“Heç kim axtardığı cənnəti Avropada tapa bilməyəcək” – Mustafa Həyati

09:26 25.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Əlcəzair polisi verdiyi açıqlamada ölkənin qərbindəki Ayn Temuçent bölgəsində immiqrant qaçaqmalçılığı ilə məşğul olan iki mütəşəkkil cinayət qrupunu məhv etdiklərini bildirib.

Hafta.az-ın Londonda yerləşən Ərəb Dünyası Xəbər Agentliyinə (WAP) istinadən yazdığına görə, Əlcəzair təhlükəsizlik qüvvələri 17 nəfəri saxlayıb, gizli əməliyyatlarda istifadə edilən iki qayıq, alət və qurğuları müsadirə edib.

Əlcəzair Milli Tədqiqat və İnkişaf Qurumunun prezidenti Mustafa Həyati WAP-a verdiyi açıqlamada bunları söyləyib: “Miqrant qaçaqmalçılığına qarşı təhlükəsizlik yanaşması istənilən nəticəni vermədi. Ona görə də hakimiyyət gəncləri öz ölkələrində gələcəyi qurmağa təşviq edib. Hakimiyyəət onları şəraitin yetişdiyinə inandırmalıdır. Onlar qaçaqmalçılığın qarşısının alınmasını nəzərə alan fərqli yanaşma tətbiq etməlidirlər. Hakimiyyət gəncləri inandırmalıdır ki, heç kim axtardığı cənnəti Avropada tapa bilməyəcək”.

Həyatinin sözlərinə görə, Əlcəzair sahillərindən Avropaya gələn qeyri-qanuni mühacirlərin sayı ilə bağlı dəqiq statistika yoxdur. O, Əlcəzairdəki Sosial Elmlər Tədqiqat Mərkəzinin hər il 2000-3000 qeyri-qanuni immiqrasiya hadisəsi qeydə alındığını söyləyib.

Əlcəzair jandarmı bildirib ki, sahil mühafizəsi ilə koordinasiya əsasında ölkənin qərbində qeyri-qanuni mühacirlərin qaçaqmalçılığı ilə məşğul olan beynəlxalq şəbəkəni aradan qaldırmağa nail olub. Təhlükəsizlik mənbələrinə görə, insan alveri şəbəkələri bir adamı Avropa sahillərinə çatdırmaq üçün 600 mindən 1 milyon Əlcəzair dinarına (5-7 min dollar) qədər məbləğ tələb edir.

Son bir neçə ayda ölkələrindəki ağır iqtisadi şəraitdən, vətəndaş qarşıdurmalarından və iqlim dəyişikliyindən xilas olmaq üçün Avropaya çatmaq istəyən afrikalı mühacirlərin Aralıq dənizinin Şimali Afrika ölkələrinin sahillərinə axınında artım müşahidə olunur.

Oxunma sayı 261