“Hakimiyyətlə dialoqa gedən siyasi qüvvəni ləkələməyə çalışırlar” – Partiya sədri    

14:23 17.09.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün radikal düşərgədə bütün həyatı çirkab içində olan adamların bizi satqın adlandırmağa mənəvi haqları yoxdur

Prezident Admnistrasiyasının şöbə müdiri Ədalət Vəliyevin mütamadi olaraq siyasi partiyalarla keçirdiyi görüşlər iqtidar-müxalifət dialoquna doğru atılan addım kimi dəyərləndirilməklə yanaşı, birmənalı qarşılanmır. Bəzi müxalifət partiyaları belə görüşləri əhəmiyyətsiz hesab edir və iqtidarla danışıqlarda iştirak edənləri xəyanətdə ittiham edirlər.

PA rəsmisinin partiyalarla keçirdiyi görüşlər hansı nəticəsini verməkdədir?

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu və digər məsələlərlə bağlı “Həftə İçi”nə açıqlamasında vurğulayıb ki, Ədalət Vəliyevin partiya sədrləri ilə ayrı-ayrılıqda görüşü dövlətin siyasi partiyalara verdiyi önəmin daha bir göstəricisi sayıla bilər:

“Bu, eyni zamanda ölkədə siyasi mühitin saflaşdırılması, münasibətlərin normallaşdırılması deməkdir. Bu görüşləri hakimiyyət-müxalifət arasında dialoqun ilk addımı hesab etmək olar. Bu gün həmin dialoqun baş tutması olduqca əhəmiyyətli və vacibdir. Düzdür, bu dialoqu istəməyən qüvvələr də mövcuddur. Amma əgər biz Azərbaycanda siyasi münasibətlərin sağlamlaşmasını, iqtidarla müxalifət arasında münasibətlərin saflaşmasını istəyiriksə, hakimiyyətlə dialoqa getməliyik. Bu dialoq təkcə tərəflərin yox, bütövlükdə cəmiyyətimizin xeyrinədir”.

F.Əliyevin sözlərinə görə, hakimiyyət-müxalifət dialoquna aparan ilkin addımların atılması onu deməyə əsas verir ki, dövlət başçısının təşəbbüsü və iradəsi ilə Azərbaycanda siyasi islahatların yeni mərhələsi başlayıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır:

“Bu konfiqurasiyanı, hakimiyyət-müxalifət münasibətlərinin yeni müstəviyə keçməsi üçün yaradılan fürsət və şəraiti qoruyub saxlamalıyıq. Müxalifətin istəyi siyasi münasibətlər sisteminin yenilənməsi və daha sivil, demokratik münasibətlərin qurulmasıdır. Bu istək hakimiyyət rəhbərliyi tərəfindən dialoq vasitəsilə həyata keçirilirsə, bunun nəyi pisdir. Niyə buna mane olmalıyıq?”

ALDP sədri bildirib ki, hər zaman ölkədə keçirilən bütün seçkilərdə seçkilərin demokratik və şəffaf keçirilməsində hökumətə, müxalifətə dəstək təklifi ilə çıxış ediblər.

“Dialoqda səsləndirdiyimiz təkliflərə, həmişə cəmiyyətimizi, ictimaiyyəti narahat edən problemləri, məsələləri qaldırmışıq. Konkret olaraq Seçki Məcəlləsində bir sıra dəyişikliklərin edilməsinin vacibliyi, proporsional seçki sisteminin tətbiq edilməsini, parlamentli respublika formasına keçid, seçkilərə qatılan, lakin parlamentə düşməyən siyasi partiyaların dövlət tətəfindən maliyyələşməsi, partiyaların qeydiyyat prosedurunun yumşaldılması, Bakı merinin seçki yolu ilə seçilməsi, Dağlıq Qarabağ münaqişəsinin həllində siyasi partiyaların fəaliyyətinin intensivləşdirilməsi, bu istiqamətdə hakimiyyətlə birgə addımlamağı ... və digər önəmli sosial, iqtisadi təkliflər səsləndirmişik. Düşünürəm zamanla hakimiyyət siyasi partiyaların təkliflərini nəzərə alır”.

 

Sivil müxalifətçiliyi davam etdirməyi bacarmalıyıq

 

ALDP sədri hakimiyyətin dialoq başlayandan bu günə atdığı addımlara toxunub və ilk addımları müsbət qiymətləndirib:

“Hakimiyyət hələ müxalifətlə münasibət qurur, tənzimləyir. Bu prosesdə partiyaların qeydiyyat məsələsini qeyd etmək olar. Bu gün müxtəlif məsələ və problemlərə müxtəlif yanaşmalar ola bilər, bu təbiidir. Amma sivil müxalifətçiliyi davam etdirməyi bacarmalıyıq.

“Amma AXCP və Müsavat dialoqdan imtina etməməliydilər. Əgər onları hansısa problem və məsələ narahat edirsə, gəlib fikir və təkliflərini dialoq vasitəsilə səsləndirə bilərlər. Təəssüf edirəm ki, Prezident Administrasiyasının şöbə müdirinin müxalifət partiya rəhbərləri ilə görüşündən sonra radikal müxalifət düşərgəsində narahatlıq baş qaldırdı. Milli Şura adlanan qurum rəsmiləri hətta bizi satqınlıqda ittiham etdilər. Bilirsiniz, o adam sağlam fikir söyləyə bilər ki, cəmiyyətdə nüfuz sahibi olsun, siyasi fəaliyyəti, keçmişi ləkəli olmasın. Bu gün radikal düşərgədə bütün həyatı çirkab içində olan adamların bizi satqın adlandırmağa mənəvi haqları yoxdur.Hakimiyyətlə dialoqa getmək satqınlıq deməkdirmi? Biz onlar kimi xarici qüvvələrə satılmamışıq, öz dövlətimizə, Azərbaycanın inkişafına, demokratikləşməsinə xidmət etmək üçün fikirlərimizi, təkliflərimizi hakimiyyətə çatdırmaq üçün dialoqa gedirik.  Bunu dərk etmək istəməyənlər, hakimiyyətlə dialoqa gedən siyasi qüvvəyə çamur atmağa çalışır. Milli maraqlar deyil, şəxsi maraqları düşünənlər belə fikir söyləyə bilərlər”.

Hakimiyyət-müxalifət dialoqu onu göstərir ki, ölkə rəhbərliyi də bu məsələdə maraqlı tərəfdir. Bütün bunları nəzərə alaraq  ALDP sədri Ədalət Vəliyevin siyasi partiya rəhbərləri ilə görüşündən müsbət nəticələr gözlədiyini deyib.

 

T.Qafarlı

 

Oxunma sayı 647
Siyasət rubrikasından digər xəbərlər