Ölkədə ibtidai sinif müəllimlərinin sayı azalır

15:15 07.10.2011
Yazını böyüt
Yazını kiçilt

“Aşağı sinif müəllimlərinin aylıq gəliri kifayət qədər yüksək deyil“

SOSIUM
Azərbaycanda ibtidai sinif müəllimlərinin kəskin qıtlığı müşahidə olunur. Bu barədə YUNESKO tərəfindən açıqlanmış “İbtidai sinif müəllimlərinə qlobal tələbat“ (The global demand for primary teachers) adlı hesabatda deyilir.

YUNESKO-nun Statistika İnstitutu tərəfindən Beynəlxalq Müəllimlər Günü ərəfəsində tərtib edilmiş müvafiq cədvələ əsasən, beynəlxalq ibtidai təhsil üzrə BMT-nin məqsədlərinə cavab vermək üçün hər il Azərbaycanda 3%-dən 20%-ə qədər müəllim kadrlarının artırılması tələb olunsa da, bu hədəfə nail olunmur. Sənədə görə, hazırda Azərbaycanda təqribən 44 min ibtidai sinif müəllimi var. Amma UNESCO hesab edir ki, bu rəqəmin 2015-ci ilə kimi 54 minə kimi çatdırmağa ehtiyac var. Açıqlanmış sənəddə, həmçinin Azərbaycanda ibtidai sinif müəllimlərinin ən azı 81%-ni xanımların təşkil etdiyi qeyd olunub. Hesabata görə, ümumilikdə dünya boyunca 2 milyon ibtidai sinif müəllimi qıtlığı hiss olunur və ən ağır vəziyyət bəzi Afrika ölkələrində müşahidə edilir. İbtidai sinif müəllimi qıtlığı ilə həm də ABŞ, İspaniya, İrlandiya və digər inkişaf etmiş ölkələr üzləşir. Bəs Azərbaycanda bu peşəyə olan marağın azalmasına səbəb nədir? Problemdən çıxış yolları kimi ekpertlər nələr təklif edirlər? Milli Məclisin elm və təhsil komissiyasının sabiq sədri Şahlar Əsgərov ildən-ilə dəyişən statistikada belə halların baş verməsinin normal olduğunu bildirdi: “YUNESKO-nun hesabatına təbii ki, heç bir şübhə ola bilməz. Həqiqətən də təəssüf ki, bu belədir. Ölkədə ibtidai sinif müəllimliyinə maraq həddən artıq azalıb. Çünki biz müəllim resursundan düzgün istifadə edilmir. Bütün ölkələrdə müəllimlərin sayı şagird və tələbələrin sayına əsasən müəyyənləşdirilir. Hazırda Azərbaycanda orta hesabla 10 şagirdə bir müəllimə düşür. Ancaq əslində hər müəlliməyə 20-dən çox şagird düşməlidir“. Ş. Əsgərovun sözlərinə görə, ibtidai sinif müəllimliyinə marağın azalmasının obyektiv və subyektiv səbəbləri var: “Bu gün ibtidai sinif müəllimlərinin aylıq gəlirinin kifayət qədər yüksək olduğunu deyə bilmərik. Aylıq nəvacib müəllimin dolanışığına kifayət etməyən də isə təbii ki, bu sahəyə maraq azalır. Dünya praktikasına nəzər salsaq görərik ki, xarici ölkələrdə ibtidai sinif müəlliməsi digər müəllimlərə nisbətən daha çox əməkhaqqı alır. Ancaq bizdə elə deyil. Əgər aşağı sinif müəllimlərinin maaşı qaldırılsa, cəmiyyətdə statusu kifayət qədər qalxsa, onlara xüsusi diqqət ayrılsa inanıram ki, bu sahə üzrə işləmək istəyənlərin də sayı artacaq“. Fikirlərini öyrənmək üçün Təhsil və Tədrisə Yardım Mərkəzinin proqram kordinatoru Elmina Kazımzadə ilə də əlaqə saxladıq. O, ibtidai sinif müəllimlərinin azalmasının bir neçə amildən asılı olduğunu dedi: “Müəllimlərin sayı həmin il məktəbə gedəcək sağirdlərin sayına əsasən müəyyənləşdirilir. Bu uzunmüddətli prosesdir. Bunun üçün xüsusi demoqrafik hesablamalar aparılmalıdır. Yəni bu il nə qədər uşaq doğulubsa, həmin uşaqlar məktəb yaşına çatana qədər lazım olacaq müəllimlərin sayı da müəyyənləşdirilməlidir. Ancaq bundan sonra hər hansısa ildə nə qədər ibtidai sinif müəlliməsinə ehtiyac olacağını bilmək olar. Əgər statistika əlimizdə yoxdursa, biz heç cür müəyyən edə bilmərik ki, müəllimlərin sayının azalması yaxşıdır, ya pis. Çünki müəllim çox olduğu təqdirdə şagird az olarsa, bu da bir çox müəllimin işsiz qalmasına səbəb ola bilər. Onu da qeyd edim ki, xarici ölkələrlə müqayisədə bizim ölkədə şagird - müəllim nisbəti çox aşağıdır. Bir sinifdə uşaq nə qədər az olsa, müəllim uşaqlarla bir o qədər çox ünsiyyətdə olacaq. Siniflərin və şagirdlərin sayı artacağı təqdirdə müəllim sayı az olarsa bu narahatlıq doğura bilərdi. Ancaq indi narahat olmağa dəyməz“. Bu sahəyə marağın azalmasının səbəblərinə gəldikdə isə Elmina xanım bunu ibtidai sinif müəllimlərinin nüfuzunun aşağı olmasında görür: “Düzdü, bu sahəyə böyük hörmət var, həm bu ixtisas üzrə oxumaq iştəyən tələbələr də kifayət qədərdir. Ancaq ingilis dili və ya informatika müəlliminin nüfuzu ibtidai sinif müəlliminin nüfuzundan daha yüksəkdir“.
Nigar İxtiyarqızı