. Avtomobillərin qiyməti isə 8-12 manat arasındadır. Sövdələşməyə görə qiymətlər dəyişir.

Qazax istiqamətinə gedən mikroavtobuslar 40-50, 3 nəfərlik “Mercedes” taksilər isə 70-80 manata aparır. Hətta bir sərnişinlə söhbətimiz zamanı indi qiymətlərin aşağı düşdüyünü vurğulayır: “Karantinin ən sərt günlərində “Qırmızı körpü”yə adamın birini 200 manata aparan taksilər vardı. Hətta yanımda bir nəfər maşını doldurub 800 manatı cibinə qoyduqdan sonra yola düzəldi. Belə insanfsızlıq olmaz axı. Hamımız azərbaycanlıyıq. İndi karantin rejimi yumşaldılıb. Ona görə də qiymətləri xeyli aşağı endirməyə məcbur olublar. İnşallah, avtobus açılan kimi yenə də burada 10 manata yalvaracaqlar”.

Sürücülərlə söhbətləşdikdən sonra buradan uzaqlaşıram. Avtovağzalın yaxınlığındakı körpünün altında bir sürücü yaxınlaşır. Soruşur ki, yol adamıdır, Gəncəyə gedir, 100 manat versəm, yolda heç kimi götürməyəcək. Nə ağzında tibbi maskası, nə maşınında tibbi spirit var… Yanındakı oğlan isə göz vurur, bir az aralaşdıqdan sonra pıçıltı ilə deyir ki, çoxdanın sürücüsüdür. Bu cür aldadaraq avtovağzal ərazisindən götürür. Yolda da bir-iki nəfər tapacaq. Mənzil başına kimi xeyli pul alacaq…

Bu sürücülərlə biz bir də qismət olsa sabah görüşəcəyik.

Oxunma sayı 2495