Günahkar axtarsaq, məişət zorakılığının öhdəsindən gələ bilmərik - Sədaqət Qəhrəmanova

12:32 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İcra hakiminin müavinləri məişət zorakılığı ilə bağlı monitorinq qruplarının rəhbərləridir. Onlar gözləməməlidirlər ki, bu gün hadisə baş verdi,  məhz onu biz araşdıraq

Bu gün ölkəmizdə ən çox müzakirə edilən məsələlər sırasında hər birimizi narahat məqamlar intiharlar, boşanmalar, uşaq və qadın hüquqları, aliment məsələsi və s.dir. Son günlərdə məişət zorakılığı ilə bağlı hadisələrin sayı da artmaqdadır. Demək olar hər gün, ərin qadını öldürülməsi, döyməsi və s. bu tipli xəbərlərlə tanış oluruq. “Həftə içi” qəzetinin budəfəki müsahibi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədrinin müavini Sədaqət Qəhrəmanovadır. Sədaqət xanımla bir çox maraqlı məsələlər ətrafında söhbətləşdik. Buyurun, siz də oxuyun...  

SUAL: Sədaqət xanım, Azərbaycanda məişət zorakılığına məruz qalan qadınlarla bağlı son vəziyyət nə yerdədir? Bu ilın son 3 ayı ərzində nə deyə bilərsiniz? İstər həyat yoldaşı, istər qayınanası tərəfindən məişət zorakılığına məruz qalan qadınlar və onların hüquqlarının müdafiəsi barədə danışardınız...

CAVAB:  İnsan hüquqlarını qorumaq üçün Azərbaycanda fəaliyyət göstərən bir sıra institutlar var. Onlardan biri də Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsidir. Biz Azərbaycanda dövlətin qadın, ailə, uşaq siyasətini həyata keçirərək, bu istiqamətdə onların hüquqlarını da qorumaq, müxtəlif sənədlərin qəbulu, proqramların icrası istiqamətində fəaliyyət göstərir. Qanun, milli fəaliyyət planı qəbul etməklə məsələ bitmir. Son vaxtlar həm intihar hadisələri, həm ailədə qayınana-gəlin, ər-arvad münasibətləri pozulur. Nə baş verir? Müstəqilliyimizin qurulması yolunda baş verən müharibə, qaçqınlıq və köçkünlük... Bütün bunlar hamısı Azərbaycanda baş verir və biz bunu görürük. İstər sosial-iqtisadi, istər siyasi proseslərdə olan çətinliklərin hamısı ailələrə təsir edir. Bunu ola bilsin görmürük... Məişət zorakılığı o demək deyil ki, kimsə kimisə döydü, öldürdü. Məişət zorakılığının ən çətin məqamı sosial-psixoloji və iqtisadi-mənəvi zorakılıqdır. Fiziki zorakılıq onun kulminasiyasıdır. Bu artıq o həddə gəlib çatmaqdır. Ona görə Dövlət Komitəsi müəyyən sənədlər qəbul edir və biz müvafiq istiqamətdə maarifləndirmə işləri aparırıq. Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsi var. Biz kimlərlə işləyirik? Hadisə harada baş verir? Rayonlarda, şəhərlərdə, kəndlərdə, ayrı-ayrı yerlərdə... Bu regionları kim idarə edir? Bütün strukturlar çalışmalıdır. Mətbuat da, QHT-lər də, dövlət qurumları da hamı əl-ələ verib, birgə çalışıb, bu problemin qarsısını almaq əzmini ortaya qoymalıdır. Kim cavabdehdir deyə, günahkar axtarsaq, bu problemin öhdəsindən gələ bilmərik. Ona görə baxın, yerlərdə, kəndlərdə baş verir bu hadisələr. Bu yerlərdə də kənd bələdiyyələri var. Kənd icra nümayəndələri, sahə müvəkkilləri var. Gəlirik, rayona, şəhərə, burada  icra hakimiyyətləri var. Ardıcıl olaraq icra hakiminin müavinləri məişət zorakılığı ilə bağlı monitorinq qruplarının rəhbərləridir. Onlar gözləməməlidirlər ki, bu gün hadisə baş verdi,  məhz onu biz araşdıraq. Belə olmamalıdır. Onlar vaxtaşırı təhlillər aparmalıdırlar. Zəif, risk qrupuna aid olan ailələri müəyyənləşdirməlidirlər. Burada narkomaniya, təhsildən yayınma, işsizlik, ailə ətrafında  hansı problemlər baş verirsə, hamısı yerli icra strukturları tərəfindən mütəmadi olaraq, təhlil edilməli, hədəf qrupları seçilməli və onlarla  iş aparılmalıdır. Təəssüflər olsun ki, biz hələ bu dərəcəyə gəlib çıxa bilməmişik. Yəni iş sistemli yox, kampaniya xarakterli gedir. Bu gün bu hadisə baş verdi, biz bu hadisə ilə məşğul oluruq. Çox vacibdir ki, həddi-büluğa çatmayanların işləri üzrə komissiyalar məktəbə gələn şagirdin əhval-ruhiyyəsi, dərsə münasibəti, geridə qalması səbəbləri ilə maraqlansın. Bunların hamısı müəllimlərin  də diqqət mərkəzində olmalıdır. Onlar maraqlanmalıdırlar ki, bu uşaq əgər yaxşı təhsil alırdısa, bu gün nə baxş verdi və nəyə görə bu, dərsindən gerilədi? Yəni cəmiyyət dövlətlə birgə çalışmalıdır, işləməlidir, bu faktları araşdırmalıdır və qarşısını almaqdan ötrü tədbirlər görməlidir.

