Gürcüstandan deportasiya olunan əcnəbilərin sayı açıqlandı

09:35 19.05.2025 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti və nazirliyin digər əlaqədar qurumlarının koordinasiyası ilə həyata keçirilmiş kompleks tədbirlərin nəticəsində, son günlər ərzində ölkədən 33 əcnəbi vətəndaşın çıxarılması təmin olunub.

Hafta.az-ın yazdığına görə bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Nazirliyin məlumatına görə, bu şəxslərin bir qismi ölkəni könüllü şəkildə tərk edib, digərləri isə məcburi qaydada deportasiya olunub. Qanunvericiliyə uyğun olaraq, həmin şəxslərə Gürcüstana daxilolma qadağası tətbiq edilib.

Çıxarılmış əcnəbilər Hindistan, Misir, İordaniya, Türkiyə, Pakistan, Çin, İran, Banqladeş, İraq, Rusiya, Azərbaycan və Türkmənistan vətəndaşlarıdır.

Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, Miqrasiya Departamenti ölkə daxilində qanunsuz miqrasiya ilə mübarizə aparan əsas qurumdur və onun səlahiyyətlərinə hüquqi əsas olmadan Gürcüstanda olan əcnəbilərin müəyyən edilməsi və onların ölkədən çıxarılması daxildir.