Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır

17:27 17.07.2019 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 17-də Ədliyyə Nazirliyində Probasiya Xidməti tərəfindən cari ilin birinci yarımilində azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası üzrə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş müşavirə keçirilib.

Tədbiri giriş sözü ilə açan Ədliyyə nazirinin müavini Vilayət Zahirov ölkə Prezidenti İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması, cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqinin genişləndirilməsi ilə bağlı tapşırıqlarına uyğun olaraq həyata keçirilən tədbirlər barədə məlumat verib, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03 aprel 2019-cu il tarixli Fərmanına əsasən humanistləşdirmə tədbirlərinin davam etdirildiyini, o cümlədən cinayətlərin dekriminallaşdırılması ilə bağlı qanunvericiliyə dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

Bildirib ki, bununla bağlı Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar qabaqcıl beynəlxalq təcrübə öyrənilib, bir çox əməllərin dekriminallaşdırılması, o cümlədən alternativ cəzalardan daha geniş istifadə olunması və yeni mütərəqqi hüquq institutlarının tətbiqi məsələləri ilə bağlı qanun layihələri hazırlanıb və dövlət başçısına təqdim olunub.

Müşavirədə Probasiya Xidmətinin rəisi - baş probasiya məmuru Akşin Ziyadov hesabat məruzəsi ilə çıxış edib.

Diqqətə çatdırılıb ki, yerli probasiya qurumlarının qeydiyyatında olan məhkumlardan 4.700-dən çox şəxs cari ildə cəza müddətinin başa çatması və qanunla müəyyən edilmiş digər əsaslarla qeydiyyatdan çıxarılıb, cəzanın icrasından boyun qaçıran 384 məhkumun cəzası məhkəmələr tərəfindən digər cəza növü, o cümlədən 48 nəfərin cəzası azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilib.

Həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasında elektron nəzarət vasitələrinin tətbiqi genişlənərək bu ilin birinci yarımilində həmin cəzalara, o cümlədən azadlığın məhdudlaşdırılması cəza növünə məhkum olunmuş 1.100-ə yaxın şəxsə elektron qolbaq tətbiq edilib, cəza müddəti bitən və digər qanuni əsaslara görə 300-dək məhkumdan isə qolbaqlar çıxarılıb. Hazırda 1400-dən artıq məhkum elektron qolbaq daşıyır.

Ölkə başçısının tapşırığına uyğun olaraq ictimai işlər növündə cəzanın icrasına effektiv nəzarətin həyata keçirilməsi ilə bağlı tədbirlər davam etdirilib, bu sahədə işin daha səmərəli təşkili məqsədilə yeni qanun layihələri hazırlanıb, ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrası işində innovativ texnologiyaların tətbiqi imkanları öyrənilib, bu məqsədlə ictimai işlərin yerinə yetirilməsi vəziyyətinin izlənilməsinə və cəza çəkməkdən yayınma hallarının dərhal aşkar olunmasına xidmət edən xüsusi monitorinq qurğusu hazırlanıb.

Bildirilib ki, birinci yarımildə məhkəmənin qərarlarına əsasən 966 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 431-i ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb. Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 12 faiz artaraq 1,2 milyon manatdan çox olub.

İclasda görülmüş işlərlə yanaşı, nöqsan və çatışmazlıqlar qeyd edilib, mövcud problemlərlə bağlı Probasiya Xidmətinin məsul işçiləri dinlənilib, nöqsanların səbəb və şəraitinin aradan qaldırılması yolları ətraflı təhlil edilib.

Müşavirəyə yekun vuran nazir müavini azadlıqdan məhrumetməyə alternativ cəzaların vaxtında və dürüst icrasının təmin olunması, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, probasiya üzrə icra məmurlarının peşəkarlığının artırılması, vətəndaş məmnunluğunun yüksəldilməsi ilə bağlı konkret tapşırıqlar verib, etik davranış qaydalarına dönmədən əməl olunmasının vacibliyini, korrupsiyaya şərait yaradan halların yolverilməzliyini vurğulayıb.