Baxın, adi saydığımız bir məqamı deyim. Aliment, boşanma prosesləri. Necə baş verir bizdə boşanma prosesləri? Məişət zorakılıqları haradan baş verir? Bizdə boşanma prosesləri ailələrarası, nəsillərarası bir vətəndaş müharibəsinə çevrilir. Yəni normaldır, kimsə kimləsə yola getmirsə, xasiyyətləri uyğun gəlmirsə,  boşanma normaldır. Normal boşanma getsin. düşmənçiliyə çevrilməsin. Aliment kəsilirsə, ata uşağa bunu ödəməlidir. Başa düşməlidir ki, bu onun borcudur.  Əslində, nə baş verir. Ana uşağı ataya göstərmir.Ata da onun acığına aliment vermir, yəni mədəniyyət – münasibətlərdə mədəniyyət. Heç kimin haqqı yoxdur, uşağı atadan və yaxud anadan məhrum etsin. Bunu valideynlər başa düşməlidirlər. Bu gün məişət zorakılığına məruz qalmış qadına biz sığınacaq axtarırıq. Onun sığınacağı qayınanasının, xalasının, bibisinin, o nəslin-kökün böyüyünün yanındadır. Bu bizim milli dəyərlərimizdir. Bizim insanlar bunu başa düşməlidirlər. Belə çıxır ki, qadın boşananda hər kəs ona qarşı gəlir. Hesab edirlər ki, o, boşanmamalı və zorakılığa dözməli idi. Ona görə problemin həllində dərinliklər və incəliklər var ki, bu istiqamətdə biz işləməliyik.

SUAL: Bu problemin həlli istiqamətində aidiyyəti qurumlar tərəfindən hansısa işlər görülürmü?

CAVAB:  Ötən il Cənab Prezident məişət zorakılığının qarşısının alınması ilə bağlı milli fəaliyyət planını imzaladı və bu gün biz artıq onun üzərində işləyirik. Bu istiqamətdə iki işçi qrupu yaranıb. Milli fəaliyyət planını həyata keçirmək üçün hüquqi bazanın mükəmməlləşməsi ilə bağlı qanunvericiliyə yeni dəyişikliklər edilməlidir. Bu istiqamətdə hüquqşünaslarımız işləyir. İkincisi isə yerlərdə bu sistemin hərəkətə gəlməsi üçün müəyyən tədbirlər həyata keçirilməlidir. Bununla yanaşı, bu il Ailə Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi Litva ilə birgə tvininq  layihəsi həyata keçirir.  Məqsəd  məişət zorakılığının qarşısının alınması ilə bağlı onların təcrübəsini öyrənmək, Azərbaycanda tətbiq imkanlarını araşdırmaqdır. Tvininq layihəsi çərçivəsində bu problemin qarşısının alınmasında hansı boşluqlar var, hansı işlər görülməlidir, araşdırılır və müvafiq tədbirlər həyata keçirilir. Biz hazırda məişət zorakılığı ilə bağlı xüsusi trenerlərin hazırlanmasını həyata keçiririk. Tutaq ki, məhkəmə sistemində ayrı, daxili işlər orqanlarında ayrı trenerlərin hazırlanması. İcra hakimiyyətləri,  monitorinq qruplarının rəhbərləri ilə ayrı treninqlər keçiririk. Bunlar öz vəzifələrini necə yerinə yetirməlidir və məişət zorakılığının qarşısını almaqdan ötrü onların hüquq və vəzifələri nədən ibarətdir? Bunlar necə işləməlidirlər?  Bu istiqamətdə seminarlar aparılacaq. Hər bir qrupda trenerlər hazırlanacaq.

Bələdiyyələr ərazilərində olan insanların ailələrində nə baş verdiyini bilməlidir. Bələdiyyələr onların yanında olmalıdır

Vacib bir məqamı da qeyd etmək istəyirəm - yerlərdə bələdiyyələrin fəaliyyəti. Bu gün bələdiyyələr yol, su çəkməklə məşğul olmalı deyillər. Məsələni belə qoyuruq: sizə bələdiyyəyə seçilməyiniz üçün  səs verən insanlar və onların ailə üzvləri var. Bələdiyyələr ərazilərində olan insanların ailələrində nə baş verdiyini bilməlidir. Bələdiyyələr onların yanında olmalıdır.  Belə düşündük ki, bələdiyyələrdə də gender komissiyaları yaransın. Bu komissiyalar məhz bu problemlərlə məşğul olsun. İstər qadın, istərsə də uşaq hüquqlarının qorunması istiqamətində və dövlətimizin qəbul etdiyi qanun, sərəncamlar, milli fəaliyyət planları, dövlət proqramlarıın həyata keçirlməsi istiqamətində onlar da yerlərdə, kəndlərdə müəyyən tədbirlər görsünlər və müəyyən təkliflər versinlər. Yəni hər kəs öz məkanında bilir ki, problemin həllində hansı düyünlər var və bu tədbir həyata keçirilsə daha yaxşı ola bilər. Ona görə də başda cənab Prezidentimiz olmaqla, bütün dövlət qurumları bu istiqamətdə tədbirlər həyata keçirirlər. Bu elə də çətin problem deyil. Sadəcə, bunu istəmək lazımdır. İnsanların bir-birinə olan mədəni davranışı, məişət zorakılığının qarşısını almaq mədəniyyətdir.

Əhalinin artımını istəyənlər gərək 2 uşaq da əlavə versin; artım budur. Ona görə də hər bir ailə üçün 4 uşaq mütləqdir

SUAL: Belə bir təklif vardı ki, çoxuşaqlı ailələr anlayışında dəyişiklik edilsin. Yəni çoxuşaqlı ailədə uşaqların sayı 5 yox, 3 götürülsün. Ümumiyyətlə, çoxuşaqlı ailələr məsələsinə komitənin mövqeyini bilmək istərdik...

CAVAB:  Hesab edirəm ki, 3 uşaq  çox uşaq deyil. Hər bir ailənin mütləq şəkildə 2 uşağı olmalıdır. Bu o deməkdir ki, hər bir valideyn öz əvəzini cəmiyyətə verir. Əhalinin artımını istəyənlər gərək 2 uşaq da əlavə versin; artım budur. Ona görə də hər bir ailə üçün 4 uşaq mütləqdir. Bunu hər bir azərbaycanlı ailəsi bilməlidir. Çoxuşaqlılıq Azərbaycan xalqının milli xüsusiyyətidir. Ona görə mən istəmirəm bundan geri çəkilsinlər. Çoxuşaqlılıq biz necə istəmişiksə, elə də qalsın - 4 uşaq bir norma olsun. Bu mənim düşüncəm, fikrimdir. Özümün də 4 uşağım var. Prinsipim elə gənclikdən belədir ki, hər bir ailədə 4 uşaq dünyaya gəlməlidir. Bacı olmalıdır, qardaş olmalıdır. Bu, hər bir uşağın arzusudur. Ona görə arzu edərdim ki, hər bir ailə quran cütlüklər məhz bu arzu ilə yaşasınlar. Xalqımıza, Vətənimizə yeni övladlar versinlər və çoxuşaqlı ailələrimiz daha çox olsun. Qaldı onların sosial müdafiəsinə, bu insanların arxasında dövlət durub və düşünürəm ki, belə ailələrin sosial müdafiəsini də təmin edəcək.

SUAL: Bu gün aliment məsələsi boşanmış qadınların yaralı yeridir. Bununla bağlı hansı tədbirlər görülür? Qanunvericilikdə hansısa dəyişikliklər nəzərdə tutulurmu? Ümumiyyətlə, Aliment Fondunun yaradılması da gündəmdədir...

Cavab:  Yeni sosial inkişaf proqramının həyata keçirilməsi ilə bağlı bütün dövlət qurumları kimi, biz də öz təklifimizi verdik. Bu təkliflərdən biri də aliment məsələsidir. Aliment məsələsini həll etməkdən ötrü dövlət xüsusi qərar qəbul etsə, uşaqları məsuliyyətsiz ataların ümidinə qoymayaraq, aliment fondu yaransa, alimenti dövlət ödəyib, daha sonra onu atadan alarsa, uşağın haqqını-hüququnu qorumaq nöqteyi-nəzərdən belə bir qərar yaxşı olar. Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, artıq belə bir təklif hazırlayıb və bu təklifimizə onlar dəstək verib. Yəqin ki, bu məsələ öz həllini tapar.

Sual: Cəmiyyəti narahat edən daha bir məsələ də intihar faktlarıdır. Bu kimi faktlar sürətli şəkildə artmaqdadır. Komitə bununla bağlı hansı addımları atır? Səbəblər araşdırılırmı və nələrdir?

Cavab: Hesab edirəm ki, böyük bir təhlilə ehtiyac var. Son dövrlər bu kimi faktların olması reallıqdır. Bəzi valideynlər deyir ki, övladlarımızı intihara telefonlar sürükləyir. Telefonda hansısa proqramlar var və gənclərin beyninə, şüuruna təsir edir, onları intihara sövq edirlər; yəni bu, deyilənlərdir. Bu, birinci tərəfi. İkinci tərəfi isə bəzi ailələrdə dediyimiz mənəvi-psixoloji zorakılıq hallarının mövcud olması, uşaqlara müəyyən qadağaların qoyulması, hətta bəzən qəti qadağaların tətbiqi, onlara sərbəstliyin verilməməsi bu uşaqları doğrudan da psixoloji nöqteyi-nəzərdən çox çətin vəziyyətə salır. Psixoloji zəif insanlar bu addımı ata bilir. Çox arzu edərdim ki,bu intihar hadisələri, faktları ilə bağlı mətbuatda məlumat verilməsin. Bu, hadisənin təbliğidir. Belə bir halda olan insanın ondan bəhrələnərək, bu addımı atmasına şərait yaranır. Bu məlumatların verilməsi nə əhəmiyyət kəsb edir? Ona görə bu olmasa daha yaxıdır. Bununla yanaşı, maarifləndirmə işləri aparılmalıdır, milli-mənəvi dəyərlərimiz təbliğ olunmalıdır. Bu istiqamətdə ailələrdə çox ciddi iş aparılmalıdır.

Vaxtilə Rusiyaya çorək dalınca işləmək üçün gedən gəncləri evləndirməkdən ötrü anaları onları bu cür nikaha sövq edirdi. Gəncyaşlı qızlarla onları qeyri-rəsmi nikahda evləndirirdilər

SUAL: Erkən nikah problemi... Bu gün Azərbaycanda erkən nikahlarla bağlı vəziyyət nə yerdədir? Ən çox bu tendensiya hansı bölgələrdə müşahidə edilir?

CAVAB: Bu gün deməzdim ki, erkən nikah halı çox böyük vüsət alıb. Bu sahədə vaxtilə cənub bölgəsinin adı hallanırdı. Sonra biz komitə olaraq, təhlillər apardıq və gördük ki, aran zonasında belə hadisələr daha çoxdur. Sabirabad, Saatlı zonasında belə hallar çox oldu. Bu nədən baş verirdi? Vaxtilə Rusiyaya çorək dalınca işləmək üçün gedən gəncləri evləndirməkdən ötrü anaları onları bu cür nikaha sövq edirdi. Gəncyaşlı qızlarla onları qeyri-rəsmi nikahda evləndirirdilər. Bu gün dövlətçilik siyasəti və hər bir qurumun apardığı siyasət nəticəsində nə baş verir? Hansısa bir kənddə belə hal olursa, ya sinif yoldaşı, ya qonşusu, ya rəfiqəsi, yəni bir  çox rayonlardan komitəyə zənglər olur. İcra Hakimiyyətinin özünə zənglər olur ki, belə hal var və bunun qarşısının alınmasında bizə kömək edin. Bu da o deməkdir ki, əgər əvvəllər hər kəs gedib qol qaldırıb, 15 yaşında qızın toyunda rəqs edirdisə, indi bununla bağlı zənglər gəlir.

SUAL: Pandemiya dövründə nikaha daxil olanların sayında azalma müşahidə edilir. Bu da təbii ki, ailə institutuna müəyyən qədər təsir göstərir. Nikaha daxil olanların sayının azalması ilə bağlı dövlətə hansısa təkliflər verilibmi?

CAVAB: Bu, müvəqqəti bir prosesdir. Yəqin ki, pandemiya bitən kimi toyların sayı artacaq. Nikahların azalması keçici bir müddətdə baş verir və bu gün əgər nikahlar varsa, bu özü də böyük məsələdir. Bu da o deməkdir ki, belə şəraitdə hələ də nikaha gedənlər var. Böyük, təmtəraqlı toylardan çəkinib, balaca məclis edib, öz izdivaclarını həyata keçirirlər və ailələrini qururlar. Bəlkə də bu, ona görə belə alındı ki, insanlar böyük, təmtəraqlı toylardan uzaqlaşsınlar. Övladlarını evləndirməkdən ötrü ən əziz, ən yaxın adamlarının əhatəsində onlara xoşbəxtlik arzu etsinlər. Vacib olanı gəınclərimizin xoşbəxtliyidir və bu hal keçicidir. Pandemiya dövründə olan bu problem müvəqqətidir.

Tünzalə İsmayılova

Oxunma sayı 420